”Media azadlığı üçün nəsihət yox, hüquqların təmin edildiyi ortam lazımdır”

Ombudsman medianı gənc nəslin tərbiyəsinə təsir göstərməkdə qınadı

Source:


Ombudsman medianə gənc nəslin tərbiyəsinə təsir göstərməkdə qınadı

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Milli Məclisin 20 aprel toplantısında mətbuata iradlarını bildirib.

Elmira Süleymanova İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında danışarkən deyib ki, KİV gənc nəslin tərbiyəsinə və formalaşmasına mənfi təsir göstərir:

“Mediada insanlarda bədbinlik və psixoloji sarsıntılar yaradan yazı və məlumatların, xüsusilə də kriminal xəbərlərin verilməsi tərzi, cinayət aləminin nümayəndələrinin dolayısı ilə təbliğ olunması, digər tərəfdən, ayrı-seçkiliyə yol açan, habelə əsassız və ya şayiə xarakterli, həmçinin kənar təsir və təzyiqlər nəticəsində yaranan məlumat və yazıların mətbuatda verilməsi, reketçilik və sui-istifadə halları yolverilməzdir. Fikir, söz və mətbuat azadlığının təmin edildiyi bir vaxtda kütləvi informasiya vasitələrinin nümayəndələri etik davranış qaydalarına riayət etməklə daim peşəkarlığının yüksəldilməsinə çalışmalı, eyni zamanda vətəndaşların qanuni maraqlarına cavab verən məsələlərin işıqlandırılmasına, insan hüquqularının inkişafına və müdafiəsinə dəstək verən ədalətli yazılara üstünlük verməlidirlər”.

Elmira Slüeymanova
Elmira Slüeymanova

Media Hüquq İnstitutunun sədri Rəşid Hacılı hesab edir ki, Azərbaycanda bu gün normal jurnalistika standartlarına uyğun gələn nə kağız və ya online qəzet, nə radio, nə də telekanal var. Buna uyğun olmaq imkanı da yoxdur:

“Azərbaycanda müstəqil, peşəkar və faydalı olmaq istəyənlərin gününü qara edirlər. Ya saytları bloklanıb, ya həbsə atılırlar, ya da həbsə atılmaq qorxusu altında yaşayırlar”.

Rəşid Hacılının sözlərinə görə, ombudsmanın tənqid etdiyi jurnalistika məhz hakimiyyətin metodik olaraq yetişdirdiyidir:

Rəşid Hacıyev
Rəşid Hacıyev

“Hökumətin normal mediaya qarşı yaratdığı alternativdir. Onların maliyyələşdirdiyi, həvəsləndirdiyi, ev, mükafat verdiyi, qoruduğu mediadır. Bu, əslində medianı gözdən salmaq, cilovda saxlamaq vasitəsidir. Hökumətin 1 nömrəli standartı olan AzTV-nin fonunda özlərini ən yaxşı göstərmək istəyidir. Ombudsman hesabatında problemin kökündə məhz normal media üçün əlverişli ortamın olmadığını, bunun səbəblərini yazsaydı, düzgün olardı. Media azadlığı üçün nəsihət yox, hüquqların təmin edildiyi ortam lazımdır. Medianın şayiə və ya gənclərin düşüncəsinə təsir edən məlumat yayması, reket-filan, ombudsmanın hesabatının mövzusu deyil. Qoy desin ki, niyə tənqidçi saytlar ucdantutma bloklanır? Niyə müstəqil jurnalistlər barədə qondarma cinayət işləri illərlə uzanır? Niyə 2017-də Mehman Əliyevi həbsə atdılar? Mehman Hüseynovu tənqidi videolarına görə açıq-aşkar qondarma adla həbsdə saxlayırlar. Diqqət etsəniz, ilbəil ombudsmanın hesabatının da sözlüyü, ritorikası, vurğuları dəyişir. Avtoritarizm gücləndikcə, sərtləşdikcə, ombudsman hüquqlardan yox, dumanlı mənəvi-əxlaqi dəyərlərdən, vətənpərvərlikdən, ruhlardan dəm vurmağa başlayır”.

“Turan” İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyev ombudsmanın konkret ad çəkmədən danışmasını doğru hesab etmir.

Şahin Hacıyev xatırladır ki, son vaxtlar Mətbuat Şurasının səlahiyyətinin genişləndirilməsi barədə sədr Əflatun Amaşmovun söylədikləri “Kütləvi informasiya vasitələri haqqında” qanunun sərtləşdirilməsinə hazırlığın getdiyini göstərir:

“Məqsəd mediaya nəzarəti gücləndirməkdir. Hansısa şikayəti məhkəməyə çıxarmaq hakimiyyəti qane etmədiyindən Mətbuat Şurasına səlahiyyət verilməsini istəyirlər ki, hər hansı qəzet, yaxud sayt səhv yazdısa, cəzalandırsınlar. Əslində, Elmira Süleymanovanın ümumi danışması da bu amildən irəli gəlir. Konkret misal və səbəb göstərmir”.

Şahin Hacıyev
Şahin Hacıyev

Şahin Hacıyev bildirib ki, hökumət qanunvericilik səviyyəsində cəzanı qanuniləşdirmək istəyir:

“Əgər qanunda dəyişiklik olsa, sayt, yaxud qəzetə bir dəfə xəbərdarlıq edəcəklər, ikinci dəfə bağlayacaqlar. Hazırda Respublika Prokurorluğuna çağırırlar, qanunu dəyişəndən sonra Əflatun Amaşov qərar qəbul edəcək, vəssalam. Bununla, cəza sistemini sadələşdirirlər. Məsələ ondadır, buna ehtiyac yoxdur, amma sistem işləmədiyindən sərt vasitəyə əl atırlar. Qanunu sərtləşdirəndə, Mətbuat Şurasının üzvlərindən biri təklif verəcək və saytın bağlanması gündəmə gələcək. Amma indiki halda məsələ məhkəməyə çıxır, mübahisə yaranır, ortalığa fakt qoyulur, lap etikanı pozanda belə, ictimai hadisə olaraq müzakirələr, diskussiyalar başlayır və sübut etmək çətinləşir. Nəticədə beynəlxalq təşkilatlar reaksiya verir. Amma qanunu sərtləşdirəndən sonra Əflatun Amaşovun qərarıyla məsələ bitəcək”.

Ombudsmanın hazırladığı sənəd Milli Məclisin aprelin 24-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Ana səhifəXəbərlər”Media azadlığı üçün nəsihət yox, hüquqların təmin edildiyi ortam lazımdır”