Məhbusların daha bir problemi: Senzura

Siyasi məhbus. Foto: Pictrider/shutterstock

“Əgər yazışmalara hər hansı müdaxilə olursa, bunun qanunla əsaslandırılması vacibdir”

Siyasi məhbus Hafiz Babalının Bakı İstintaq Təcridxanasında yazdığı tənqidi məzmunlu şeirlər müəssisə rəhbərliyi tərəfindən müsadirə edildiyi barədə ötən həftə məlumatlar yayıldı.  Bu hadisə məhbusların ifadə azadlığı və onların hüquqi təminatları ilə bağlı müzakirələrə səbəb olub.

Azərbaycan qanunvericiliyi və məhkumların hüquqları

Azərbaycan qanunvericiliyinə görə, azadlıqdan məhrumetmə cəzası məhbusların bütün hüquqlarının tam şəkildə itirilməsi demək deyil. Barəsində hökm çıxarılmayan şəxslərin hüquqları “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin olunması haqqında” Qanun, məhkumların hüquqları isə Cəzaların İcrası Məcəlləsi ilə tənzimlənir.

Vəkil Fariz Namazlı Meydan TV-yə verdiyi açıqlamada deyir ki, həbs yerlərində saxlanılan şəxslərin hüquqları geniş şəkildə qorunur və onların yazışmaları əsasən hüquqi çərçivəyə uyğun olaraq həyata keçirilməlidir. Əgər yazışmalara hər hansı müdaxilə olursa, bunun qanunla əsaslandırılması vacibdir:

“Həbs olunan şəxslər tərəfindən məktub, teleqamlar göndərilməsi və yazışmalarının həyata keçirilməsi bir neçə qanunvericilik aktları ilə tənzimlənir. Bunlar – Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında 22 may 2012-ci il tarixli qanunu, Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş Həbs yerlərinin daxili intizam qaydaları, Ədliyyə nazirliyi Kollegiyasının 30 iyun 2015-ci il tarixli 7-N saylı qərarı ilə təsdiq edilmiş Penitensiar müəssisələrdə həbs edilmiş şəxslərin və məhkumların qeydiyyat işinin təşkilinə dair təlima,  Ədliyyə nazirliyi Kollegiyasının 29 dekabr 2011-ci il tarixli 7-N saylı qərarı ilə təsdiq edilmiş Cəzaçəkmə müəssisələrinin Daxili intizam qaydalarıdır.

Fariz Namazlı
Foto: Fariz Namazlının şəxsi arxivindən

Bu sənədlərə görə, həbs edilmiş və ya məhkum edilmiş şəxslər məhdudiyyətsiz sayda məktub, teleqram almaq və ya göndərmək hüququna malikdirlər. Onların məktub və teleqramlarının göndərişləri həbs yerinin müdiriyyəti vasitəsi ilə həyata keçirilir”.

İfadə azadlığı və Avropa İnsan Hüquqları Konvensiyası

Qanunun 15-ci maddəsinə əsasən, məhbusların ədəbiyyatdan, o cümlədən xüsusi ədəbiyyatdan istifadə etmək, kitabxanadan ədəbiyyat, qəzet və jurnal götürmək, şəxsi vəsaiti hesabına yazı ləvazimatı və nəşrlər almaq, eləcə də ədəbi yaradıcılıqla məşğul olmaq hüququ var. Bu hüquqlar yalnız qanunla müəyyən edilmiş hallarda və demokratik cəmiyyətdə zəruri sayılan məhdudiyyətlər çərçivəsində məhdudlaşdırıla bilər.

Azərbaycanın tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi də ifadə azadlığını qoruyur. Maddəyə görə, ifadə azadlığı hüququ yalnız qanunla nəzərdə tutulan və konkret legitim məqsədlərə əsaslanan hallarda məhdudlaşdırıla bilər. Bu maddə ifadə azadlığı hüququnu müəyyənləşdirir; ifadə azadlığı hüququna əsasən, hər kəs öz fikrini ifadə etmək azadlığına malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir.

Müsadirə və senzuradan keçirmə təcrübəsi

Vəkil deyir ki, həbs edilən şəxslərin müdafiəçilərinə göndərmək istədikləri məktublar senzuradan keçirilə bilməz, lakin digər şəxslərə göndərdikləri məktub və teleqram senzuradan keçirilə və ya məhdudlaşdırıla bilər:

“Həbs edilmiş şəxslərin aldıqları və göndərdikləri (müdafiəçiyə göndərdikləri istisna olmaqla) yazışmalar hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə istintaq orqanının və ya həbs yerində rejimi təmin etmək üçün həbs yerinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə məhdudlaşdırıla və ya senzuradan keçirilə bilər. Həmin yazışmaların siyasi məzmun daşıması onların göndərilməsinin qarşısını almaq üçün əsas deyil. Hər bir halda həbs yerinin müdiriyyəti hansısa yazışmanı həbs edilmiş şəxsdən alıb aidiyyatı üzrə göndərmirsə, bu halda əsaslandırılmış qərarı yazılı şəkildə həmin şəxsə təqdim etməlidir ki, bu qərarın qanuniliyi mübahisələndirilə bilinsin.”

Başqa sözlə, təcridxana rəhbərliyi H.Babalının şeirlərini müsadirə etmək üçün ilk növbədə, həbs yerlərində saxlanılan şəxslərin hüquqlarına dair qanunvericiliyə əsaslanmalıdır.

Vəkil deyir ki, Hafiz Babalının şeirləri satirik üslubda yazılıb və əsasən onun həbsi ilə bağlı hökumətə tənqidi münasibətini ifadə edir. Şeirlərdə ictimai təhlükəsizliyə və ya intizam qaydalarına təhdid təşkil edən hər hansı məzmun yer almır. Bu baxımdan, təcridxana rəhbərliyinin şeirləri müsadirə etmək üçün hüquqi əsasları görünmür.

Fariz Namazlının bidlidrdiyinə görə, müsadirə zamanı rəhbərliyin konkret hüquqi istinada yer verməməsi və şeirlərin müsadirəsinin zərurətini əsaslandırmaması, onların addımlarının qanunvericiliyə zidd olduğunu göstərir. Nəticə etibarilə, bu hal həm Azərbaycan Konstitusiyası, həm də Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi ilə qorunan ifadə azadlığı hüququnun pozulması kimi qiymətləndirilə bilər.

Senzura praktikası

Azərbaycanda həbs edilmiş şəxslərin yazışmalarının senzuradan keçirilməsi təcrübəsi mövcuddur və əvvəlki illərdə də dəfələrlə həbs edilən şəxslərin məktubyazışmalarına həbs yerlərinin müdiriyyəti tərəfindən məhdudiyyətlər tətbiq edilib:

“Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi 24 mart 2022-ci ildə Zayidov Azərbaycana qarşı qərar da qəbul edib. Belə ki, həmin işdə, Azadlıq qəzetinin o vaxtkı baş redaktoru Qənimət Zahid (Zayidov) 2007-ci ildə Bakı İstintaq Təcridxanasında (o vaxtkı 1 saylı Bakı İstintaq Təcridxanası) saxlanılan zaman 203 səhifə həcmində yazılar yazıb. Bu yazılar ölkədə baş verən ictimai, siyasi hadisələr barəsində olub. 2008-ci ilin may ayında o, 17 saylı Cəzaçəkmə müəssisəsinə köçürülən zaman həmin əlyazmalar onun əlindən alınaraq yandırılıb. Həmin əlyazmaların ondan alınmasının səbəbi kimi əlyazmalarda ölkə rəhbərliyinin ünvanına təhqiramiz ifadələrin qeyd edilməsi göstərilib. Avropa Məhkəməsi daxili qanunvericiliyin təkmil olmaması və əlyazmaların dərhal yandırılması ilə ərizəçinin bunun qarşısını almaq üçün hüquqi prosedurun mövcud olmaması qənaətinə gələrək Konvensiyanın 10 (ifadə azadlığı) və 6 (ədalətli məhkəmə araşdırılması hüququ) maddələrinin pozuntusunu tanıdı”, – deyə Namazlı bildirib.

Vəkil qeyd edir ki, həbs edilmiş şəxslər bu hallar daxilində həmin qərardan məhkəməyə, həbs yerinin müdiriyyətinin qərarından isə həmçinin yuxarı vəzifəli şəxsə şikayət etmək hüququna malikdirlər.

Eyni zamanda həbs edilmiş şəxslərin müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəməyə, həbs yerinin fəaliyyətinə nəzarəti həyata keçirən orqanlara, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), BMT-nin insan hüquqlarının və azadlıqlarının müdafiəsi ilə məşğul olan qurumlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə və ya işgəncənin və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinə ünvanladıqları təkliflər, ərizələr və şikayətlər təxirə salınmadan aidiyyəti üzrə göndərilir. Bu təkliflər ərizələr və şikayətlər, habelə onlara verilən cavablar senzuradan keçirilmir.

Ana səhifəSiyasətMəhbusların daha bir problemi: Senzura