Maarif Mürsəlov: Övladımdan əl çəkdim – hökumət bizdən əl çəksin

“Oğlum azad söz dediyinə görə gəlib atanı, valideyni, qohumları incidirlər. Ona görə, oğlumdan imtina etmişəm”

Source:


“Oğlum azad söz dediyinə görə gəlib atanı, valideyni, qohumları incidirlər. Ona görə, oğlumdan imtina etmişəm”

“Heç kəs övladından imtina etməz. Amma bizi çox narahat edirlər. Bütün qohum qardaşımızı narahat edirlər. Ona görə məcburən  övladımdan imtina etdim ki, bizdən əl çəksinlər. Ya da mən də Azərbaycan vətəndaşlığından imtina edib getməliyəm. Mən bu qoca yaşımda haraya gedim?”.

Bu barədə bu günlərdə oğlu Rəsul Mürsəlovdan imtina etmiş Maarif Mürsəlov “Turan İA”-a bildirib.

Rəsul Mürsəlov Türkiyədən olan dostu Alirza Kutlu ilə 2012-ci il iyulun 18-də Balakən rayonunun Gürcüstanla sərhəd Çölçü kəndində saxlanılıb və barələrində “sərhədi qanunsuz keçmə” maddəsi ilə cinayət işi açılıb.

Rayon məhkəməsinin qərarı ilə onların hər ikisi 1 il 6 ay azadlıqdan məhrum edilib. 2014-cü il yanvarın 25-də həbsdən azad edilən Mürsəlov təzyiqlərlə üzləşdiyini bildirir. Mürsəlov bildirib ki, təzyiqlərdən sonra Gürcüstana gedib və barəsində yenidən cinayət işi qaldırıldığını öyrənib və Ukraynaya gedib.

Rəsul Mürsəlov heç bir qanunsuz əməl etmədiyini, həbsinin və sonradan ona qarşı qaldırılan cinayət işinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib. O, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olduğunu iddia edir.

Müxalifət fəalının atası Maarif Mürsəlov Turan-a bildirib ki, polisdən və digər orqanlardan gələrək oğlunun yazdığı yazılara görə ailəyə, qohumlara təzyiqlər edirlər.

“Onlara deyirəm, oğlumu 18 yaşınadək böyütmüşən, əsgərliyini çəkib. İndi onu hökumət bu duruma gətirib. Oğlum nə deyirsə, düz deyir”.

O, təzyiqlərdən danışarkən deyib ki, burada azadlıq yoxdur.

“Oğlum azad söz dediyinə görə gəlib atanı, valideyni, qohumları incidirlər. Ona görə, oğlumdan imtina etmişəm”.

Maarif Mürsəlovun dediyinə görə, qohumlarını işdən azad edəcəkləri ilə hədələyirlər.

“Qohumların nə təqsiri var? Otuz yaşlı bir vətəndaşın söz deməyə ixtiyarı çatmır? Uşaq vətənini də atıb gedib, sürgündədir. Məni də sürgün etmək istəyirlər, mən də çıxım gedim? Qohum-qardaş da getsin? Qoysunlar, rahat yaşayaq”.

Ata hökumətə müraciət edib.

“Mən övladımdan əl çəkdim. İndi  hökumət məndən əl çəksin. Qoysun rahata yaşayaq, rahat ölək. Onsuz da hökumətdən bizə başqa xeyir dəyməyib”, deyə Maarif Mürsəlov qeyd edib.

Ana səhifəXəbərlərMaarif Mürsəlov: Övladımdan əl çəkdim – hökumət bizdən əl çəksin