Satıcılar yer haqlarının azaldılmasını istəyiblər
Bakının Babək prospektində yerləşən, paytaxtın ən böyük maşın ehtiyat hissələri bazarında bu gün yer haqlarının azaldılması tələbi ilə aksiya keçirilib. Virtualaz.org saytının hadisə yerində olan əməkdaşının məlumatına görə, 50-dək mağaza sahibi yer haqlarının azaldılmasını tələb ediblər. Bazar rəhbərliyinə yaxın şəxslər satıcılardan dağılışmağı tələb edib. Ərazidə polis əməkdaşları olsa da, onlar aksiyanı kənardan izləyiblər.
Mağaza sahibi Nizami Məmmədov deyib ki, dolların məzənnəsi qalxandan sonra alver zəifləyib: “Dollar bahalaşandan sonra firmalar nisyə mal vermir. Bəzən günlərlə heç nə satılmır. Maşın sahibləri məcburiyyət qarşısında qalmayanadək mal almırlar. Buna görə də, mağazalar bağlanır”.
Digər aksiya iştirakçısı isə toplaşaraq bazar rəhbərliyi ilə danışmaq istədiklərini deyib: “Biz yalnız yer haqqının azaldılmasını istəyirik. Əlavə heç bir tələbimiz yoxdur”.
“Dollar bahalaşandan sonra firmalar qiyməti artırdı. Maşın ehtiyat hissələri son 10-15 gündə təxminən 30-35 faiz bahalaşıb. Hələ anbarlarda mal var, bahalaşma fevraldan sonra hiss olunacaq”-satıcılar bir ağızdan deyib.
Satıcılar deyib ki, hazırda bazarda alıcı qıtlığı hökm sürür. “Devalvasiyadan sonra bazara gələn yoxdur. Buna görə də əksər mağazalar bağlanır” –bazardakı maşın ehtiyat hissələri mağazasının sahibi Nəriman Məmmədov bildirib.
Nəriman Məmmədov deyib ki, son 2 gündür heç nə sata bilməyib: “Firmalar qiymətləri artırıb. Bəzi ehtiyat hissələri 30 faiz bahalaşıb. Biz anbarlarda qalan malları köhnə qiymətlərlə satırıq. Məsələn, “nakladka”ların qiymətini hələ artırmamışıq. Amma yeni mal gətiriləndən sonra “nakladka”ların qiyməti 50 faiz artacaq. Bu nakladka 30 manatadırsa, 50 manat olacaq. Akkumlyator 70 manatdırsa, ən azı 100 manat olacaq”.
Satıcı Həsən Hüseynov isə bidirib ki, Rusiyadan gətirilən malların qiymətində cüzi artım var. Avropa ölkələrindən gətirilən malların qiyməti isə 50 faizədək artıb: “Firmalar əvvəl nisyə mal verirdilər. Dollar bahalaşandan sonra nisyə mal verilmir. Məsələn, “Evrostar”, “Boss”, “BP”, “Renasol” və digər firmaların mallarında qiymətlər dəyişib. Alver isə “ölüb”. Əvvəllər bazarın girəcəyindəki mağazalar çox yaxşı işləyirdi. İndi onlar da bağlanmaq məcburiyyətindədirlər”.
Bəzi satıcılar dolların bahalaşmasından sonra ziyanla işlədiklərini deyiblər.
Satıcı Qulu Məmmədov söyləyib ki, bir çox aksesuarların qiyməti 80 faiz artıb: “Şit təmizləyəni əvvəllər 1 manat 20 qəpiyə satırdıq. İndi isə 3 manat olub. Qiymət artandan sonra mal almağa gedən də yoxdur. Bir neçə vaxtdan sonra maşın ehtiyat hissələrində qıtlıq yarana bilər. Əvvəl 10 manata sata bilmədiyimiz malların qiyməti indi 20 manat olub. Rusiyadan gətirdiyimiz maşın rullarının 1-ni 1 aya sata bilmirik”. Mağaza sahibləri icarə haqlarının azaldılandılacağına ümid edirlər.
Hazırda bazaar rəhbərliyi ilə danışıqlar gedir.