''Lider TV bir itə görə məhv oldu''

“İlk uşağı olanda maaşımız 1, ikinci uşaqda isə 4 ay gecikdi. Bu adam özündən çox gənc bir xanımla ailə qurub. Onu yaxşı yaşatmaq üçün telekanalı da, işçiləri də müflis edib”, - adının açıqlanmasını istəməyən mənbə Meydan TV-yə belə deyib.

Söhbət “Lider” telekanalının rəhbəri Ədalət Əliyevdən gedir. Telekanalın əməkdaşları ötən həftə Meydan TV-yə yazaraq nə az, nə çox – düz 4 aydır ki, maaş ala bilmədiklərini demişdilər:
“Bu azmış kimi işçiləri də ixtisar edirlər. Telekanalın müstəqil olduğu deyilir. Ancaq hamı bilir ki, bu televiziya hakim ailəyə məxsusdur. Bu, o deməkdir ki, Əliyevlər düz 4 aydır işçilərinə maaş verə bilmirlər”.

“3 şirkət 1 ünvanda”

Bu, “Lider” əməkdaşlarının maaşla bağlı ilk müraciəti deyil. Daha öncə də onlar aylarla əmək haqqı ala bilmədikləri ilə bağlı şikayətlənmişdilər.

 

Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına görə, “Lider TV və Radio-Azərbaycan” MMC-nin hüquqi təmsilçisi Ədalət Hüseyn oğlu Əliyevdir. Telekanalın hüquqi ünvanı isə Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi ev 83/2-dir. Həmin ünvanda qeydiyyatda olan tək şirkət “Lider” deyil. Ədalət Əliyevə məxsus “Şəms” və onun xanımı Nailə Telman qızı Əliyevanın “The Doggie Styles” şirkətinin də hüquqi ünvanı eynidir.

“Xanımını məmnun etmək üçün yüzlərlə insanı işsiz, pulsuz qoydu”

Nailə Əliyeva heyvanları sevir. Özü də müsahibələrində heyvanların bəslənməsi, bəzənməsi üçün mərkəz yaratmaq istədiyini xəyal etdiyini deyir. Ədalət Əliyevə yaxınlığı ilə tanınan mənbə isə deyir ki, o, “The Doggie Styles” MMC-ni də məhz xanımını xoşbəxt etmək üçün açıb. Şirkət ev heyvanlarının baxımı ilə məşğuldur.

“Deyərdim “Lider” telekanalı bir itə görə müflis olub. Ədalət Əliyev heyvanları sevir, it saxlayır. Bir gün itini həkimə aparanda orada çalışan bir xanıma aşiq olur. Onu əvvəlcə katibəsi kimi işə aldı. Sonra telekanalda ona veriliş açdı. Nəhayət həyat yoldaşını boşayıb, onunla evləndi. Həmin xanım Nailə Əliyevadır. Oğlu Ayxan Əliyev bundan sonra “Lider”-in vitse-prezidentliyindən istefa verdi. Ədalət Əliyev xanımını Maldivdə, Avropada istirahətə aparmaq, ona şirkətlər, itlərlə bağlı gözəllik salonları açmaq üçün yüzlərlə insanı işsiz, pulsuz qoydu”.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev, Ədalət Əliyev və xanımı Nailə Əliyeva

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev, Ədalət Əliyev və xanımı Nailə Əliyeva

“Öz pulları bitəndən sonra telekanalın büdcəsinə əl uzatdılar”

Mənbə bildirir ki, onlar bu israfçılıqlarını gizlətmirlər. Getdikləri ölkələrin, gəzdikləri yerlərin fotolarını sosial şəbəkələrdə paylaşırlar:
“Bu qədər gəzməyə, israfçılığa pul dayanarmı? Öz pulları bitəndən sonra telekanalın büdcəsinə əl uzatdılar. Sonu da “Lider”in müflis olması ilə bitdi. Maaşa görə işdən ayrılmaq istəyənlərə 20-30 manat verib yola salırlar. Telekanal pis vəziyyətdədir, ancaq bunlar gəzməklərindən qalmırlar. Təkcə reklam və sponsorlardan gələn 1 günlük vəsaitlə işçilərin 1 aylıq maaşını ödəyə bilərlər, ancaq etmirlər”.

“1 ayda 150 nəfəri ixtisar etdilər”

Mənbə bildirir ki, hazırda rəhbərlik telekanalı düşdüyü durumdan çıxarmaq istəyir. Bunu ixtisar və gecələr yayımı kəsməklə edir:
“MTRŞ-ya ərizə ilə müraciət edib avqustun 21-dən yayımı gecə 1-dək etdilər. Bununla da 150 işçi ixtisar olundu. Efir vaxtı azaldığı üçün Yayım Şurasına verdikləri qonorarda 8 saatın pulunu kəsdilər. Reklamlar normalda da gecə saat 11-dək olduğundan bu baxımdan heç bir problem yaşanmadı. Bəs yaxşı, indi pulları hara, nəyə xərcləyirlər? Nə açıqlayır, nə də qalan işçilərin maaşlarını ödəyirlər”.

“Nailə Əliyevanın heyvan sevdası “Lider” telekanalını məhv etdi”

Ədalət Əliyevin xanımı Nailə Əliyeva “Lider”də “Mənim Dostum” verilişinin aparıcısıdır. Veriliş heyvanlarla bağlıdır. Gedən verilişlərin çoxu “Youtube” kanalına yüklənir. Nailə Əliyeva verilişlərin birində həyat yoldaşı Ədalət Əliyevin bağda pişiklər üçün ev tikdirdiyini söyləyir. Mənbə bildirir ki, heyvanları sevmək yaxşı xüsusiyyətdir. Onlara ev, yemək vermək lap əladır:
“Ancaq bunun müqabilində insanları evsiz və yeməksiz qoymağın adı nədir? Tək bildiyim var. Ədalət Əliyevin Nailə, Nailə Əliyevanın isə heyvan sevdası “Lider” telekanalını məhv etdi. Min oyundan çıxdılar. Vergilərdən yayınmaq üçün maaşların yarısını kartla, qalanını isə şirkətdən alırdıq. İndi maaş olmadığına görə nə karta pul köçür, nə də şirkət işçilərə bir qəpik ödəyir. Heç olmasa əvvəl qorxub karta pul köçürürdülər ki, guya “Lider” TV rəhbərliyi vergilərdən yayınmır. İndi ondan da qorxan yoxdur”.

Ədalət Əliyev və xanımı Nailə Əliyeva Xorvatiyada

Ədalət Əliyev və xanımı Nailə Əliyeva Xorvatiyada

“Ədalət Əliyev birinci xanımından boşanandan sonra maliyyə kəsildi”

Başqa bir mənbə isə Meydan TV-yə deyib ki, telekanalın müflis olmasının tək səbəbi israfçılıq deyil: "Ədalət Əliyevin əvvəlki həyat yoldaşı birinci xanım Mehriban Əliyevanın qohumu olub. Onun vasitəsilə telekanalın maliyyələşməsi Vergilər Nazirliyinə tapşırılmışdı. İllərdir telekanalın maliyyəsini nazirlik verirdi. Ədalət Əliyev birinci xanımından boşanandan sonra problemlər başladı, maliyyə kəsildi. Ola bilsin, xanımın tapşırığıdır. Əliyevdir deyə birdəfəlik vurmurlar, amma yavaş-yavaş sıradan çıxaracaqlar. Vergilər Nazirliyi maliyyəni kəsəndən sonra bir ara söz yayıldı ki, bundan sonra telekanalı Gömrük Komitəsi maliyyələşdirəcək. O söhbət də boş çıxdı. Nəticədə Ədalət Əliyev hardasa avqustun sonu gəlib kanaldakı otağını boşaltdı. Nə getdiyini, nə də ki, qaldığını dedi. Vəziyyət belədir. Hazırda işçilər belə bilmirlər sonlarının necə olacağını".

“Əmək haqları ilə bağlı sualınızı cavablamaq səlahiyyətimiz yoxdur”

Meydan TV deyilənlərin həqiqət olub-olmadığını öyrənmək üçün “Lider” telekanalı ilə əlaqə saxlayıb. Ümumi şöbədən müdiriyyətin hazırda telekanalda olmadığı, vəziyyətlə bağlı hər hansı açıqlama verə bilməyəcəklərini bildiriblər:  “Bu barədə nəsə deyə bilmərik. Müdiriyyət icazə vermir. Əmək haqları ilə bağlı sualınızı da cavablamaq səlahiyyətimiz yoxdur”.

“Bu, mənim şəxsi biznesimdir”

Nailə Əliyeva isə Meydan TV-yə telekanal əməkdaşlarının dediklərinin yalan olduğunu bildirib:

“Bu, mənim şəxsi biznesimdir. 6 ildir ki, mənim salonlarım var. Bunun “Lider”ə və ya onun büdcəsinə dəxli yoxdur. Artıq nə danışacaqlarını bilmirlər. Telekanal əməkdaşlarının "əmək haqqı almırıq" demələri də yalandır. Maaşlar hissə-hissə verilir. Ötən ay da verilib, bu ayın sonu da ödənəcək. 150 nəfərin ixtisarı söhbəti də doğru deyil. Mən dəqiq rəqəmləri bilmirəm. Düzünü işçilər, bir də yoldaşım bilər”.
Hökumətyönlü “Lider” TV 1 sentyabr 2000-ci ildə fəaliyyətə başlayıb. Lider TV&Radio Azərbaycan MMC-nin sahibi Ədalət Hüseyn oğlu Əliyevdir.

“WikiLeaks”-in 2010-cu ildə birinci xanım Mehriban Əliyevanın ailəsinə aid bizneslə bağlı araşdırmasında “Lider” TV və “Nərgiz” kosmetika firmasının Paşayevlərə məxsus olduğu deyilirdi. “Paşa Holdinq” də ailəyə məxsusdur. Holdinqə “Paşa Bank”, “Paşa Sığorta”, “Paşa Construction” və “Paşa Travel” daxildir.

Telekanal illərdir vətəndaş cəmiyyəti, müstəqil jurnalist və QHT-lər, o cümlədən siyasi əsaslarla həbs edilənlərlə bağlı hökumətyönlü sujetləri yayımlayıb. Kanalın rəsmi təmsilçisi Ədalət Hüseyn oğlu Əliyev isə prezident İlham Əliyevin mərhum əmisi, xalq rəssamı Hüseyn Əliyevin nəvəsidir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ix3ebv

Ən çox baxılan