“Media siyasəti həyata keçirilərkən azad jurnalistikanın inkişafının təmin edilməsi əsas hədəf seçilsin”

Foto: “Müdafiə Xətti”

“Müdafiə Xətti” çağırış etdi

“Müdafiə Xətti” İnsan Haqları Təşkilatı “Media haqqında” qanun layihəsinin ictimai müzakirəyə çıxarılmadan Milli Məclisdə II oxunuşda qəbul etməsini sənədin mürtəce xarakterli olmasıyla əlaqələndirib.

Bu barədə təşkilatın dekabrın 22-də yaydığı bəyanatda deyilir.

“Müdafiə Xətti” azad media, söz və fikir, mətbuat və məlumat azadlıqlarını demokratik quruluşun, hüquqi dövlətin əsas atributları olduğunu vurğulayaraq bildirib ki, “Media haqqında” qanuna Ana Yasaya zidd əlavələr edilib:

“Konstitusiyanın 7-ci maddəsinin I hissəsində Azərbaycan dövlətinin demokratik, hüquqi respublika olduğu, 50-ci maddəsinin II hissəsində kütləvi informasiyanın azadlığına təminat verildiyi, o cümlədən, mətbuatda dövlət senzurasının qadağan edildiyi göstərilib. Amma son illərdə onlarla jurnalist siyasi ağırlıqlı inzibati və cinayət təqibinə, pis rəftara məruz qalıb, elektron və yazılı nəşrlərin fəaliyyətinə inzibati orqanlar tərəfindən qanunazidd müdaxilələr edilib”.

“Layihənin ictimai müzakirəyə çıxarılmadan, media hüququ üzrə ixtisaslaşan ekspertlərin, təcrübəli media mütəxəssislərinin, Avropa Şurası Venesiya Komissiyasının, ATƏT-in Media Ofisinin və s. rəyləri öyrənilmədən tələm-tələsik parlamentdə müzakirə edilməsi mürtəce xarakterindən irəli gəlir. Əgər həmin qanun layihəsi parlamentdə qəbul olunarsa, onsuz da qeyri-qənaətbəxş olan mətbuat, məlumat, ifadə azadlığının durumu, xüsusilə, rəqəmsal medianın vəziyyəti daha da pisləşəcək, alternativ fikirlər, tənqidi rəylər qanunvericilik səviyyəsində əngəllənəcək”,-deyə bəyanatda deyilir.

“Müdafiə Xətti” Azərbaycan hökumətinə və qanunverici orqana çağırış edir ki, Avropa Konvensiyasının 10-cu (İfadə azadlığı), Azərbaycan Konstitusiyasnın 47-ci (fikir və söz azadlığı), 50- ci (məlumat azadlığı) maddələrinin tələblərinə riayət etsin:

“Media siyasəti həyata keçirilərkən azad jurnalistikanın inkişafının təmin edilməsi əsas hədəf seçilsin”.

Milli Məclis “Media haqqında” qanun layihəsini dekabrın 20-də ikinci oxunuşda qəbul edib.

Ana səhifəSiyasət“Media siyasəti həyata keçirilərkən azad jurnalistikanın inkişafının təmin edilməsi əsas hədəf seçilsin”