Məhkəmə Hacı Vəliyevi həbsdə saxlayıb (Yenilənib)

Hacı Vəliyev. Foto: Şəxsi Facebook səhifəsi

Məhkəmədə məlum olub ki, Hacı Vəliyev cərimə kamerasına salınıb

Bu gün, mayın 14-də Xətai rayon Məhkəməsində həbsdə olan İkinci Qarabağ Müharibəsi iştirakçısı,“Gənc Qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

Hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə Hacı Vəliyevin vəsatəti təmin olunmayıb, o,  həbsdə saxlanılıb.

Məhkəmədə o da məlum olub ki, Hacı Vəliyevin keçən həftənin dördüncü günü, mayın 8-də 3 günlük cərimə kamerasına (karser) salınıb.

“Gənc Qazilər” İctimai birliyindən verilən məlumata görə, Hacı Vəliyev bunu bu gün mayın 14-də Xətai rayon Məhkəməsində keçirilən məhkəmə prosesi zamanı deyib.  

O bildirib ki, buna müayinə zamanı həkimlə arasında yaranan mübahisə səbəb olub.

 Vəliyevin “qaziyəm, yaralarım ağrıyır” sözlərinə cavab olaraq həkim “cəhənnəmə ki, qazisən” deyib”, – məlumatda vurğulanır.

Məlumata görə, Hacı Vəliyevi üç gün cərimə kamerasında saxlamaqla yanaşı, pensiya və prezident təqaüdü kartını da bloklayıblar.

Hacı Vəliyev İkinci Qarabağ Müharibəsindən sonrakı dövrdə döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin və şəhid ailələrinin problemlərini ictimailəşdirirdi.

O, 2025-ci il martın 18-də küçə ticarətilə məşğul olan qazilərin polis müdaxiləsinə məruz qalması ilə bağlı videomaterial yaymışdı.

Martın 31-də polis əməkdaşları onu saxlayıb.

Hacı Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.

Hacı Vəliyev ona qarşı irəli sürülən ittihamları qəbul etmir.

Məlumata görə, mayın 12-də Hacı Vəliyev 1 Saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Ana səhifəSiyasətMəhkəmə Hacı Vəliyevi həbsdə saxlayıb (Yenilənib)