Manatla bağlı nigarançılığı necə aradan qaldırmaq olar?

Source:

İlin sonuna sayılı günlər qalıb. Hələ də ilin ən böyük nigarançılığı və ən çox müzakirəsi manatla bağlıdır. Çünki manat yenə növbəti ilə gerçək məzənnəsi ilə qədəm qoya bilmir. Mərkəzi Bank 1 ili də beləcə, boşa xərclədi.

Nəticədə manatın “xəstəliyi” iqtisadiyyatın bütün sahələrinə təsir edib. İl ərzində 50 mindən çox iş yeri bağlanıb, əmək haqqları və pensiyalar dəyərsizləşib, istehlak bazarında nəinki idxal malları, həm də idxal komponentləri olan yerli məhsullar da bahalaşıb. Ən pisi də inflyasiya ikirəqəmli ədədlə ifadə olunub. Xarici borc öhdəliklərini yerinə yetirə bilməyən Azərenerji, ARDNŞ kimi inhisarçı şirkətlərin müraciətləri əsasında elektrik enerjisi və qazın ikinci dərəcəli tarifləri müvafiq olaraq 1.6 və 2 dəfə qalxıb. 2017-ci ildə büdcə kəsiri son 10 ilin zirvəsinə qalxıb, xarici ticarət və tədiyyə balansının mövqeləri xeyli zəifləyib. Bütün bunların nəticəsində manatla bağlı narahatçılıqlar bir az da artıb.

Milli valyuta növbəti ilə 3 məzənnə (valyuta hərracının məzənnəsi, kommersiya banklarının məzənnəsi və “qara bazar” məzənnəsi) ilə qədəm qoyur. Onların arasında “qara bazar” ən çox müzakiə mövzusuna çevrilib. Bəzi orqanlar “qara bazar”ı ləğv etməyi qarşısına məqsəd qoysa da, buna nail ola bilməyib. Çünki manatın banklardakı məzənnələri real bazar dəyərini ifadə edə bilməyib, onun satışı tam liberallaşdırılmayıb, əksinə, valyuta mübadilə məntəqələri bağlanıb. Ən başlıcası isə bəzi banklar özləri “qara bazar”ın əsas təchizatçısına və tədarükçüsünə çevriliblər. İri valyuta əməliyyatlarını qeyri-leqal olaraq həmin bazarlarda reallaşdırdırırlar.

Əslində “qara bazar” kiçik deyil, iri valyuta əməliyyatlarının alqı-satqısı üçün yaradılıb. Bu bazarda ünsiyyət vasitələri də bir çox hallarda canlı deyil, telefon rabitəsi ilə aparılır. Hazırda bir zənglə lazım olan qədər valyuta sifariş verənlər də elə banklarla əlaqəli şəkildə işləyirlər. Çünki banklar üçün “qara bazar” dan çox, onun məzənnəsi əhəmiyyətlidir. Elə ona görədir ki, mətbu orqanlar gündəlik “qara bazar” kursunu dərc etməkdə çətinlik çəkmirlər. Mətbuat da məlumatı real yox, virtual bazarlardan alır.

Bəllidir ki, “qara bazar”da formalaşan məzənnə kommersiya banklarının alqı-satqı kursundan bir neçə qəpik olsa da yuxarıdır. Bu fərq iri valyuta əməliyyatlardan böyük qazanclar götürmək üçün kifayət edir. Ona görə də, hazırkı “qara bazar”lar bəzi kommersiya banklarına lazımdır. Ona görə də, bəzi banklar belə bazarların yaşamasında maraqlıdır.

Manatın gerçək məzənnəsi, tarazlı kursu müəyyənləşməyənədək “qara bazar”lar mövcud olacaq. Odur ki, müvafiq orqanlar “qara bazar”la mübarizəyə deyil, sərbəst üzən məzənnə rejiminə keçid üçün hazırlıq işlərinə daha çox diqqət yetirməlidir. Çünki bundan başqa alternativ yoxdur.

Yekunda məsləhətim odur ki, sonradan peşmançılıq çəkməməyiniz üçün manatla olan borclarınızı ilin sonuna qədər geri almağa çalışın və bu il ərzində manatla yeni borclar verməyin. Çünki növbəti ildə manat dollar nisbəti bu ilkindən xeyli fərqli olacaq.

Ana səhifəAnalitikaManatla bağlı nigarançılığı necə aradan qaldırmaq olar?