”Manatın ucuzlaşması tütünçülüyün inkişafına ciddi problem yaradıb”

”Məhsuldarlığı artırmaq üçün əsaslı işlər görülməlidir, hökumət isə bu işləri görməkdə acizdir”

Source:


”Məhsuldarlığı artırmaq üçün əsaslı işlər görülməlidir, hökumət isə bu işləri görməkdə acizdir”

Fevralın 8-də İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri tütün istehsalı və emalı müəssisələri nümayəndələrinin iştirakı ilə tütünçülüyün inkişafı məsələsini müzakirə ediblər.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətində “Turan İA”-a bildiriblər ki, tütün istehsalı və emalı müəssisələrinin nümayəndələri toxumun idxal rüsumundan azad edilməsi, tütünçülük sahəsinə daha çox güzəştli kreditlərin ayrılması, tütün istehsalının subsidiyalaşdırılması barədə təkliflərini bildiriblər.

Hökumət bu sahəyə marağın daha da artırılması məqsədilə stimulaşdırma tədbirləri həyata keçirəcək, fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradacaq.

Bu il tütün sahələri 2 dəfədən çox artaraq 3 min hektara çatacaq. Tütünçülük sahəsində çalışanların sayı ötən illə müqayisədə 2 dəfə artmaqla 8 min nəfərə çatacaq, deyə İqtisadiyyat Nazirliyində hesab edirlər.

Tütün emalı müəssisələrinin nümayəndələri satınalma qiymətini artırılmaqla birinci növ yaş tütünün bir kiloqramını 25 qəpiyə (2015-ci ildə 1 kq üçün 16 qəpik), ikinci növ yaş tütünün bir kiloqramını 15 qəpiyə (2015-ci ildə 1 kq üçün 8 qəpik) qəbul ediləcəyini bildiriblər.

Dövlətstatkomun məlumatına görə, 2015-ci ildə Azərbaycanda tütün əkini sahələri 22,8 faiz artaraq 1400 ha təşkil edib. Ötən il 3,5 min ton tütün yarpağı yığılıb. Bu, əvvəlki ilin səviyyəsindən 21,3 faiz çoxdur. Emal müəssisələri 1691,5 ton tütün fermentləyib. Bu, əvvəlki ildəkindən 30,4 faiz azdır. Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ilin 9 ayında 1273,5 ton tütün ixrac edilib. Bir ton məhsul $3767 gəlir gətirib.

Tütünçülük sahəsində mövcud durumu Meydan TV-yə şərh edən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli hesab edir ki, tütünçülüyün inkişafı üçün həmişə zəmin olub, amma bu il tütünçülüyün inkişafının reallaşması çətindir. Manatın kəskin ucuzlaşması ciddi problem yaradıb. Birinci növbədə inflyasiya artır, əgər hökumət 12 faizlik inflyasiya deyirsə, bu 2 dəfə artıq olacaq. Belə bir halda kənd təsərrüfatının riskli sahəsi olan tütünçülüyə investisiya yatırmaq çox çətindir. Çünki fermer qoyduğu vəsaiti geri götürmək barədə düşünür, amma inflyasiya güclü olduğundan nəticə alacağına əmin deyil. İndiki vəziyyətdə real sektoru inkişaf etdirmək qeyri-mümkündür. Səbəb də milli valyutanın dəyərdən düşməsi və inflyasiyanın səviyyəsinin yüksək olmasıdır.

Vahid Məhərrəmov

Vahid Məhərrəmov hökumətin bu istiqamətdəki vədlərinə əmin deyil: “Hökumətin bu sahəyə yanaşması səhvdir. Aqrar sektorda problemlər öz həllini tapmayıb. Yalnız məhsuldarlığı artırmaq hesabına fermer inflyasiyadan itirəcəyini və manatın dəyərdən düşəcəyini kompensasiya edə bilər. Məhsuldarlığı artırmaq üçün əsaslı işlər görülməlidir, hökumət isə bu işləri görməkdə acizdir”.

Ekspert düşünür ki, hazırda texnoloqlara, bu işi bilənlərə ehtiyac yaranıb. Bu adamlara şərait yaradılmalıdır ki, məhsuldarlığı necə artırmaq istiqamətində müəyyən işlər görsünlər. Bütün hallarda hökumət kompleks işlər aparmalıdır. Hazırda razılaşmalardan danışırlar, belə razılaşmaların isə hansısa tərəfə zərəri olur. Hər iki tərəfin uduş əldə etməsi mümkünsüzdür. Əgər hökumət zərəri kompensasiya etməyi üzərinə götürsə, bu, başqa məsələ. Amma məsuliyyət yenə sahibkarların, fermerlərin və istehsalçının üzərindədir. Ümyumiyyətlə, hökumət müdaxilə siyasətindən əl çəkməlidir, bazar tənzimləməlidir hər şeyi. Əsas problem odur ki, əksər məmurlar özləri emal müəssisələrinin sahibi olduqlarından razılaşmalara gedirlər. Sadəcə, bu razılaşmalarda özləri xeyir götürməyə çalışacaqlar. Bir daha deyirəm, bu sektora cavabdeh şəxslər qeyri-peşəkar olduqlarından kənd təsərrüfatını ciddi problemlər gözləyir.

Ana səhifəXəbərlər”Manatın ucuzlaşması tütünçülüyün inkişafına ciddi problem yaradıb”