Ekspert: “Manat o zaman dayanıqlı valyuta kimi sərbəst üzən məzənnəyə keçəcək ki…”
“Tədiyyə balansının qeyri-neft sektoru üzrə defisiti 7.3 milyard dollardan çox olub. Tədiyə balansının indiki talbosu ilə manatın real məzənnəsinin hansı nöqtədə qərarlaşacığını proqnozlaşdırmaq imkansızdı.
Amma ümumi nəticəni proqozlaşdırmaq mümkündü – yekun nəticə güclə ayaq üstə tab gətirən iqtisadiyatın tam kollapsı ola bilər”, – İqtisadçı Rövşən Ağayev milli valyutanın tam üzən məzənnəyə keçməsi ilə bağlı hökumətin planlarını şərh edərkən belə deyib.
İqtisadçı bildirib ki, 9 ayın yekunlarına görə, qeyri-neft sektorunun xarici ticarət balansı üzrə kəsir 4 mlrd. 145 mln dollar, xidmətlər balansı üzrə 312 mln. dollar, maliyyə əməliyyatları üzrə 2 mlrd. 935 mln. dollar təşkil edir.
R.Ağayevin fikrincə, manat o zaman dayanıqlı valyuta kimi sərbəst üzən məzənnəyə keçəcək və bu keçid iqtisadiyyat üçün dağıdıcı olmayacaq ki, tədiyə balansının qeyri-neft kəsirinin indiki nəhəng məbləği ən ideal halda profisitlə əvəzlənəcək, ən pis halda minimuma enəcək.
Hökumət manatın məzənnəsinin tənzimlənməsindən imtina edərək tam üzən məzənnəyə keçməyi planlaşdırır.
İqtisadçı Vüqar Bayramov isə “Facebook” səhifəsində yazıb ki, Azərbaycan Mərkəzi Bankı ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) uçot stavkasının artırmasının valyuta bazarımıza təsir etməyəcəyini bildirsə də, okenanın o biri üzündə qəbul edilən qərar yenidən Bakıda dollar qıtlığı yaradıb. Nəticədə, FES-ın qərarından öncə “qara bazar”da 1 dollar 1.83 manata satılırdısa, artıq 1 dollar üçün 1 manat 90 qəpik ödəmək lazımdır. Bu isə o deməkdir ki, FES-in qərarından sonra “qara bazar”da milli valyutamız hər 100 dollarda 7 manat ucuzlaşıb:
“Bankların böyük əksəriyyəti valyuta satışını dayandırdığı üçün aydındır ki, onların elan etdiyi kurs real məzənnə deyil və müqayisə predmeti ola bilməz. Əvvəllər bildirdiyim kimi, “qara bazar”ın ləğvi banklarda dollar satışının tam və fasiləsiz bərpası nəticəsində baş verməlidir. Bu isə o deməkdir ki, FES qərarından sonra və xüsusən də son günlər valyuta bazarında dolların manata nisbətən bahalaşması fonunda Mərkəzi Bank banklarda dolların satışının bərpasına nail olmalıdır. Əks halda, dollar qıtlığı manata psixoloji təzyiqi daha da gücləndirəcək”.