”Maşallah Əhmədov dedi ki, işə görə Xoşbəxt Yusifzadəyə 15 min manat verib”

Keçmiş futbolçunun apelyasiya şikayətinə baxılır

Source:
Maşallah Əhmədov foto trend.az
Maşallah Əhmədov foto trend.az


Keçmiş futbolçunun apelyasiya şikayətinə baxılır

Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən futbolçu Maşallah Əhmədov barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Meydan TV-nin məlumatına görə, hakim Faiq Qasımovun sədrlik etdiyi iclasda M. Əhmədovun vəkili Əli Hüseynov çıxış edib. Vəkil çıxışında deyib ki, M. Əhmədovu hər kəs tanıyır:”Bir erməni kəşfiyyatçısı Azərbaycanda mühakimə olunsaydı əminəm ki, onun hüquqları tam qorunacaqdı. Beynəlxalq təşkilatlar gəlib oturacaqdılar məhkəmədə. Maşallah Əhmədovun hüquqları isə birinci instansiya məhkəməsində pozulub. O, özünü təqsirli bilmir. Bunu mülki məsələ hesab edir. Biz bütün borcu qəpiyinə qədər ödəməyə hazırıq. Burada açıq-aşkar şişirdilmiş məbləğdən söhbət gedir”.

Daha sonra M. Əhmədov çıxış edib. O bildirib ki, dörd nəfər zərərçəkmiş şəxsdən ikisinə dəymiş ziyan ödənilib. Bir nəfəri isə tapa bilmirlər ki, borcu ödəsinlər:

“Yusif Əzizovla isə mənim işbirliyim olub. Sürücüm dedi ki, Yusifin qardaşını tutublar, ona kömək etmək lazımdır. Mən də etdim. Sonra Yusif dedi ki, oğlunu işə düzəltmək istəyir. Dedi ki, sən AFFA-da işləyirsən, Rövnəq Abdullayevlə tanışlığın var, oğlumu SOCAR-a düzəlt. Mən də dedim, ora testdən keçənləri işə götürürlər. Sonra İrandan daş gətirib satmışıq. Əvvəl mən daşların bir hissəsini satdım. Sonra Yusif dedi ki, sən ucuz satırsan, məni aldadırsan. Mən də dedim, get özün sat, pulumu da ver “.

Daha sonra iclasda zərərçəkmiş Y. Əzizov ifadə verib. O deyib ki, əgər M.Əhmədov ziyanı ödəsə, şikayətçi olmayacaq:

“Onun danışdığının heç biri düzgün deyil. Maşallah İranda olan digər arvadının yanına gedirdi. Mən də onunla birlikdə daş gətirməyə getdim. Heç bir şərikliyimiz olmayıb. Qayda belədir ki, İrandan heç kim daş gətirə bilməz. Yalnız “Carter MMC” adına daş gətirmək olur. Biz də elə etdik. Sonra Maşallah daşları məndən xəbərsiz satdı. Mən şikayət etmək istəyəndə dedi: “Gəl, sənə Yasamalda torpaq verim”. Mən də razılaşdım. Dedi, torpaq Fəxrəddin adlı qohumunun adınadır. Fəxrəddin adlı adam tap, torpağı onun adına keçirim. Mən də 20 min manat pul verdim, Fəxrəddin adlı qaynımı gətirdim ki, onun adına keçirsin. Sonradan icra hakimiyyətindən dedilər ki, həmin torpaq başqa adamındır. Bunlardan əvvəl isə Maşalllah demişdi, oğlumu SOCAR-da işə düzəldəcək. Deyirdi, ayda 1500 manat maaş alacaq, sonra xarici ölkəyə göndərəcəklər, orada işləyəcək. Oğlumla bir dəfə Neft Şirkətinə gedib. Oğluma deyib “sən çöldə gözlə, mən Xoşbəxt Yusifzadənin yanına girib pulu verim”. Həmin işə görə də 15 min manat pul vermişdim. Sonra da dedi ki, Xoşbəxt Yusifzadə pulu qaytarmır”.

M.Əhmədov isə deyilənləri təkzib edib və Y.Əzizovun qayınının adına torpaq sahəsi keçirdiyini iddia edib. Hakim bununla bağlı icra hakimiyyətinə sorğu göndəriləcəyini deyib.

Proses aprelin 11-də davam edəcək.

M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

2015-ci il dekabrın 16-da Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Qərardan narazı qalan veteran futbolçu apellyasiya şikayəti ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Lakin apellyasiya şikayəti təmin edilməyib.

Dekabrın 30-da isə Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs-qətimkan tədbirini ləğv edib. Tanınmış futbolçu ev dustaqlığına buraxılıb.

Ötən il avqust ayında isə M.Əhmədovun işi üzrə ibtidai istintaq yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Amma prokurorluq cinayət işini ibtidai istintaqa qaytarılması barədə qərar çıxarıb. İş yenidən ibtidai istintaqda araşdırılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan M.Əhmədov və onun vəkili Samir Abdullayev apellyasiya şikayəti verib. Müdafiəçi müvəkkilinin ittiham olunduğu dörd epizod üzrə M.Əhmədova bəraət, bir epizod üzrə isə həbslə bağlı olmayan cəzanın verilməsini istəyir.

Azərbaycan futbolunun hücumçularından olan M.Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. O, 1977-ci ildən “Neftçi” klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

Ana səhifəXəbərlər”Maşallah Əhmədov dedi ki, işə görə Xoşbəxt Yusifzadəyə 15 min manat verib”