”Loğmed” klinikası fəaliyyətini dayandırmaq istəyir

Nazim Bəydəmirli: ”Sahibkarlığın perspektivini görmürəm”

Source:


Nazim Bəydəmirli: ”Sahibkarlığın perspektivini görmürəm”

İqtisadçı-alim, sabiq deputat Nazim Bəydəmirli sahibi olduğu “Loğmed” klinikasının fəaliyyətini dayandırmaq istəyir.

Bu barədə Meydan TV-yə məlumat verən Nazim Bəydəmirli deyir ki, bu addımı atmağa bir çox səbəbi var:

“2012-ci ildə, Azərbaycanda inhisarçılığın qızğın vaxtı klinikamıza lisenziya alarkən Cərrahiyyə şöbəsinə lisenziya vermədilər. Səhiyyə Nazirliyi əsassız olaraq lisenziyanı məhdudlaşdırdı, bununla klinikanın işçilərinin 70 faizi ixtisar olundu, buna məcbur edildik. 2012-ci ildən sonra Vergilər Nazirliyi bir neçə dəfə klinikada operativ yoxlama aparıb, potensialımızı görüb tərəfdaşlıq müqaviləsi imzalayıblar. Hər ay işimizin olub-olmamasına baxmayaraq vergiləri ödəmişik. Bir-iki dəfə yoxlamağa təşəbbüs göstərilsə də, hronometraj yoxlama təklif etmişəm, hətta tərəfdaşlıqdan çıxmağın mümkünlüyünü də demişəm. Yəni faktiki gəlirin vergisini ödəyək”.

Nazim Bəydəmirli bildirib ki, klinikanın fəaliyyətini dayandırmaq qərarı onun şəxsi məsələsi olmadığı üçün ictimailəşdirir:

“Sual yaranır; niyə iş yerləri bağlanır? Nə üçün kiçik və orta sahibkarlığa təzyiqlər davam edir, arxasında məmur-oliqarxlar dayanan böyük müəssisələrin isə gəlirləri artır?! Əlbəttə, baş verənlər inhisarçılığın inzibati metodunun güclənməsinin təzahürüdür. Rəqabət artdıqca, bazardan digərlərini sıxışdırmaq adiləşir. Ona görə noyabrın 13-də operativ vergi yoxlamasına gələn rəsmilərə fikirlərimi ifadə edib, rəhbərliyə çatdırılmasını təkid etdim. Necə ki, 2012-ci ildə metal istehsalçılarına hücumlar təşkil olunmuşdu, hazırda oxşar hücumlar klinikalara qarşı başlayıb. O zaman müxtəlif televiziyalarda və internet resurslarında çıxışımızdan sonra lisenziyaların müddətsiz verilməsi gündəmə gətirildi və icra hakimiyyəti orqanlarından alındı. Yarımçıq addım olsa da, qərar özəl müəssisələrin imkanlarını bir az genişləndirdi. İndi də problemi özümə görə ictimailəşdirmirəm, ölkə iqtisadiyyatında olan mənzərəyə diqqət göstərilməsinin tərəfdarıyam. Məmur sahibkarlığı bütün rıçaqlardan istifadə edib bazarın fəaliyyətini məhdudlaşdırdığından bu işin perspektivini görmürəm. Ona görə ziyanın yarısından qayıtmağı gəlir hesab edirəm”.

Nazim Bəydəmirli

Sahibkar deyir ki, 10 il fəaliyyət göstərən Cərrahiyyə şöbəsinin lisenziyası bərpa olunmasa, qərar qəbul etməli olacaq:

“Əgər klinika fəaliyyətini dayandırıb, maliyyəsini banka yatırtsa, daha real gəlir əldə edər, yaxud başqa bir ölkədə klinika qursaydıq, daha səmərəli olardı. Vergilər Nazirliyinin operativ vergi yoxlaması vadar etdi ki, belə qərar verilsin. Prezidentin yoxlamalarla bağlı açıqlaması əslində nazirliyin bu tipli addımlarını daha da yumşaltmalıydı, bu barədə özlərinə də dedim. Tərəfdaşlıq müqaviləsinin mahiyyəti də odur ki, hər ay müəyyən vəsait ödənir və iki tərəf bir-birinə hörmət edir. Əgər etibarlılıq yoxdursa, belə şəraitdə işləməyin mənası olmur, o zaman yoxlama təyin edib istənilən sahibkarı bazardan çıxardarlar. Mən bu perspektivi görüb klinika sektorundan çıxmaq niyyətindəyəm. Yeri gəlmişkən, metal sektorunu başqa ölkəyə köçürmüşəm. Mənim bütün deklorasiyamda hər şey şəffaf göstərilib, 2005-ci ildə deputat seçiləndə əmlakım haqda məlumat verilib, 2004-cü ildə 30 faiz səhmim olan “Avtoqarant” ASC-dən hələ divident almamışam. Hər ay isə ordan 15-20 min manat verginin yayındırılması barədə müvafiq nazirliyi məlumatlandırmışam. Hətta DİN-ə bir neçə dəfə bizim auditi müəssisəyə büraxmadıqları barədə müraciət etmişəm. Təəccüblüdür ki, dövlətin marağı olan müəssisədə vergi yoxlaması aparılmır, amma tərəfdaşlıq müqaviləsi bağlanmış klinikada yoxlama aparılır. Bunlar müflis duruma salınıb, bax, ona görə sahibkarlığın perspektivini görmürəm”.

“Loğmed” klinikası 2003-cü ildə təsis olunub.

Vergilər Nazirliyinin mətbuat xidməti Meydan TV-nin suallarını cavablandırmayıb.

Ana səhifəXəbərlər”Loğmed” klinikası fəaliyyətini dayandırmaq istəyir