Liderini Robin Qud elan edən müxalifətçi

Mənim oyanıq zombilərim….

Source:


“Mən siyasətə qarışmıram”.

Bu günlərdə siyasətçilərdən biri ilə söhbət edirdim. Müxalif partiyalardan birinin sıravi üzvü idi. Söhbət əsnasında məni inandırmağa çalışırdı ki, üzvü olduğu partiya ölkənin ən güclü partiyasıdır və hətta hakim partiya belə onlardan çəkinir…

Ondan bir neçə gün əvvəl isə bir məclisdə iştirak edirdim. Məni məclisə dəvət etmiş qohumum bir masa ətrafında oturanları təqdim etdi. Jurnalist olduğumu bilən kimi məclis əhvalı dəyişdi və hamı xoşlamadığım mövzudan – siyasətdən danışmağa başladı. Hamı dönüb oldu bir anlıq siyasətçi. Məlum oldu ki, masa ətrafında həmdə stajlı müxalifətçi də var. Nimdaş geyimli, zəif, rəngi solmuş həmin şəxs müxalif mətbuatda yazılanlardan, haqqdan – ədalətdən söz açdı. Sonda isə yenə söhbət fırlanıb gəldi liderlərə. Adam öz liderini az qala peyğəmbər səviyyəsinə qaldırdı. İddia etməyə başladı ki, onun lideri hakimiyyətlə heç bir oyun birliyində-filanda iştirak etmir. Bir sözlə adamın təbirincə, Azərbaycanda bir nəfər kişi varsa, o da onun lideridir….

Adətən, heç kim məndən inciməsin, mən belə söhbətləri yola vermək üçün susuram. Cavab vermirəm. Amma nədənsə bir xeyli müddət həmin insanın vəziyyəti məni düşündürür. Normal cəmiyyətdə insanların siyasətlə maraqlanmağı, gündəmdə olan hadisələrə biganə qalmamağı vətəndaş borcu sayılır. Amma normal cəmiyyətlərdə…

“Mən siyasətə qarışmıram” – kəlməsi isə bəlkə də Azərbaycanda ən çox işlədilən, eşidilən, jurnalistlər arasında məsxərəyə qoyulan cümlələrdəndir. Bayaq söz açdığımız normal cəmiyyətlərdə isə bəlkə də belə kəlmə işlədən olsa ona “zombi” kimi baxarlar. Doğrudur, indi siz mənə inkişaf etmiş ölkələri misal gətirə bilərsiniz. Bəli, həmin misal gətirdiyiniz ölkələrdə insanlar baş nazirin kim olmasını bilməyə bilərlər. Çünki sistem elə qurulub ki, onlar həyatlarını yaşayırlar, onları şəxsiyyətlər deyil, verilən qərarlar, qəbul olunan qanunlar maraqlandırır. Amma hər kəs öz ərazisini təmsil edən bələdiyyə sədrini, deputatını və ya palata üzvünü, merini, prezidentini yaxşı tanıyır. Çünki seçkiyə gedir. Getməmişdən öncə isə kimə səs verəcəyini araşdırır, müəyyənləşdirir. Vətəndaş olaraq, cəmiyyət olaraq fəaldırlar. Bizdə belə deyil. İnsanları öz həyatları maraqlandırır. Əksəriyyət seçkiyə inanmır, getmir. Seçkili orqanlarda onları təmsil edənləri tanımır və.s. Bunun da tarixçəsi var. Bu barədə başqa vaxt. Nəticə budur ki, əksəriyyət siyasətə qarışmır, verilən qərarlardan, qəbul edilən qanunlardan xəbərsizdir, xəbərləri belə olsa, onları qane etmirsə, etiraz etmək hünərləri yoxdur. Ona görə də “mən siyasətə qarışımıram” kəlməsi ilə özlərini bir növ sığortalamış və ya haqq qazandırmış olurlar.

Amma oyanıqlar da var. Hələ də siyasətlə maraqlanan, ölkənin taleyinə biganə qalmayan insanlar. Az da olsa, var. Bu azların böyük əksəriyyəti isə bəzi müxalif partiyaların üzvləridirlər. Öz partiyalarını yeganə müxalif partiya, liderlərini isə “Robin Qud” hesab edənlər. Bu barədə ağızdolusu danışırlar, sosial şəbəkələrdə, mətbuatda müharibə aparırlar. Başqa söhbətləri yoxdur.

Amma yəqin ki, həmin şəxslər indi verəcəyim suallar barədə düşünmək istəmirlər. Mənsub olduğum partiya bu günə kimi nə edib? Mənim liderim bu illər ərzində hansı uğura imza atıb? Daxili çəkişmələrdən başqa hansı layihələri olub? İqtidara söz keçirə bilibmi? Hansısa proqramı, uzunmüddətli strategiyası varmı? Mənsub olduğum partiyanın və onun liderinin cəmiyyətə “konstruktiv müxalifət” adı ilə iqtidar tərəfindən təqdim olunan digər partiya və onun sədrlərindən nə fərqi var? Və. s. Və.i.

Əslində, sualları çoxaltmaq da olardı. “Mən bu partiyaya üzv olduğum üçün işdən-gücdən məcburi atılıramsa, çörəyə möhtac qalıramsa, mənim liderim bahalı maşını hansı pulla alıb?” kimi suallar. Amma nədənsə, belə sullardan həmişə çəkinmişəm deyə, sizə də məsləhət görmədim. Yuxarıdakılar bəs edər.

İndi cavablar yazılacaq. Sosial şəbəkələrdə. Məni az qala güllə-barana tutacaqlar. Hətta məni güllə-barana tutmaq əmrini belə bəlkə də həmin liderlər verəcək. Özləri də oturub ləzzətlə bu müharibəni seyr edəcəklər və gülüb deyəcəklər: “Mənim oyanıq zombilərim”.


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəLiderini Robin Qud elan edən müxalifətçi