Media Hüququ İnstitutu prezidentin təklifini tənqid etdi

”Konstitusiyaya ifadə azadlığı ilə bağlı edilən dəyişiklik təklifləri yolverilməz dərəcədə məhdudlaşdırma riski doğurur”

Source:


”Konstitusiyaya ifadə azadlığı ilə bağlı edilən dəyişiklik təklifləri yolverilməz dərəcədə məhdudlaşdırma riski doğurur”

“Konstitusiyanın 32-ci maddəsinə təklif edilən dəyişikliklər məhdudlaşdırıcı məzmun daşıyır. Bu təkliflər normativ hüquqi aktlar qanunvericiliyinin tələblərinə əməl edilmədən irəli sürülüb və referenduma çıxarılıb”.

Media Hüququ İnstitutunun referenduma çıxarılan dəyişiklik təkliflərinin ifadə azadlığı ilə bağlı müddəaları haqda bəyanatında belə deyilir.

İnstitut hesab edir ki, dəyişikliklərin vacib müşayətçi mətnlər olmadan irəli sürülməsi, onun düzgün və tam anlaşılması, referendumda vətəndaşların düşünülmüş həqiqi iradəsini ifadə edə bilməsi baxımından ciddi çatışmazlıqlar yaradacaq.

“Dəyişikliklər təklif olunan 32-ci və 47-ci maddələr mühüm insan haqları ilə bağlıdır. 32-ci (şəxsi toxunulmazlıq) maddəyə, xüsusilə 4 və 7-ci hissələrə təklif edilən dəyişikliklər hər hansı konstitusion tənzimləmə ehtiyacından irəli gəlmir. Təklif edilən dəyişikliklərin mətnləri dolaşıqdır, aydın anlaşılmır, tənzimlədiyi sahədəki ifadə və terminologiyalardan düzgün istifadə edilməyib. Bu qanunvericiliyin düzgün anlaşılması və səmərəli tətbiqi üçün ciddi əngəllər yaradacaq”, deyə bəyanatda bildirilir.

MHİ qeyd edir ki, 32-ci maddənin 6-cı hissəsinə təklif edilən dəyişiklik hər hansı şəxs barədə məlumat almaq məqsədi ilə hər hansı informasiya ehtiyatlarına daxil olmağı qadağan edir.

“Belə qadağan həddən artiq geniş və yersiz, zəruri olmayan məhdudiyyətdir. Üstəlik Konstitusiyanın 47-ci, 50-ci və 51-ci maddələrilə verilən önəmli hüquqları – ifadə azadlığını, məlumat almaq azadlığını və yaradıcılıq azadlığını yolverilməz dərəcədə məhdudlaşdırır”.

MHİ ifadə azadlığı hüququ ilə bağlı təklif edilən digər dəyişikliklərin də Konstitusiyada təsbit olunmuş hüquqları yolverilməz dərəcədə məhdudlaşdırması riski doğurduğunu qeyd edir.

Media Hüququ İnstitutu ifadə azadlığı hüququ sahəsində çalışan yerli qeyri-hökumət təşkilatıdır. MHİ 2014-cü ildə vətəndaş cəmiyyətinə siyasi basqılar olması əsaslandırması ilə fəaliyyətini dayandırdığını elan etmişdi.

Bəyanatı MHİ-nin direktoru Rəşid Hacılı yayıb. O, açıqlamasında təşkilatın fəaliyyətini bərpa etməyin çətin olduğunu da qeyd edib

Ana səhifəXəbərlərMedia Hüququ İnstitutu prezidentin təklifini tənqid etdi