Məktəbin direktoru deyilənlərlə razılaşmır
Masallı rayonunun Yeni Zuvand kəndindəki orta məktəb binasının əsaslı təmirə ehtiyacı var. Elə yerli sakinləri də ən çox narahat edən məsələlərdən biri budur.
“Masallının kəndlərdəki məktəblərin tam əksəriyyəti qəzalı vəziyyətdədir. Binalar təmirsizdir, istilik yoxdur, bəzi kəndlərdə isə ümumiyyətlə dərs keçmək təhlükəlidir”, – kənd sakinlərindən biri belə deyir.
Sakinlərin sözlərinə görə, məktəb ötən il təmir olunmalıydı. Amma tam təmir olunmayıb, qapı-pəncərə dəyişdirilməyib.
Məktəbdə ümumilikdə 257 şagird təhsil alır. Valideynlər gileylənir ki, şagird sayına uyğun parta yoxdur, digər avadanlıqlar da sıradan çıxıb.
“Məktəb binası böyükdür, uzun illərdir təmir olunmadığından əsaslı yenilənməyə ehtiyac yaranıb. Lakin məktəbin təmiri ilə məşğul olacaq şirkət təmir işlərini düzgün yerinə yetirməyib. Bununla bağlı dəfələrlə aidiyyatı orqanlara məlumat vermişik”, – sakinlərdən Emin Quliyev bildirib. Şikayətçilər deyirlər ki, məktəbdə təhsilin keyfiyyəti də istənilən səviyyədə deyil. Xüsusilə qış soyuq olduğundan sinif otaqlarında dərs keçmək mümkün olmur.
Buna görə də valideynlər uşaqları dərsə buraxmırlar. Məktəbin təhsil göstəricisi məhz şəraitsizliyə görə aşağı düşür.
Məktəbin direktoru Xanbala Qasımov Meydan TV-yə bildirib ki, məktəblə bağlı şikayətlər bir neçə qurum tərəfindən yoxlanılıb. Hətta Elm və Təhsil Nazirliyinin nümayəndələri də yazılan şikayətlərlə bağlı yoxlamalar aparıb:
“Məktəbin dam örtüyü ötən il təmir olunub. Qalanları da mərhələlərlə təmir olunacaq. Şikayəti yazan şəxs Rusiyada oturub və məktəblə bağlı hər tərəfə şikayətlər edir”.
Direktor deyib ki, məktəb odun peçi ilə isidilir və qışda onlara odun verirlər.
“Pəncərələr yaxın vaxtlarda dəyişdiriləcək. Məktəb 1987-ci ildə tikilib, ilk dəfədir ki, təmir olunur”,– X.Qasımov bildirib.
Əlavə edib ki, məktəbə yaxın kəndlərdən də şagirdlər gəlir:
“Məktəbdə 180 parta var və bütün uşaqlara çatır”.
Yeni Zuvand kəndinin 900-ə yaxın əhalisi var.