Qubad İbadoğlu qurum rəhbərlərinə ismarıc yolladı
“2016-cı ildə Dövlət Neft Fondunun (DNF) gəlirləri 5,9 milyard ABŞ dolları və yaxud 9,4 milyard manat səviyyəsində olub. 2015-ci ildə isə DNF-nin gəlirləri 7,6 milyard ABŞ dolları və ya 7,7 milyard manat təşkil edib. Göründüyü kimi, 2015-ci ilə nisbətən 2016-cı ildə DNF-nin gəlirləri dollar ifadəsində 1,7 milyard azalsa da, manat ifadəsində əskinə 1,7 milyard artıb. Bunun başıca səbəbi manatın orta illik məzənnəsinin 2015-ci illə müqayisədə ötən il yüksək olmasıdır”.
Bu barədə Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu “Facebook” səhifəsində yazıb.
O, Dövlət Statistika Komitəsinin açıqlamalarını misal çəkərək qeyd edib ki, ötən ilin dekabrında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,75 manata (ilin əvvəlindən 1,60 manata) bərabər olub. Neft hasilatının azalması, onun dünya bazar qiymətinin ucuzlaşmasından olan itkiləri Dövlət Neft Fondu manatın devalvasiyası hesabına nəinki kompensasiya edib, hətta məzənnə fərqindən manatla əlavə qazanc əldə edib:
“Nəzərə alaq ki, ötən il fonda daxilolmalar əsasən daxildə istifadə olunub. Bir sözlə, manatla xərclənib, belə olanda da dünya bazarında neft qiymətlərinin ucuzlaşması səbəbindən gəlirlər dollar ifadəsində azalsa da, milli valyutanın devalvasiyasının hesabına fond büdcə xərclərini tam maliyyələşdirə bilib. Belə ki, ötən 9,4 milyard manatlıq büdcə gəlrilərinə malik olan fondun xərcləri 9 milyard manat təşkil edib. Bu tendensiyanın bu ildə də davam edəcəyi real görünməsə də, yenə də çox şey neftin dünya bazar qiymətlərindən və manatın devalvasiyasından asıldır. Belə olan halda manatın məzənnəsinin ucuzlaşması valyuta satışına görə bazarda hökmran satışa malik olan fondun maraqlarına birbaşa xidmət edir və onun daxili iqtisadiyyata yönələn büdcə xərcləri üzrə öhdəliklərinin icrasına kömək edir. Əks təqdirdə, cari il üçün fondun büdcə kəsirinin onun xərclərində payı 50 faizi ötə bilər”.
İqtisadçı hesab edir ki, əgər bazarda valyuta satışı tək əldən idarə olunursa, manat təklifi isə Mərkəzi Bankın əlahiddə inhisarındadırsa, onda konyuktur məzənnə və buxovlayıcı monetar siyasətlərinin şəxsi, ortaq və korporativ biznes maraqlarına malik olan məşhur 3-lük (Mərkəzi Bank, Maliyyə Nazirliyi, DNF) tərəfindən yalnız məhdudlaşdırıcı fiskal siyasətlə uzlaşdırıldığı halda baş verən iqtisadi proseslər və onların nəticələri azad sahibkarların və istehlakçıların maraqlarına zidd olacaq:
“Bu səbatsız siyasət iqtisadiyyatın daha da kiçilməsini, qeyri-neft sektorunun və onun ixracatının inkişafından qalmasını, işgüzar aktivliyin sönməsinı daha da sürətləndirəcək”.
Qubad İbadoğlu Elman Rüstəmova, Samir Şərifova və Şahmar Mövsümova “hərdən xalqı da düşünün, cənablar”- ismarıcını yollayıb.
Həmin şəxslərin rəhbərlik etdiyi qurumlardan iradla bağlı hər hansı açıqlama verilməyib.