Manat niyə düşdü?

Əlimizdə torba, dükanlara qaçaq?

Source:



Yalnız bircə şeyi anlatmadı, unutdu ana vətən. Demədi ki, birdən manat devalvasiya etsə, dəyərdən, qiymətdən, gözümdən düşsə, nə edim? Əlimdə torba, dükanlaramı qaçım, yeşiknən makaron, konservmi alım, etirazmı edim, satıcıların üstünəmi çığırım, özümü bankın girəcəyində yandırım, ya sosial şəbəkələrdə təlxəklik, şitlik edim? Bəlkə qonşularımı, dostlarımı təbrik edib, göz aydınlığı verim, qohumları gələcəyə qorxunc proqnozlarla xofladım, dəlləkxanada, çayxanada, hamamda, kababxanada camaatı başıma yığıb, bilmədiyimi danışıb, boşboğazlıq edim?

Hərdən könlümə İxtiandr olmaq düşür. İstəyirəm həkim Salvator kimi birisi olsun. Amfibiya adam eləsin məni. Balıq kimi susqun olub, insan cildində Xəzərin lilli dibini gəzib-dolaşmaq, dənizin altını palıd meşəsi kimi örtmüş neft boruları arasında yatıb-oyanmaq istəyirəm. Suiti ovlamaq, yosun yemək, balıqqulağı toplamaq istəyirəm. İstəyirəm, balıqlar şahzadəsi dostum olsun. İstəyirəm, dənizçilər mənim haqqımda əfsanələr, nağıllar uydursun, gecələr parlaq ay altında gözəl Bakı qızları bulvarda sürahiyə söykənib, sahilə çıxmağımı gözləsinlər. İstəyirəm, azad olum, beynim-başım sakit olsun, tənhalığım vacib olsun. İstəyirəm, demokratik Xəzərin ilk sualtı vətəndaşı olum. İstəyirəm, bu şəhərdən rədd olub, uzaqlaşım.

Onda mənim canım sizdən qurtarar, siz də məndən, nəhayət, əl çəkərsiniz.

Amma bütün neqativləri nəzərə alsaq da, mən bu məmləkəti, bu diyarı, bu ölkəni sevirəm. Bu dövlət mənə özümü dərk etdiyim gündən həyat dərsi keçib, yaşamaq, dolanmaq, bir tikə çörək naminə didişməyi öyrədib. İnsanları yola verməyi, ümidləri puç etməyi, arzularımı içimdə boğmağı, günahsız olarkən üzr istəməyi, minnəti götürməyi, istedadsızları alqışlamağı, haqsızlığa göz yummağı, qaraya ağ deməyi, heykələ baş əyməyi, dostlardan imtina etməyi, könülsüz sevməyi və nəhayət ağlayaraq gülməyi öyrədib mənə.

Yalnız bircə şeyi anlatmadı, unutdu ana vətən. Demədi ki, birdən manat devalvasiya etsə, dəyərdən, qiymətdən, gözümdən düşsə, nə edim? Əlimdə torba, dükanlaramı qaçım, yeşiknən makaron, konservmi alım, etirazmı edim, satıcıların üstünəmi çığırım, özümü bankın girəcəyində yandırım, ya sosial şəbəkələrdə təlxəklik, şitlik edim? Bəlkə qonşularımı, dostlarımı təbrik edib, göz aydınlığı verim, qohumları gələcəyə qorxunc proqnozlarla xofladım, dəlləkxanada, çayxanada, hamamda, kababxanada camaatı başıma yığıb, bilmədiyimi danışıb, boşboğazlıq edim?

Deyəsən, siz anlamırsınız ki, artıq heç nə etməyə lüzum yoxdur. İş işdən keçib? Bu, dava-dalaşdan sonra əl-qol atmağa bənzəyir. Çoxdan fikirləşmək lazım idi, azı 10 il bundan qabaq. Əgər düşünüb, fikirləşməyi bacarmadınızsa, ən azından qulaq asmağı öyrənməli idiniz. Heç kimə hay vermədiz, başınız qarışıq idi. Yuxarıda xan evində toy idi, süfrə bolluqdan aşıb-daşırdı, sizdə stolun altında yağlı tikələrin sümüklərin, qalıqların gəmirib, əllərinizi göyə açırdınız ki, ya pərvərdigarə, bu günümüzə şükür!

Ölkənin ziyalıları, düşünən, oxuyan, bilən adamları on il boğazlarını cırdılar ki, belə olmaz, bunun bir sonu var və bu sonluq yaxşı gələcək vəd etmir. Dayanın insanlar, qarınlarınızın qulu olmayın, qurtarın bu vakxanaliyanı. Bilin, agah olun ki, monopoliya, ruşvətxorluq, yerlibazlıq, total savadsızlıq olan yerdə bünövrəli iqtisadiyyat qurulmur. Siz isə biri-birinizlə mühərriki daha böyük həcmli maşınlar, cehiz, iri ekranlı televizor, soyuducu almaq, toylara min adam yığmaqda yarışırdız.

Səsini çıxardanın, sizə reallığı anlatmaq istəyənin, yerinizə durub etiraz edənlərin dalına vedrə bağlıyırdınız. Gülər Əhmədovanın məsələsində “stoyanşik”-nən 20 qəpik davası edənlər, avtobusda sürücüyə çımxıranlar, dilənçiləri söyənlər, bazara öz tərəziləri ilə gedənlər, ustanın pulun kəsənlər heç sormadılar ki, necə olur, orta əmək haqqı ölkədə 300 manat olan yerdə, 2-3 milliona deputat kreslosu satılır. Hardan qazanılır bu qədər nəğd pul?

NİDA-çılar şəhid analarına, əsgər analarına görə çıxdılar meydana. Amma onların öz anaları sonradan tənhalıqda aclıq edirdilər. NiDA-çılara, gənc sosial fəallara “axmaq cavanlar”, “5-ci kolon”, Harlem Shake-ə görə “əxlaqsızlar” deyən sizlər deyildiniz? Demirdiniz ki, yaxşı oldu onları tutdular, dünənin uşaqları kimdi, dövlətnən dövlətçilik edir? Demirdiniz? Bəlkə siz deyildiniz müxalifətə deyən ki, “gördük də hakimiyyətdə olanda çölə çıxa bilmirdik, çörək dalınca saatlarla sırada gözləyirdik”.

QHT-çilərə “ermənipərəst”, “antimilli qüvvələr”, “qrantyeyənlər” adını siz verməmişdiniz? Yazıçıları, jurnalistləri, ziyalı adamların birini “pula satılan”, digərini “mühacirətə can atan” deyib, təhqir edən siz deyildiniz? İndi başınızı tutub, harda gəldi deyirsiz ki, biz nə edəcəyik? Necə yaşayacağıq? Dövlət bizə niyə baxmır? Dövlət sizə heç baxmalı da deyil, çünki bu dövləti siz seçməmisiniz, siz seçkidə belə iştirak etməmisiniz.

“Biz siyasətdən uzağıq” deyən siz deyildiniz? Dindarlara, Hacı Taleyə “radikal-ekstremist”, “dini zombi” deyən siz deyildiniz?

Sovetski məsələsində “artıq pul istəyillər, nə var ee, o balaca daxmalarda, dövlət onlara gül kimi ev verir” kəlməsi sizlərdən çıxıb. Nardaran hadisələrində demirdiniz ki, “yaxşı ki “anklavı” dağıtdılar, azərbaycan qadını çadra geyməməlidir”. Siz deyildiniz bunları deyən?

Bəs, Avropa Oyunlarına, Evrovision-a bilet almaq üçün bir-birinizin üstündən tullanırdınız. İki-üç ay qabaqcadan bilet axtarırdınız. İndi nə oldu? Kreditə, borca girib AZAL-nan Antalyaya, Dubaya uçurdunuz. İndi nə oldu bəs? Deyim, nə oldu? Siz düz sözü deyənin ağzına şilləni polisdən, məmurdan, hakimiyyətdən qabaq vururdunuz. Öyrənmişdiniz “paket” maaşlara. Sormurdunuz hardan gəlir, hara gedir?

Ölürsünüz “çaq-çuq” üçün, iş yerindən oğurlayıb, satmaq üçün. Demirdiniz hanı mənim əmək müqaviləm, hanı mənim sosial sığortam, hanı mənim həmkarlar birliyim. Deyirdiniz ki, belə zordu, belə yaxşıdı. Kim gəlsə, belə olacaq. Guya bir başqası gəlsə, qohum-əqrabanı yığmayacaq?Oğurlamayacaq? Satmayacaq? Belə demirdiniz? Siz bağça, məktəb direktorunun, institutda rektorun, prorektorun cibinə güclə pul soxurduz, pulla təhsil alırdız uşaqlarınız üçün.

Düşünmürdünüz ki, bu olkədə sizdən sonra onlar və onların uşaqları yaşayacaq? Anlamırdınız ki, təhsilsiz, savadsız, primitiv insan öz hüququn bilməyəcək, azad söz hüququ olmayacaq? Qanmadınız ki, sağlam cəmiyyət olmayan yerdə normal iqtisadiyyatı olan ölkə yaranmaz? Siz hələ də başa düşmürsüz ki, güclü iqtisadiyyat insanların yaşayış rifahını tənzimləyir?

Aaa, deyəsən, mən anladım, siz qəbilə, tayfa formasında yaşamaq istəyirsiz. Yığım öz tayfamı, qohum-qardaşı başıma, qız verib qız alım, yeyim-yatım, siyasətə qarışmayım, vətəndaş borcumu unudum, üstümü örtüm, gözləyim ki, canım çıxmasın. Xeyr, daha belə olmayacaq. Amma indi əsla əlinizi başınıza döyərək, nasaz maqnitofon tək “dollar, dollar, dollar” deyərək, sayıqlamaq lazım deyil. Bunu gərək əvvəlcədən fikirləşərdiniz.

Sizə heç kim demirdi tökülün çöllərə, meydanlara. Vurun-yıxın, söküb-dağıdın aləmi.“Bizi basacaqlar dubinka altına” bəhanəsi artıq yersizdi. Maariflənmək, yaradıcı insanlara, ziyalılara dəstək olmaq lazım idi. Uşaqlarınızın təhsilinə, kitablarına pul xərcləmək lazım idi. Hərkəs öz yerində, öz ətrafında haqqsızlığa, özbaşnalığa, yerlibazlığa, məmur lotuluğuna qarşı mübarizə aparmalı idi. Ən azından bilən, mütaliəli insanlara qulaq asmağı öyrənməli idiniz, dəstək olmalı idiniz.

Başınız qarışmışdı toylara, bayramlara, alverə, yeyib-içməklərə, özünüz üçün xülyalar, nağıllar, miflər uydurmuşdunuz. Deyirdiniz, azı yüz il də neft çıxacaq bu diyarda, o vaxta bizdə ölüb gedərik. Demirdiz ki, balalarımı, nəvələrimi qoyub gedirəm, onlar necə yaşayacaq.

İndi də xahiş edirəm, yalvarıram, sizi and verirəm uca Tanrı Krişnaya, məni görəndə sormayın ki, dollar niyə belə oldu, neftin qiyməti niyə düşür? Fırlatmayın söhbəti ABŞ-ın, Rusiyanın, massonların üstünə. Özünüz günahkarsız, laqeyidliyiniz, anadangəlmə xofunuz, savadlı, bilikli insanlara qarşı latent nifrətiniz, əhli-kefliyiniz, yaşadığınız cəmiyyətə apatiyanız yıxdı o manatı. Əl çəkin məndən, rica edirəm.

Mənsə ixtiandr olmaq istəyirəm. Ağzıma su alıb Xəzərin qaranlıq, gün düşməyən dərinliklərində nərə balığı ovlamaq istəyirəm. Xəzərin ilk azad vətəndaşı olmaq istəyirəm.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəManat niyə düşdü?