O, Səid Rustayinin müdafiəsi ilə bağlı çağırış edib
Amerikalı rejissor Martin Skorseze altı ay müddətinə həbs edilmiş iranlı həmkarı Səid Rustayinin müdafiəsi üçün petisiya hazırlayıb.
Skorseze petisiyanı şəxsi “İnstagram”ının “bio”sunda yerləşdirərək hər kəsi iştiraka dəvət edib.
“Onun cəzasına etiraz etmək və məsələyə diqqət çəkmək üçün bizim iyirmi gündən az vaxtımız var. Xahiş edirəm, Roustayiyə ədalət axtaran hər kəs petisiyanı imzalasın və paylaşsın. Onun səsi mütləq eşidilməlidir”, – Skorseze qeyd edib.
İranlı rejissor və ssenarist Səid Rustayi “Leylanın qardaşları” (“Leila’s Brothers”) filminin istehsalına və “Kann” Film Festivalında nümayişinə görə altı ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Eyni cəza filmin prodüseri Cavad Noruzbəyinə də verilib.
Tehran İslam İnqilabı Məhkəməsinin çıxardığı hökmdə bildirilib ki, hökmün 1/20 hissəsi, yəni təxminən doqquz gün icra olunacaq, qalan hissəsi isə beş il müddətinə təxirə salınacaq.
Güzəşt müddətində məhkumlar “Kinorejissorluğun əsası” kursunu keçməli və digər kino peşəkarları ilə ünsiyyətdən çəkinməlidirlər.
“Leylanın qardaşları” dram filmi 2022-ci il istehsalıdır.
Tehran ailələrindən birinin iqtisadi problemlərindən bəhs edir.
Baş rollarda Təranə Əlidusti, Navid Məhəmmədzadə və Peyman Maadi çəkiliblər.
Film 2022-ci ildə Kann Film Festivalında Beynəlxalq Tənqidçilər Federasiyasının (Fipresci) xüsusi mükafatına layiq görülüb.
Mükafatlandırma mərasimində Rustayi deyib ki, bu mükafat 2022-ci il mayın 23-də İranın Abadan şəhərində onmərtəbəli binanın çökməsi nəticəsində 41 nəfərin ölümü ilə nəticələnən hadisə qurbanlarına həsr edib.
Rustayinin çıxışı İranda səlahiyyətlilərin qəzəbinə səbəb olub.
İranın İslami İrşad Nazirliyi yanında Kino Təşkilatı “Leylanın qardaşları”nı qadağan edərək prodüser və rejissorun qaydaları pozduğunu və itaətsizlik etdiyini bildirib.
Ondan filmin süjet xəttini dəyişməsi tələb edilib.
Rejissor bundan imtina edib.