”Riyaziyyatçını müdafiə naziri qoydular, başımıza oyun açdı”

”Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi qəbul edildi

Milli Məclis
Milli Məclis


”Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi qəbul edildi

“Qanunda göstərilir ki, Azərbaycan Silahlı Qüvvələri ölkədə daxili siyasi sabitliyin, Konstitusiya quruluşunun, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində iştirak edir. Burada “daxili sabitlik” sözünü işlətmək düz deyil. Daxili sabitlik ölkədə siyasi gərginlik, küçə yürüşləri, mitinqlər də ola bilər. Belə çıxır ki, həmin mitinqlərin, küçə yürüşlərinin qarşısını almaq üçün hökumət ordudan istifadə edə bilər. Yəni, bu, yolverilməzdir. Burada “daxili sabitlik” sözü əvəzinə, “kütləvi ixtişaşların qarşısının alınması məqsədilə” ifadəsi yazılmalıdır. Yəni orada artıq zorakılıq var. Qarşısının alınması üçün daxili qoşunların imkanları yetərli olmadıqda, Azərbaycan ordusundan da istifadə oluna bilər”.

Milli Məclisin dekabrın 15-də keçirilən iclasında yenidən hazırlanmış “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev belə deyib.

Ordudakı problemlər yazılmadıqca, artacaq

O, peşəkar səviyyədə fəaliyyət göstərən medianın, jurnalistlərin Silahlı Qüvvələr haqqında məlumatlar yazmasına məhdudiyyətlər qoyulmasına da etiraz edib:

“Bu, yanlış addımdır. Ordudakı problemlərdən yazmadıqca, o problem daha da artacaq. Əlbəttə, hərbi sirr qorunmalıdır və onsuz da qorunur. Amma peşəkar fəaliyyət göstərən jurnalistlərə ordudan yazmağı qadağan etmək, məhdudlaşdırmaq düzgün deyil”.

Qüdrət Həsənquliyev

Deputat ordunun azı 30 faizin peşəkarlardan ibarət olmasını da təklif edib.

“Dustaq ölümündən tutmuş, məhbusların qaçmasına qədər -hamısı qurumun qeyri-peşəkarlardan ibarət olmasının nəticəsidir”.

Sanki Bolqarıstan parlamenti üçün hansısa səlahiyyət istəyirik

Deputat Fazil Mustafa parlamentin Azərbaycan Silahlı Qüvvələri üzərində nəzarətinin olmasını təklif edib. O, maddəyə bununla bağlı əlavə bənd salınmasını təklif edib:

Fazil Mustafa

“Milli Məclis qanunverici və səlahiyyətli orqandır. Silahlı Qüvvələrlə bağlı zəruri məsələlərdə Milli Məclisin razılığı olmalıdır. Bəzən elə fikir yaranır ki, sanki biz ABŞ konqresi və ya Bolqarıstan parlamenti üçün hansısa səlahiyyət istəyirik. Söhbət Azərbaycanın Milli Məclisindən gedir. Silahlı Qüvvələrlə bağlı prezident tərəfindən təlimat verilir, lakin müəyyən məsələlərdən Milli Məclisin də məlumatı olmalıdır ki, razılıq verə bilsin. Yəni Milli Məclis də hər hansı məsələ ilə bağlı razılıq verəndə, bunu arxayınlıqla edə bilsin. Penitensiar Xidmətə baxın, son günlər nə qədər neqativ hallar baş verib. Dustaq ölümündən tutmuş, məhbusların qaçmasına qədər hamısı qurumun qeyri-peşəkarlardan ibarət olmasının nəticəsidir. Çünki nəzarətdən kənarda qalıb. Ədliyyə nazirinin özü də Penitensiar Xidmətin fəaliyyətində nöqsanların olduğunu bildirib. Mən Silahlı Qüvvələrlə bağlı bəzi məsələlərə nəzarətdə Milli Məclisin kənarda qalmasını yanlış hesab edirəm”.

Silahlı Qüvvələrə nəzarəti Ali Baş Komandan edir

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov isə deputatların parlament və ya qeyri-hökumət təşkilatlarının orduya nəzarət tələbinə qarşı çıxıb. Bildirib ki, Azərbaycanda Silahlı Qüvvələrə nəzarət Ali Baş Komandan tərəfindən həyata keçirilir və hər hansı nöqsan baş verdikdə onun tərəfindən struktur dəyişikliyi həyata keçirilir:

“Belə olan halda, orduya nəzarətin hər hansı qeyri-hökumət təşkilatı tərəfindən həyata keçirilməsi təklifini irəli sürmək düzgün deyil”.

Hərbi xidmətə getməyənlər hərbi xidmətdən danışır

S. Novruzov qeyd edib ki, bəzən hərbi xidmətə getməyənlər hərbi xidmətdən danışır:

Siyavuş Novruzov

“Ordu nəzəriyyə deyil, praktikadır. Bəzən özümüzü ABŞ-la müqayisə edirik. Lakin orada sistem tamamilə fərqlidir. Ali Baş Komandanın tapşırığı budur ki, əsgər yemək bişirməməli, döşəmə yumamalı, döyüşə hazır olmalı, taktikanı öyrənməlidir. Bunun üçün digər işlərə başqa şəxslər cəlb olunur. Silah növləri mütəmadi dəyişir, müasirləşir. Orta məktəbi bitirən şəxsi yeni silahların idarə edilməsinə cəlb etmək mümkün deyil. Bunun üçün mütəxəssislər müqavilə əsasında orduya cəlb olunur. Lakin elə ölkələr var ki, orada əsgərlər də müqavilə əsasında xidmət edir. Belə olan halda, onlara nəzarət edilə bilər. Çünki ordu həmin şəxslər üçün iş yeridir, qulluq yeri deyil. Onların reabilitasiyası və digər məsələlər üçün QHT-ləri cəlb etmək lazımdır. Lakin həqiqi hərbi xidmətə çağırılan şəxslərə ictimai nəzarət lazım deyil. Ümumiyyətlə, ordu cəmiyyətə qapalı olmalıdır ki, işinin öhdəsindən gələ bilsin”.

Ordunun başında peşəkar hərbçi dayanmalıdır

S. Novruzov müdafiə naziri vəzifəsinə mülki şəxsin təyin edilməsi barədə təkliflərə də münasibətini bildirib. Deyib ki, müharibə şəraitində olan ölkənin müdafiə naziri peşəkar hərbiçi olmalıdır:

“Bir dəfə riyaziyyatçını müdafiə naziri qoydular, nə baş verdiyini gördük. Ölkənin başına oyun açdı. Bu baxımdan düşünürəm ki, ordunun başında peşəkar hərbçi dayanmalıdır. Çünki ölkəmiz müharibə şəraitindədir. Bəzi ölkələrdə müdafiə nazirinin mülki şəxs olması bizdə də belə fikirlərin yaranmasına səbəb olub. Lakin müharibə şəraitində olan ölkənin qanununda belə müddəalara yer vermək mümkün deyil. Ordunun sirləri qapalı olmalı, mətbuat Müdafiə Nazirliyinin yaydığı məlumatdan kənara çıxmamalıldır”.

Daxildəki hansısa məsələlərlə Daxili Qoşunlar məşğul olacaq, ordu yox

Deputat Zahid Oruc isə bildirib ki, qanun layihəsində “Azərbaycan Silahlı Qüvvələri ölkədə daxili siyasi sabitliyin, Konstitusiya quruluşunun, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində iştirak edir” – müddəası bəzi media orqanları tərəfindən yanlış təqdimatla verilib. O qeyd edib ki, bu səlahiyyət yalnız Daxili Qoşunlara aid olsa da, mətbuatda ordunun müdaxiləsi kimi yazılar yer alıb.

Zahid Oruc

Birinci vitse-spiker, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov da bu məsələyə münasibət bildirib:

“Azərbaycan ordusu dünyanın ən demokratik ordularındandır. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsində ordunun siyasi proseslərə müdaxilə imkanlarının olacağını əks etdirən müddəa barədə fikirlər də düz deyil. Silahlı Qüvvələr təkcə ordudan ibarət deyil. Ordunun daxili siyasətə aidiyyəti yoxdur. Daxildəki hansısa məsələlərlə Daxili Qoşunlar məşğul olacaq, ordu yox”.

O bildirib ki, jurnalistlər bəzən bu məsələləri cəmiyyətə yanlış təqdim edirlər:

“Eşitdiniz, hörmətli jurnalistlər? Nə var, onu yazın!”.

ABŞ kimi gedin, işinizlə məşğul olun, biz müharibə aparırıq – deyək?

Vitse-spiker mətbuatın və QHT-lərin Silahlı Qüvvələr üzərində nəzarətinə, məhdudiyyətin aradan qaldırılmasına edilən etirazlara da münasibət bildirib.

O bildirib ki, mətbuatın ordudan yazmasına Müdafiə Nazirliyinin mətbuat xidməti vasitəsi ilə lazımı şərait yaradılır və bundan artığını etmək düzgün deyil.

O, ABŞ-ın İraqdakı əməliyyatları zamanı yaranmış vəziyyəti nümunə gətirib:

Ziyafət Əsgərov

“ABŞ-ın İraqda müharibə zamanı etdiyi kimi, biz də deyək ki, ümumiyyətlə, ordudan yazmaq lazım deyil? Belə edək istəyirsiniz? İndi ABŞ kimi “gedin, işinizlə məşğul olun, biz müharibə aparırıq – deyək?”

Sənədləşmə zamanı DTX və DİN-dən xüsusi arayışın alınması lazımdır

Deputat Azay Quliyev qanun layihəsində Silahlı Qüvvələrdə siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və dini qurumların yaradılması və fəaliyyətinin qadağan edilməsini normal müddəa adlandırıb. O bildirib ki, bununla bağlı əvvəlki qanunda da xüsusi bir müdəa vardı və bu, dünya praktikasına uyğundur.

Deputat Naqif Həmzəyev Silahlı Qüvvələrdə müddətdən artıq xidmətə götürülənlərlə bağlı xüsusi nəzarətin tətbiq edilməsini təklif edib. O bildirib ki, müddətdən artıq xidmətə götürülənlə bağlı sənədləşmə zamanı Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin yerlərdəki bölmələrindən xüsusi arayışın alınması lazımdır. Deputat xüsusilə son vaxtlar hərbi sirlə bağlı orduda bəzi problemlərin olmasından sonra bu məsələnin daha vacib olduğunu da vurğulayıb:

“Sonradan müddətdən artıq hərbi xidmətə götürülən zaman təhlükəsizlik xidmətinin və yerli polisin dəstəyindən istifadə etmək lazımdır. Həmçinin hərbi hissələrdə işə götürülən mülki işçilərin də eyni yoxlanışdan keçməsi zəruridir və bu məsələlərin layihədə əks olunmasını təklif edirəm”.

Neqativ halları düşmən təbliğatında istifadə edir

İclasda iştirak edən müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deputata cavab olaraq deyib ki, orduda müddətdən artıq hərbi xidmətə götürülənlərlə bağlı məsələ diqqətdə saxlanılır və onlar işə götürülən zaman xüsusi xidmət orqanları tərəfindən yoxlanılır:

“Bu məsələyə bundan sonra daha çox diqqət yetiriləcək”.

Kərim Vəliyev

O, ötən iclasda müzakirələr zamanı deputat Qüdrət Həsənquliyevin cəbhə bölgəsində hərbi hissələrin birində baş verən özbaşınalıqla bağlı dediklərinə də münasibət bildirib.

“Qüdrət Həsənquliyev ötən iclasda orduya ictimai nəzarətin vacibliyindən danışaraq qeyd etmişdi ki, bəzən zabitlərin əsgərlərə qarşı nizamnamədən kənar davranışı, qanunsuz əməlləri ilə bağlı məlumatlar əldə edirik. Məsələn, bəzən bizə məlumatlar çatır ki, zabitlər əsgərlərə cəza vermək üçün onları soyuq havada, ayaqyalın qarın üzərində saxlayırlar və digər qanunsuz əməllər törədirlər. Bu barədə məlumat medaiada getdikdən sonra dərhal Qüdrət Həsənquliyevlə əlaqə saxladıq. O, bu cür məlumatın getməsinə təəccüb etdi. Bildirdi ki, hərbi hissə ilə bağlı dediyi fikirlər bir müddət əvvəl kimdənsə eşitdiyi sözlərdir. Hörmətli deputatlar və media nümayəndələri bu məsələdə diqqətli olmalıdırlar. Bu, həssas məsələdir. Müharibə şəraitindəyik. Hər neqativ haldan düşmən təbliğatında bizə qarşı işlənilir. Bizdə ictimai nəzarət də var. Bir sıra şəxslər, deputatlar gəlib ordudakı şəraitlə tanış olurlar. Kim müraciət edirsə, onu qəbul etməyə hazırıq. 50-dən çox akkreditə olunmuş jurnalist var. Lazım olanda onlar ön cəbhədə çəkiliş edirlər. Ombudsman Aparatı, Baş Prokurorluq da Silahlı Qüvvələrə nəzarət edir”, – deyə K. Vəliyev bildirib.

Bəzən jurnalistlər məsələni kontekstdən çıxarıb yayırlar

Generala reaksiya verən spiker Oqtay Əsədov onu narahat olmamağa çağırıb:

“Cənab general, unutmaq lazım deyil ki, burada tənqidi fikir səsləndirən hər deputat Azərbaycan Ordusundakı hər məsələyə görə özünü məsuliyyətli sayır, cavabdeh hesab edir. Düzdür, Milli Məclisdə çıxışlar var. İndi Qüdrət müəllimin çıxışını araşdıraq. Bəzən jurnalistlər məsələni kontekstdən çıxarıb yayırlar. Tənqid həmişə olur”.

Oqtay Əsədov

Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Silahlı Qüvvələrin fəaliyyəti ilə bağlı hüquqi tənzimləməni müəyyən edən “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni qanun layihəsi Konstitusiyaya edilmiş son dəyişikliklərdən irəli gələrək hazırlanıb. Yeni sənəddə Silahlı Qüvvələrin anlayışı dəqiqləşdirilib və Silahlı Qüvvələrin Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət olduğu qeyd olunub.

Qanun layihəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.

Layihədə başqa silahlı birləşmələrin dəqiq siyahısının Azərbaycan prezidenti tərəfindən təsdiq ediləcəyi müəyyən olunur, Silahlı Qüvvələrin təyinatı və əsas vəzifələri konkret olaraq sadalanır, Silahlı Qüvvələrin tərkib hissəsi olan qurumların qarşılıqlı fəaliyyətinin, Silahlı Qüvvələrin idarə edilməsi və maliyyə, maddi-texniki təminatının, həmçinin, Silahlı Qüvvələrin şəxsi heyətinin məsuliyyətinin hüquqi əsasları müəyyən edilir, Silahlı Qüvvələrin fəaliyyətinə nəzarətlə bağlı məsələlər tənzimlənir.

Ana səhifəXəbərlər”Riyaziyyatçını müdafiə naziri qoydular, başımıza oyun açdı”