Maşının yük yerində gecələyən müharibə iştirakçısı

“Gəl balığa, gəl balığa…Təmizləmək, yumaq, doğramaq məndən. Təmizləyim, yuyum, doğrayım, hazır apar, gəl”.

Kənan Bayramov hər şənbə-bazar səhər 8-dən axşam 9-a qədər Əhmədlidə yerləşən yarmarkada balıq təmizləyir. Deyir ki, gündə 80-100 ədəd balığı təmizə çıxarır. 13 saatlıq işin qarşılığında evinə 15 manat pul, bir balıq aparır. Qazancından gileyli deyil, əsas incidən müharibədə yaralanan ayağıdır.

“Görürsən, bir tərəfim üstdə dayanmışam. Bu tərəfim (sol ayağın göstərir) artıq ağrıyır. Çətindi, əlbəttə ki, çətindi. Bir ayağın üstündə 85 kilo bədən nə qədər dayansın?! Amma yenə deyirəm, məcburam. Kiməsə yox, balalarımın xətrinə ki, onlara çörək pulu çıxarım”.

O, Tərtər rayonunun Hacıqərvənd kəndindəndir. Deyir ki, 90-cı illərin əvvəllərində, 16 yaşında Tərtər və Gəncə batalyonunda iştirak edib. 3 il döyüşəndən sonra bel nahiyəsindən və 3 dəfə də sol ayağından yaralanıb. Amma bu günə qədər əlillik dərəcəsi ala bilmir. Yaşayışı çətin olduğundan Bakıya işləməyə gəlir. Gecə işdən çıxanda gedəcəyi yer maşının yük yerindən düzəltdiyi otaqdı.

“Bu, ”qazelin kuzası” idi. Bunu bir nəfər mənə pay verdi. Gəldim, bir yoldaş da sağ olsun kömək elədi, qaldırdım, düzəltdim. Axşamdan-axşama gəlib burada qalıram. Gördüm soyuqdur, uşaqları göndərdim kəndə”.

Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi Kənan Bayramovun 1992-ci ildə yaralanması ilə bağlı məlumatlarının olduğunu bildiriblər. Tibbi ekspertiza rəy verib ki, onun bədən nahiyələrində çoxsaylı metal qəlpələr var. Amma Tərtər rayonunda Tibbi-sosial Ekspert Komissiyası ona sənəd vermir.

Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin sədri Emil Məmmədov deyir ki, Tibbi-sosial Ekspert Komissiyasının səlahiyyətləri əlindən alınıb, tibb müəssisələrinə verilib. O təklif edir ki, Kənan Bayramov xəstəxanalara müraciət etsin.

Kənan Bayramov qaldığı otağı indiki və keçmiş prezidentlərin şəkilləri ilə bəzəyib. İstəyi də ölkə başçısı İlham Əliyevdəndir.

“Dövlət başçısından, vitse-prezidentdən, dövlət qurumlarından və Səlim Müslümovdan xahiş edirəm, mənə əlilliyim verilsin. Kömək eləsin, mən də bir otaq ev alım, uşağımın başına yağış yağmasın, toyuq hinində yaşamayım. Məni də ana doğubdu, mən də bu dövlətin balasıyam”.

Ana səhifəVideoMaşının yük yerində gecələyən müharibə iştirakçısı