Siyasi icmalçı: “Həmsədr dövlətin başçısının bu cür açıqlaması yaxşı heç nə vəd etmir”
Fransa Prezidenti Emmanuel Makron Dağlıq Qarabağda hərbi əməliyyatlarla bağlı Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla danışıqlar aparmağı planlaşdırır.
Məlumatı Rusiya mediası yayıb.
E.Makron sentyabrın 30-da Vladimir Putinlə danışacağını deyib:
“Məsələ ilə bağlı sabah ABŞ lideri ilə fikir mübadiləsi aparacam. Böhrandan çıxış yolları ilə əlaqədar təkliflər müzakirə olunacaq”.
Fransa Prezidenti indiki situasiyada Türkiyəni ittiham edib:
“Türkiyənin Azərbaycanın xeyrinə siyasi bəyanatlarını ehtiyatsız və təhlükəli hesab edirəm. Bu müharibə ritorikası Azərbaycanı Dağlıq Qarabağı almağa həvəsləndirir və bu qəbuledilməzdir”.
Konfliktoloq Arif Yunus hesab edir ki, 1994-cü ilə qədər Qarabağ münaqişəsində azərbaycanlılarla ermənilər aparıcı rol oynayırdılar:
“Digər tərəflərdən əsas rolu Rusiya oynayırdı, eyni zamanda, İran və Qazaxıstan da önə çıxırdı. 1994-cü ildən sonra vəziyyət dəyişdi, “Əsrin müqaviləsi”nin imzalanmasının ardınca regiona başqa geosiyasi oyunçular gəldi. Nəticədə əsas rol Rusiyayla yanaşı Avropa dövlətlərinin üzərinə düşdü. Bax, bu üç geosiyasi oyunçu prosesə diktə edə bilir”.
Onun fikrincə, indiki zamanda Fransa Prezidenti Emmanuel Makronun Türkiyə barədə dedikləri həqiqətdən çox uzaqdır:
“Yəni Qərb dövlətləri niyə fikir vermirlər ki, Rusiya Ermənistana çox geniş miqyasda yardım edirdi və edir. Türkiyə Rusiyayla müqayisədə həm mənəvi, həm də texniki baxımdan Azərbaycana daha çox yardım edir. Bəli, Ankaranın vaxtaşırı yardımları olur. Amma Rusiyayla müqayisədə Türkiyənin Azərbaycana dəstəyi o qədər də deyil”.
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər beynəlxalq birliyin və böyük dövlətlərin öncə özlərinə hesabat vermələrini vacib hesab edir:
“Artıq bölgədə 26 ildir atəşkəs müddəti uzanır, bu müddətdə beynəlxalq konfliktin həll edilməsi istiqamətində hər hansı bir real nəticəyə nail olubmu? Və bu real nəticəyə nail olmaq üçün gərəkən siyasi iradəni, təsiri ortaya qoyubmu? Halbuki, Minsk Qrupunun həmsədri olan dövlətlərin hər biri özünün maraqlarına toxunduğunu hesab etdikləri istənilən məqamda sərt, hətta hərbi müdaxiləyə qədər addımlar ataraq problemlərə həll etməyə çalışırlar. Ancaq bizim bölgədə, Azərbaycanın haqqının pozulmasına 26 ildə prinsipial mövqe bildirilməyib. İndi də işğalçıya və təcavüzə məruz qalan Azərbaycana da eyni mesajları yönəldirlər. Halbuki, heç olmasa indi gerçəkləri söyləməliydilər və konfliktin ədalətli, beynəlxalq normalara uyğun həlli istiqamətində mövqe ortaya qoymalıydılar. Amma həmin mövqe ortaya qoyulmayıbdır”.
İsa Qəmbər aparıcı dövlətlərin rəhbərlərinin müxtəlif çağışlarını gözlənilən sayıb. O hesab edir ki, indiki mərhələdə Azərbaycan dövləti bir dövlət olaraq üzərinə düşəni həyata keçirir, öz torpaqlarını işğaldan azad etməklə məşğuldur:
“Bu proses davam etməlidir”.
Siyasi icmalçı İlqar Vəlizadə Fransa Prezdentinin açıqlamasını qəbuledilməz adlandırıb:
“Həmsədr dövlətin başçısının bu cür açıqlaması yaxşı heç nə vəd etmir. İkinci, Makron Ermənistan və erməni xalqına da müraciət edib ki, Fransa hərbi əməliyyatların dayandırılması üçün öz rolunu yerinə yetirəcək. Hətta digər həmsədr dövlət Rusiya balans siyasət göstərməyə çalışır və belə müraciət yaymayıb”.
İlqar Vəlizadə rəsmi Bakının ATƏT-də Fransa prezidentinin mövqeyini gündəmə gətirməsini vacib hesab edir:
“Çünki bir tərəf vasitəçilik öhdəliklərini pozub”.
İlqar Vəlizadənin sözlərinə görə, Fransa Prezidenti Türkiyəni ittiham edirsə, o zaman Azərbaycana dəstək verən Pakistanı da, Ukraynanı da, Əfqanıstanı da, ümumiyyətlə, İslam Konfransı Təşkilatını ittiham etsin:
“Türkiyə Azərbaycana sözdə dəstək verir, onların qoşunu Azərbaycan tərəfdən döyüşə qatılmayıbsa, Makronun söylədikləri acı gülüş doğurur”.
Sentyabrın 21-də Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb ki, Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində əsgər Elşən Məmmədov həlak olub. Sentyabrın 27-də atəşkəs yenidən pozulub. Azərbaycan Prezidenti İlham Əliyev dünən xalqa müraciət edib və ardınca ölkədə hərbi vəziyyət elan olunub. Müdafiə Nazirliyi sentyabrın 27-də yaydığı məlumata görə, Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı kəndləri azad olunub. Bundan əlavə, açıqlamada Ağdərə rayonu və Murovdağ istiqamətlərində erməni postlarının dağıdıldığı, hakim yüksəkliklərin nəzarətə götürüldüyü bildirilir.
Sentyabrın 28-də isə qismən hərbi səfərbərlik elan edilib.
Bu il iyulun 12-14-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində döyüşlər gedib. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib. Ermənistan tərəf isə baş verən döyüşlərə görə Azərbaycanı günahlandırır.
“Tovuz döyüşləri”ndə Azərbaycan tərəfi biri general olmaqla, 12 hərbçisini itirib. Dörd hərbçisinin yaralanması ilə bağlı məlumat yayıb. Ermənistan tərəfi də 7 hərbçisinin ölməsi xəbərini açıqlayıb.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.