Masazırlıların ümidi büdcədən ayrılacaq vəsaitə qalıb

Qəsəbə sakinləri kanalizasiya problemindən şikayətçidirlər

Source:


Qəsəbə sakinləri kanalizasiya problemindən şikayətçidirlər


Masazır qəsəbəsinin sakinləri kanalizasiyanın olmamasından şikayətçidirlər. Qəsəbə sakini Gülayət Məmmədova deyir, biri var yaxınlıqda, ümumiyyətlə, kanalizaiya xətti olmaya, biləsən ki, çətindir çəkmək: “Amma elə deyil axı. Yeni tikilən binalara nə yaxşı kanalizasiya xətləri çəkirlər? Özəl şirkət xətti çəkib gətirib burnumuzun dibinə. Dövlətin əlində bunu etmək heç nə olmalıdır”.


“Gələn qonağa da utana-utana “suyu az açın” deyirik”

Natavan Əliyeva deyir ki, kanalizasiyanın olmaması bütün işlərini alt-üst edir: “Kanalizasiya əvəzinə hər qonşu çəpərinin çölündə bir quyu qazıb. Antisanitariyadır, bu öz yerində. Digər tərəfdən, ürəkli duş qəbul edə, ürəkli paltar yuya, sudan istifadə edə bilmirik ki, quyu dolmasın. Gələn qonağa da utana-utana “suyu az açın” deyirik”.


“Bir aylıq təqaüdüm bir dəfə kanalizasiya çəkdirməyə gedir”

Sakinlər dolan quyularını çəkdirmək üçün iritutumlu maşınlar çağırmalı olurlar. Maşına hər dəfəsində 50 manat verdiklərini deyirlər: “İnanın, həftədə bir dəfə maşın çağırırıq. Evdə 9 nəfərik. Başqa çarə yoxdur. Bu dollar qalxandan sonra maşınlar qiyməti qaldırıb edib 80 manat. Bir aylıq təqaüdüm bir dəfə maşın çağırmağa gedir. Kanalizasiyalar dolub-daşır. Ətraf olur palçıq. Uşaqlar məktəbə gedib-gəlməkdə çətinlik çəkirlər. Ayaqlarına sellofan paket taxırıq ki, bəlkə ayaqqabıları batmaya. Ayda bir dəfə yol çəkirlər, kanalizasiya daşıb məhv edir”, – deyir Gülayət Məmmədova.


“Büdcədən vəsait ayrılan kimi problem aradan qalxacaq”

Məsələyə münasibət öyrənmək üçün Masazır Bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyədə problemdən xəbərdardılar. Bildirdilər ki, Masazırın şəxsi həyət evləri olan hər küçəsində bu problem var: “Camaat kanalizasiya kimi qazdıqları quyulardan istifadə edir. Büdcədən bununla bağlı vəsait ayrılan kimi problem aradan qalxacaq”.

Ana səhifəXəbərlərMasazırlıların ümidi büdcədən ayrılacaq vəsaitə qalıb