‘’Mədəniyyət və incəsənət xadimlərinin bir qrupu’’nun tragik özünütəsdiqi

Əlini götür, üzünə çək!

Foto: Meydan Tv

Əlini götür, üzünə çək!

Bu, yoxluğun sözüdür, kasıblığı, kasadlığı ifadə eləmək, təsvirə çəkmək, mənalandırmaq cəhdidi. Yəni, əgər nəsə yoxdusa, istifadə edilib,qurtarıbsa, dibinə daş atılıbsa, onda elə belə də deyirlər: Əlini götür,üzünə çək!

Prezidentin “mədəniyyət və incəsənət xadimlərinin bir qrupu” (sitat rəsmi KİV-lərdəndi) ilə görüşünü seyr eləyəndə bu söz yadıma düşdü.

Hərçənd “bir qrup” deyəndə, bu, heç bir qrup da deyildi. Tanıdığımız və yaxud da şəxsən mənim tanımadığım bir xeyli, böyük bir dəstə, ədəbiyyat, teatr, kino, rəsm, musiqi və s. adamları.

“Mədəniyyət və incəsənət xadimlərinin bir qrupu”nun söz verilən hissəsinin görüşdə qaldırdığı məsələlərin, həllini vacib sayıb, prezidentin diqqətinə ərz elədiyi problemlərin sırasında təmsil elədikləri xalqa aid heç nə yoxuydu, yaxud da çox az, lap cüziydi. Cüzi deyirəm, amma buna heç özüm də inanmıram. Çünki mən hələ bilmirəm, Azərbaycanın çox varlı, amma əliaçıq bir kişisinə (Zeynalabadin Tağıyev) Bakıda heykəl qoyulması təklifi, yaxud Rus Dram Teatrının Akademik Rus Dram Teatrı adlandırılmasının ömrü ağır, çəkilməz bir yükə çevrilmiş, təhkimçilik hüququ altında inləyən bütöv bir xalqa hansı xeyri, faydalarıvar? Yaxşı, lap dənizkənarı bulvarda Tağıyevin faytonda heykəli qoyulsun, amma bu heykəlin ucaldıldığı şəhərdə onun xeyirxah ənənələrini davam etdirən, onun iziylə gedən neçə kişi var? Və əgər belə kişilər həmin o dəniz sahilindəki mürəkkəb şəhərdə daha yaşamırlarsa və ümumiyyətlə, yoxdurlarsa, nəsilləri kəsilibsə, qəhətə çevrilibsə, bu yoxluğun, bu kasadlığın çox bəsit, sadədən sadə səbəbləri hansılardır?

Azərbaycan ziyalısı, görüşə qatılan, dəvət edilən, söz deyən, nitq söyləyən və söyləməyən “bir qrup mədəniyyət və incəsənət xadimi”prezidentə padşah kimi baxırdı. Bu, onların itaətkar və umacaqlı baxışlarından tökülürdü. Padşahdan da ki, ancaq ənam istəyərlər, bəxşiş alarlar, orda, onun məclisində təmsil etdiyin xalqın, “xalq yazıçısı”, “xalq rəssamı”, “xalq bəstəkarı”, nəbilim “xalq artisti” titullarınıdaşıdığın, gündəlik ağır həyat reallıqları ilə sərt, qeyri-bərabər mübarizə aparan toplumun, kədərli və yorğun tarixçələri yad və uzaq görünür.

Azərbaycan insanının ağrısı-acısı onun nümayəndəsi, ziyalısı, təmsilçisiadına iddialı, daima ətrafdan diqqət və ehtiram gözləyən “mədəniyyət və incəsənət xadimlərinin bir qrupu”nun gələcək planlarına daxil deyil. Bu tale onlara atavizm təsiri bağışlayır və onların öz gələcək planlarına mane olur.

Məhz elə səbəbdəniydi ki, görüşdə yaxşı halda ya trend olan, rəhbərə və ətrafına divident gətirən problemlər dilə gətirildi (məsələn, muğam mərkəzlərinin tikintisinin davam etdirilməsi, hansısa muzeylərin təmiri və s.), ya da çox səmimi şəkildə, daha çox özünübəyan edən şəxsi və kollektiv xahişlər edildi. Məsələn, teatr işçilərinin əməkhaqqının artırılması, yaradıclıq evlərinin, yaradıcı adamlara mənzillərin tikintisi, prezidentin tamaşaçı qismində teatrlara, qonaq qismində isə kiminsə şəxsi mənzilinə baş çəkməyə dəvət edilməsi, özəl telekanalların əbədi KVN-çilərə hansısa izaholunmaz efir qadağası, onların babalarının adlarının əbədiləşdirilməsi istəyi və s.

Amma tutaq ki, bir əcnəbi turist üçün, yaxşı təmir olunmuş muzeyə və onun diqqətlə qorunub saxlanılan tarixi eksponatlarına baş çəkməkcaizdir, yoxsa küçələrdə hərəkət edən canlı eksponatlara, bu eksponatların qabarlı əllərinə və bulanıq gözlərinə tamaşa eləmək?Hansı həmin ölkənin ümumi mənzərəsi haqda daha çox məlumatverici mənbədir? Bax, məsələn, mən, səfər elədiyim ölkələrdə heç vaxt muzeylərə getməyə o qədər də maraq göstərmirəm, niyəsə o atmosferdə özümü “səyahət elədiyim” tarixin bir parçası kimi hiss edə bilmirəm, yox əgər belə bir şey baş verirsə, bu, yüz faiz ya üzə düşüb, getməkdən baş verə bilər, ya da boş-bekarçılıqdan. Bunun əvəzində, küçədə-bacada, metroda-avtobusda, kafedə-filanda insanların üzünü, əllərinü, bir-biri ilə ünsiyyət və davranış tərzini, yemək yemə vərdişlərini müşahidə eləməkkifayət edir.

Azərbaycan ziyalısının, mədəniyyət və incəsənət adamlarının xalqdan qopub-kənarlaşması və onunla artıq yad cisimlər kimi bir-birində həll olunmaması aydın və əlavə izahatlar tələb etməyən məsələydi. Amma uçurumun bu boyda olmasını, bir-birinə heç bir aidyyətin olmamasını, bir-birini hiss eləməməyin və ya anlamamanın, bağların birdəfəlik qopmasının bu miqyasını təsəvvür eləmək çətiniydi.

Mən indi bunu ürəklə deyirəm. Bundan sonra, ömrünüzün bu ahıl və əksər hissəsi arxada qalmış çağında, işdi-şayət möcüzə-filan baş versə, istedadınız qəfil fışqırsa və talantınız fontan vurub bəxtiniz üzünüzə gülsə, dünyanın lap ən məşhur əsərini yazıb eləsəniz, ən gözəl əsərini bəstələsəniz, ən uğurlu rolunu ifa eləsəniz belə, sizin bu xalqa, onun ağrı-acısına, bugünkü və sabahkı taleyinə heç bir dəxliniz və aidiyyətiniz olmayacaq.

Siz “xalq yazıçısı”, “xalq rəssamı”, “xalq bəstəkarı”, nəbilim “xalq artisti” ola bilərsiz, amma heç vaxt xalqın həqiqi yazıçısı, xalqın bəstəkarı, xalqın artisti olmayacaqsız.

Dünənki görüş sizin komanıza kimlərdəsə hələ də qorunub saxlanmış olan son ümid qalıqlarının tərk edildiyi, hardasa ilişib qalmış illüziyaların qopub töküldüyü gün oldu. Yazçılar Birliyinin əbədi sədri Anarın başa çatmış və artıq dağılışmaqda olan məclisi hövlanak, ilan vurmuş adam kimi qəfil qalxıb, yenidən toplaması və vacib nəsə deyəcək adam kimi rəhbərə özü və “mədəniyyət və incəsənət xadimlərinin bir qrupu” adından dübarə təşəkkür elan eləməsi bu sonun gülünc simvolu oldu.

Ana səhifəXəbərlər‘’Mədəniyyət və incəsənət xadimlərinin bir qrupu’’nun tragik özünütəsdiqi