”Manat son 20 ayda 120 faiz dəyər itirib”

Elman Rüstəmov: İdarəetmə götürülsə manatın məzənnəsidə nə baş verəcəyini bilmirik

Source:


Elman Rüstəmov: İdarəetmə götürülsə manatın məzənnəsidə nə baş verəcəyini bilmirik

“Mərkəzi Bank 2016-cı ilin fevralından valyuta bazarına intervensiyanı dayandırıb”.

APA yazır ki, bunu dekabrın 1-də Milli Məclisin iclasında 2017-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, hazırda üzən məzənnənin əsas prinsipləri gözlənilir:

“Buna baxmayaraq, manatın öz dəyərini tapması üçün məzənnənin müəyyən səviyyədə idarə edilməsi siyasəti mövcuddur. Bu gün idarəetməni götürəcəyimiz təqdirdə manatın məzənnəsində nə baş verə biləcəyinə əmin deyilik. Gördüyümüz işlər 2017-ci ildə makroiqtisadi sabitliyin möhkəmlənməsi, manatın məzənnəsinin arzuolunan səviyyədə sabitləşməsi, qiymətlərin sabitliyi, inflyasiyanın azaldılmasına hədəflənib. Bundan sonra inkişafa keçmək üçün kifayət qədər imkan olacaq”.



“20 aya manat 120 faiz dəyər itirib”

İqtisadçı Qadir İbrahimli Meydan TV-yə açıqlamasında baş bankirin fikirlərini mənfi qiymətləndirib. O deyib ki, 20 aydır manat dəyərini itirib və bu itki 120 faiz civarındadır. Davam edən prosesin hansı həddə qədər ucuzlaşacağını demək mümkün deyil. Hətta cənab Rüstəmov da bunu təxmin edə bilmir. Ancaq Azərbaycanla müqayisədə Gürcüstanda, Qazaxıstanda, Ermənistanda, Rusiyada yerli valyutalar artıq sabitləşməyə başlayıb:

“Məsələn, Qazaxıstanın valyutası 24, Gürcüstanın valyutası 30, Ermənistanın valyutası 20 faiz dəyərini itirib. Rusiyanın valyutası əvvəl 45 faiz dəyər itirdi, sonra isə bu rəqəm 15 faizə endi. Azərbaycan manatı isə 120 faiz itkiyə məruz qalıb. Təbii ki, Gürcüstan və Ermənistanın təbii ehtiyatları Azərbaycanla müqayisə oluna bilməz. Amma Azərbaycanda hələ 20 aya yaxın davam edən devalvasiya başa çatmayıb, maliyyə bazarındakı sabitlik pozulub”.

Qadir İbrahimli foto Meydan TV

İqtisadçı bildirir ki, bütün bunlar biznes mühitinə, əhalinin gəlirlərinə və ajiotaja səbəb olur. Əgər problem yaxın vaxtlarda həllini tapmasa, ölkənin maliyyə sektoru çökə bilər.

Digər bir iqtisadçı Rəşad Həsənov hesab edir ki, Elman Rüstəmovun fikirləri yeni deyil, artıq sübut olunub və ictimaiyyət tərəfindən qəbul edilib. Baxmayaraq ki, hökumət 2015-ci il dekabrın 21-də ortaya üzən məzənnəyə keçidlə bağlı mövqe qoydu, amma həyata keçirilən siyasət daha çox tənzimlənən üzən məzənnə siyasəti idi:

“Paralel olaraq monetar və fiskal siyasətdə məhz məzənnəyə hədəflənmiş istiqamət götürülmüşdü. Həmin istiqamətlər pul kütləsinin azaldılması, dövriyyədə mümkün qədər manat çatışmazlığı, büdcə xərcləmələrində kəsintiyə gedilməsi, bankların manatla kredit verməsinin müəyyən formada ləngidilməsiylə daxili bazarlarda xarici valyuta tələbatına nəzarəti mümkün səviyyədə qorumaq idi. Bütün bunlar da öz növbəsində normal şərtlər daxilində valyuta bazarlarında manatın məzənnəsinin formalaşmasını əngəlləyir”.




“Mərkəzi Bank və hökumət manatın taleyi ilə bağlı proqnoz verməkdə çətinlik çəkir”

İqtisadçı deyir ki, bir çox hallarda informasiya təminatı baxımından daha çox məlumatlı olan Mərkəzi Bank valyutanın gələcək dinamikasının proqnozunu daha asan şəkildə verməlidir. Görünən odur ki, hazırda psixoloji amillər və məzənnədə neft amilinin kifayət qədər yüksək olması manatla nələrin olacağını proqnozlaşdırmalarına çətinlik yaradır. Əvvəlki zamanlarda da həyata keçirilən testlər onu göstərir ki, psixoloji amillər gözlənildiyindən artıqdır:

“Neft bazarında olan qiymət dalğalanması Mərkəzi Bank və hökumətin manatın dəyərinin hansı səviyyədə qərarlaşacağını demələrinə əngəldir. Ona görə bir çox istiqamətlərdə, xüsusən tam liberal məzənnəyə keçməklə bağlı çəkingən mövqe götərirlər”.

Rəşad Həsənov bildirib ki, son valyuta hərraclarının keçirilmə qaydası mərhələli şəkildə prosesin aparılmasına hədəflənib:

“Həm də, Neft Fondunun 3 milyarda yaxın manat saxlaması da maraqlıdır. Bu manatı dövlət büdcəsinin büdcə məqsədinin yerinə yetirmə məqsədiylə bazarlarda konvertasiya edib. Faktiki olaraq, Maliyyə Nazirliyi fonddan bu vəsaiti istəmir, halbuki, nazirlik xərclərinin müəyyən bir qismini kəsintiylə icra edib. Bu xərclərdə tənzimləmələrin məqsədli şəkildə həyata keçirildiyini göstərir. Yəni hansısa formada bazarlarda əlavə dalğa yaradacaq ki, manat kütləsi olmasın və prosesə nəzarət edilsin”.



“Gələn il davam etdirilən sərt monetar siyasət dayanmayacaq”

Rəşad Həsənov foto sosial şəbəkə
Rəşad Həsənov foto sosial şəbəkə

İqtisadçı düşünür ki, 2017-ci il 2016 və 2015-ci illərlə müqayisədə sabit keçə bilər. Amma, bu sabitlik heç də uğurlu olmayacaq:

“Çünki gələn il iqtisadi subyektlər kifayət qədər passiv olacaq və bu il davam etdirilən sərt monetar siyasət dayanmayacaq. Bu isə qeyri-neft sahəsində iqtisadi əhval-ruhiyyəni məhdudlaşdıran amil olacaq. Ancaq 30 noyabrda OPEC-in hasilatın kvotalaşdırılması razılığı davamlı olarsa, neftin qiyməti 55-60 dollar arasında formalaşacaq. Bu isə Azərbaycan hökumətinin manevr imkanlarını artıra, manat üzərindəki psixoloji amilləri müəyyən qədər neytrallaşdıra bilər. Bu yolla bazarlarda sabitliyə nail ola bilərlər. Amma maliyyə-bank sektorunda gərginlik davam edəcək ki, bu, gələn il valyuta bazarları üçün kataklizmlərin yaşanmasını vəd edir”.

Ana səhifəAnalitika”Manat son 20 ayda 120 faiz dəyər itirib”