Teleradio İstehsalat Birliyi məhkəməyə müraciət edib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məhkəmədə “Lider” telekanalına qarşı iddia qaldırıb. İddiaçı nazirliyin tabeliyindəki “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyidir.
İddiaya Bakı Kommersiya Məhkəməsində hakim İlham Əhmədovun sədrliyilə baxılır.
“Teleradio İstehsalat Birliyi iddia ərizəsini mayın əvvəlində məhkəməyə təqdim edib. Mayın 31-də hazırlıq iclası keçirilib. Məhkəmə iclası iyunun 8-nə təyin edilib. İddia ərizəsində “Lider TV və Radio-Azərbaycan” MMC-nin müqavilə öhdəliklərinə əməl etməməsindən bəhs olunur. Müflis elan olunması istənilir”, – deyə Meydan TV-yə məhkəmədən bildirilib.
Teleradio İB “Lider”in müflis elan olunmasıyla yanaşı, həm də əmlak inzibatçısının təyin edilməsi məsələsini iddia ərizəsində qaldırıb.
“Lider” telekanalında maliyyə durumunun ağır olması, əməkdaşların öz hesabına məzuniyyətə göndərilməsi barədə xəbərlər xeyli vaxtdır ki, yayılıb.
Bir müddət öncə Meydan TV Lider TV əməkdaşlarının özhesablarına məzuniyyətə göndərilməsi ilə bağlı xəbər yaymışdı. Adının açıqlanmasını istəməyən TV əməkdaşı bildirmişdi ki, koronavirus yayılandan sonra telekanalın işi xeyli zəifləyib. Onsuz əvvəllər də maaşı güclə verirdi. İndi vəziyyəti daha da ağırlaşıb:
“Düzdür, əvvəl də bəzən aylarla maaş gecikə bilirdi. Ancaq yavaş-yavaş da olsa, ödəmə edilirdi. Ən azından verilişlər gedirdi, dayanmırdı. İndi hamını məzuniyyətə göndərdilər. Üstəlik, özhesablarına. Çünki şirkətin artıq işçilərin maaşını verməyə gücü çatmır”.
LiderTV 2000-ci ildə təsis edilib.
2000-ci ildə təsis olunan telekanalın “Lider TV və Radio-Azərbaycan” MMC-nin rəhbəri Ədalət Əliyev prezidentin mərhum əmisi Hüseyn Əliyevin nəvəsidir.