Masallı sakini 4 il 5 ay sonra dövlətə xəyanət ittihamı üzrə bəraət aldı

Gəncə Apelyasiya Məhkəməsi. Foto: “gancapost.info/”

Sədayıl Şükürov “Tərtər hadisələri”ndən az sonra həbs olunub

Masallı sakini, 4 il 5 ay dövlətə xəyanət ittihamıyla həbsdə saxlanılan Sədayıl Şükürov mayın 31-də Gəncə Apelyasiya Məhkəməsində bəraət alaraq azadlığa buraxılıb. Buna Şamil Rzaquliyevin sədrlik etdiyi, Rafiq Cəfərov və İslam Həsənovdan ibarət hakimlər kollegiyası qərar verib.

1988-ci il təvəllüdlü Sədayıl Şükürov hərbi xidmətdə olarkən həm özü erməni tərəfinə casusluq etməkdə, həm də manqa komandiri kimi, tabeliyində olan əsgəri qarşı tərəfin postuna aparmaqda təqsirləndirilirdi.

O, hərbi xidmətdə 2007-2008-ci illərdə olub. Lakin 2018-ci ilin yanvarında – “Tərtər hadisələri”ndən az sonra həbs olunub. Ona qarşı irəli sürülən ittiham da həmin hadisələrdə həbs olunanlara verilən ittihamlarla bənzərdir.

2018-ci ilin avqsutunda Gəncə Hərbi Məhkəməsinin hökmüylə Sədayıl Şükürov 11 il azadlıqdan məhrum edilib. O, dövlətə xəyanət, tabeliyindəki hərbi qulluqçunu döymə, döyüş növbəsi qaydalarını pozma kimi əməllərdə təqsirli bilinib.

Gəncə Apelyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb. Lakin Ali Məhkəmə apelyasiya instansiyasının gəldiyi nəticəni əsaslı saymayıb. Ona görə də qərarı ləğv edib, bu işin təkrar araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə qaytarıb.

Uzun müddət Gəncə Apelyasiya Məhkəməsində bu iş üzrə təkrar araşdırma aparılıb, zərərçəkmiş qismində tanınan şəxslər və şahidlər yenidən dindirilib. Bu dəfə məhkəmə belə nəticəyə gəlib ki, dövlətə xəyanət ittihamı əsassızdır, bu ittiham üzrə ona bəraət verilməlidir.

Ana səhifəSiyasətMasallı sakini 4 il 5 ay sonra dövlətə xəyanət ittihamı üzrə bəraət aldı