“İndiki vəziyyətdə hətta amnistiya elan edilsə belə bu, elə bir ciddi nəticələrə gətirib çıxarmayacaq”
“Hər dəfə böhran durumu yarananda maliyyə amnistiyası məsələsi gündəmə gəlir. Nədənsə insanların əksəriyyəti belə düşünür ki, maliyyə amnistiyası elan edilən kimi qanunsuz yollarla vəsait əldə edib onu başqa ölkələrə və ya ofşorlara ötürənlər vəsaitlərini geri gətirəcək və leqallaşdıracaqlar”.
Bu fikirləri İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehdiyev Facebook səhifəsində yazıb.
O, maliyyə amnistiyasının uğurunun bir sıra şərtlərdən asılı olduğunu qeyd edib: “Amnistiyanı elan edən hökumətin xarakteri:ona etimad ediləcəkmi? Ölkədən kənara çıxarılan vəsaitin əldə edilmə xarakteri, yaxud belə əldə edilmənin qanunsuzluq dərəcəsi: vəsait ölkədə biznes (investisiya) mühitinin pisliyi üzündən, vergidən yayındırılma məqsədiylə və ya əlindən alınması təhlükəsi üzündən “qaçırılıb” yoxsa uzun müddət ərzində vəzifə mövqeyindən sui-istifadə etmə, korrupsiya, oğurluq və ya quldurluq yolu ilə əldə edildiyindən gizlədilib? Bundan sonra ölkədə stabil inkişafa inanmaq olarmı? və s. Qərarvermə zamanı bu sualların cavabı çox önəmlidir. Buna görə də hesab edirəm ki, indiki vəziyyətdə hətta amnistiya elan edilsə belə bu, elə bir ciddi nəticələrə gətirib çıxarmayacaq”.
“Sonuncu dəfə 2014-cü ildə hökumətdə mümkün maliyyə amnistiyasının tətbiqi barədə danışılıb. Lakin hələlik bu istiqamətdə konkret addımlar atılmayıb”-deyə iqtisadçı fikrini yekunlaşdırıb.