Mariya Zaxarova ”Trend”-in əməkdaşını qınadı

“Niyə iki həftə gözlədiniz və bu mövzunu açıq məkanda qaldırmaq qərarına gəldiniz?”

Foto: Lenta.ru


“Niyə iki həftə gözlədiniz və bu mövzunu açıq məkanda qaldırmaq qərarına gəldiniz?”

İyunun 15-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyində ənənəvi brifinq keçirən Mariya Zaxarova “Trend” agentliyinin müxbirinə narazılığını bildirib.

“Turan”-ın məlumatına görə, agentlik bir müddətdir ki, rəsmi Moskva nümayəndələrinin Ermənistanın Baş naziri Paşinyanın fikirlərini pisləməsinə nail olmaq istəyir.

Müxbir XİN-in brifinqinin stenoqramında bu məsələ ilə bağlı M.Zaxarovanın müavininin fikirlərinin dəyişdirildiyini xatırladıb ki, bu da onun fikirlərinin ümumi mənasını dəyişib.

M.Zaxarovanın reaksiyası uzun və kəskin olub:

“Deyin, sizin belə pedantik mövqeyiniz təkcə bu məsələ ilə bağlıdır? Bilirsiniz ki, şəxsən mən bir neçə dəfə mənim və həmkarlarımın sözlərinin necə təhrif olunduğunun şahid olmuşam. Siz də bunu xatırlayırsınız. Belə pedantik yanaşma yadıma sala bilmirəm.

Hesab edirəm ki, bizim brifinqlər faktiki cavablar almaq üçündür. Təəssüf ki, üç ilə yaxındır belə vəziyyətlə qarşılaşıram, belə suallar siyasi bəyanat kimi səslənir. Və siz bu barədə bilirsiniz. Məncə, təəssüf ki, bu, çox mürəkkəb məsələnin nizamlanmasına xidmət etmək üçün edilmir, hansısa başqa məqsədə xidmət edir.

Mən hamıya müraciət edirəm: faktiki, qiymətləndirici informasiya üçün hər zaman buyurun, hər zaman dəqiqləşdirəcəyik, cavab verəcəyik. Ancaq hesab etmirəm ki, iki ölkə xalqlarının, əsasən Ermənistan və Azərbaycanın əziyyət çəkdiyi məsələlər üzrə mahiyyətcə təxribat xarakterli sulların verilməsi düzgündür.

İki həftə ərzində mənə telefon etməmisiniz, mən “Trend” İnformasiya Agentiyindən heç bir zəng almamışam. Bu, çox qəribədir, çünki fikrimcə, əgər bu məsələ bir jurnalist kimi sizi maraqlandırsaydı, agentlik narahat olardı. Yəqin, sizin imkanınız olardı ki, telefonla bunu məndən soruşasınız, ancaq nədənsə bunu etmədiniz. Niyə iki həftə gözlədiniz və bu mövzunu açıq məkanda qaldırmaq qərarına gəldiniz? Deməli, nəyəsə təhrik etmək istəyi var? Bu, nə məqsədlə edilir?

Bizim ölkəmiz Dağlıq Qarabağ probleminin nizamlanması üçün maksimum hər şeyi edir. Niyə? Siz bunu yaxşı bilirsiniz. Əvvəla, biz istəyirik ki, iki xalq, nəhayət, bu qanlı problemi yoluna qoysun. İkincisi, Ermənistanla Azərbaycan arasında münasibətləri inkişaf etdirmək istəyirik ki, onlar da öz aralarında münasibəti inkişaf etdirsinlər.

Mənə belə gəlir ki, bizim sizinlə vəzifəmiz nizamlanma anını yaxınlaşdırmaqdan ibarətdir, uzaqlaşdırmaq deyil.

Bir daha demək istəyirəm ki, bir səbəbdən sizin sualınıza belə monoloq şəklində cavab verməyi özümə rəva bildim: İki həftə ərzində siz nədənsə mənə telefon etməyə imkan tapmadınız. Deyə bilərəm ki, Azərbaycandan mənə çox adam zəng edib. Bu zalda olanların çoxu mənə telefon edib və öz suallarına cavab alıb. Sizin agentlik isə telefon etməyib.

Təklif edirəm ki, konstruktiv işləyək, sual və cavab vermək imkanlarından təxribat məqsədilə yox, əsas məsələni həll etmək üçün istifadə edək. Əsas məsələ isə Dağlıq Qarabağ probleminin həllidir. Siz mənimlə razı deyilsiniz?”

“Trend” agentliyinin bu çıxışa reaksiyası məlum deyil. Əvvəlki günlərdə rəsmi Bakı çıxışlar və bəyanatlar təşkil edərək RF XİN-dən öz səhvini etiraf etməyi və günahkarları cəzalandırmağı xahiş edib.

Belə ki, Bakı bir qrup hökumətyönlü KİV-in RF XİN-ə müraciətini təşkil edib. Müraciətdə ikitərəfli münasibətlərə təsir göstərə biləcək səhvdən narahatlıq ifadə edilib.

Ana səhifəXəbərlərMariya Zaxarova ”Trend”-in əməkdaşını qınadı