“MDB ölkələrində sosial durum kəskin pisləşəcək”

İqtisadçı: “Bu sahələr tikinti, qeyri-ərzaq ticarəti, taksi xidməti, restoran şəbəkələridir”

Foto: Meydan TV


İqtisadçı: “Bu sahələr tikinti, qeyri-ərzaq ticarəti, taksi xidməti, restoran şəbəkələridir”

“Bloomberg” remittanslara əsasən Rusiyadan yüksək asılı olan Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində sosial durumun daha kəskin pisləşəcəyini

yazıb

.

İqtisadçı Rövşən Ağayev deyir ki, deyilənlərdə həqiqət var. Çünki bir tərəfdən pandemiya bu ölkələrin daxili iqtisadiyyatını çökdürür, o biri yandan isə Rusiyadakı miqrantların ən çox pul qazandığı sahələrdə karantin səbəbindən pul qazanmaq imkanı itirilib:

“Bu sahələr tikinti, qeyri-ərzaq ticarəti, taksi xidməti, restoran şəbəkələridir. Rusiyanın pul göndərişlərindən ən çox asılı olan ölkələr Özbəkistan, Tacikistan, Qırğızıstan və Ermənistandır. Azərbaycan bu siyahıda 5-ci yerdədir”.

İqtisadçı deyir ki, Belorus, Qazaxıstan, Ukraynanın Rusiya remitanslarından asılılığı demək olar ki, yoxdur. Çünki bu 3 ölkəyə gedən bütün pul transfertlərinin həcmi Özbəkistana pul göndərişlərinin cəmi üçdə biri qədərdir:

“Məlumat üçün deyim ki, Azərbaycan üçün gələn pul heç də az deyil. Hətta rəsmi rəqəmlərə görə, ən azı 1 mlrd. dollardan söhbət gedir. Xüsusən də əyalətlərdə minlərlə aztəminatlı ailənin ayaqda qalmasında bu vəsaitlərin ciddi payı var”.

Rövşən Ağayev bildirir ki, son 3-4 ildə Azərbaycanın ödəmələr balansının cari hissəsində profisitin ən azı 12-15 faizini məhz bu pul göndərişləri sayəsində yaranıb.

Covid-19 pandemiyası səbəbindən Azərbaycanda da son 3 ayda turizm və restoran sektorunun gəliri 14 faiz kiçilib. Məsələn, martda turizm və restoran sektorunda yaranan əlavə dəyərin həcmi 76 mln. manat olub. Bu, 2019-cu ilin mart ayına nisbətən 2.1 dəfə (87 mln. manat), 2018-ci ilin mart ayı ilə müqayisədə isə 2.2 dəfə (93 mln. manat) azdır.

Ana səhifəXəbərlər“MDB ölkələrində sosial durum kəskin pisləşəcək”