”Medianı mətbuat xidmətlərinin ütülü bilgilərinə bağlamaq yolverilməzdir”

Deputatlar jurnalistlərin ordu barədə yazmasına məhdudiyyət istəyir

Source:


Deputatlar jurnalistlərin ordu barədə yazmasına məhdudiyyət istəyir

Milli Məclis dekabrın 15-də keçirdiyi iclasda “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsini qəbul

edib.

Layihənin müzakirəsi zamanı deputatlardan bəziləri medianın, jurnalistlərin Silahlı Qüvvələr haqqında məlumatlar yazmasına məhdudiyyətlər qoyulmasını təklif edib.

Birinci vitse-spiker, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov jurnalistlərə müraciət edib:

“Hörmətli jurnalistlər? Nə var, onu yazın!”, – deyib.

Vitse-spiker bildirib ki, mətbuatın ordudan yazmasına Müdafiə Nazirliyinin mətbuat xidməti vasitəsi ilə lazımı şərait yaradılır və bundan artığını etmək düzgün deyil.

O, ABŞ-ın İraqdakı əməliyyatları zamanı yaranmış vəziyyəti nümunə gətirib:

“ABŞ-ın İraqda müharibə zamanı etdiyi kimi, biz də deyək ki, ümumiyyətlə, ordudan yazmaq lazım deyil? Belə edək istəyirsiniz? İndi ABŞ kimi “gedin, işinizlə məşğul olun, biz müharibə aparırıq – deyək?”

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov isə düşünür ki, ordu işinin öhdəsindən gələ bilmək üçün cəmiyyətə qapalı olmalıdır.

Hərbi ekspert Üzeyir Cəfərov Meydan TV-yə Azərbaycanın müharibə şəraitində olduğunu xatırladıb. Buna görə o, Milli Məclisdə səslənən fikirləri anlayışla qəbul etdiyini deyib:

“Bəzən jurnalist dostlarımız təsdiqlənməmiş məlumatları media və sosial şəbəkələrdə dövriyyəyə buraxırlar. Bu, müəyyən narazılıqlara səbəb olur. Son vaxtlar Tərtər və Şəmkir istiqamətindəki hərbi hissələrdə çox olmuşam. Əvvəlki durumdan qat-qat yaxşıdır. Hər şeyin ideal olduğunu iddia etmirəm, amma çox işlər görülür və davamı da gəlir”.

Üzeyr Cəfərov

Ü. Cəfərov deyir ki, bəzi həssas məqamlarla bağlı məlumatı Müdafiə Nazirliyi yaysa, yaxşı olar:

“Mən qadağanın tərəfdarı deyiləm və qadağadan da söhbət getmir. Azərbaycan Şimali Koreya deyil ki, ordu mövzusuna toxunulmasın. Məsələn, dekabrın 15-də dəfn olunan şəhid Füzuli Salayev barəsində 2 gündür düzgün olmayan məlumat yayırdılar. Onu əsgər kimi təqdim edirdilər. Müdafiə Nazirliyinin məlumatı yayılandan sonra onun 19 ildir orduda xidmət etmiş gizir olduğu bilindi. Əgər Müdafiə Nazirliyi açıqlama versəydi, yaxud ona istinad olunsaydı, hansısa anlaşılmazlıq yaranmazdı”.

Media sahəsi üzrə hüquqçu Xalid Ağaliyev isə hesab edir ki, medianı, jurnalistləri mətbuat xidmətlərinin ümidinə qoymaq yolverilməzdir.

“Siz nə vaxtsa Azərbaycanda mətbuat xidmətinin “bizim qurumda büdcədən ayrılan filan qədər vəsait mənimsənilib” – deyə, açıqlama yaydığının şahidi olmusunuzmu? Müdafiə Nazirliyi, Silahlı Qüvvələrlə bağlı neqativ bilgilər də adətən başqa ölkə medialarında, sosial mediada açıqlanandan sonra nazirlik tərəfindən təkzib və ya təsdiq olunur. Medianı mətbuat xidmətlərinin ütülü bilgilərinə bağlamaq yolverilməzdir. Bu, ifadə azadlığı hüququna ziddir”.

Xalid Ağaliyev

X.Ağaliyev bildirib ki, onsuz da 7-8 il əvvəllə müqayisədə Azərbaycanda informasiya əldə olunması mühitinin durumu olduqca sərtləşdirilib:

“Media, jurnalistlər onsuz da effektiv bilgi paylaşımı işini qura bilməyən, 2-3 nəfərdən ibarət mətbuat xidmətlərinin ümidinə qalıblar. Belə bir durumda informasiyalara çatımla bağlı sərt qaydaların tətbiqinin təklif olunması anlaşılmazdır. Belə təkliflər, ifadə, informasiya azadlığı hüququnun qeyri-legitim məhdudlaşdırılması deməkdir. İnformasiya azalığına hansı hallarda, əsaslarla müdaxilə etmək olar, bu, Avropa Konvensiyasının 10-cu maddəsində sadalanıb, dəqiq çərçivə cızılıb. Qeyd olunan təkliflər bu çərçivələri aşmaq deməkdir”.

O bildirir ki, Müdafiə Nazirliyində doğrudan da həssas, qorunması vacib olan xeyli bilgilər var. Ancaq Azərbaycanda həmin bilgilərin toxunulmazlığını təmin edən qanunlar da yetərincə sərtdir:

“Əlavə düzənləməyə lüzum yoxdur. Əksinə, həmin qanunları ifadə azadlığı hüququnun önəmi baxımından yaxşılaşdırmağa ehtiyac var”.

Ana səhifəXəbərlər”Medianı mətbuat xidmətlərinin ütülü bilgilərinə bağlamaq yolverilməzdir”