Liberal Partiyası iqtidar-müxalifət görüşünə dəvət olunmur

“Dialoq predmetli və nəticəli, həm də tərəflərin üzərlərinə götürdüyü müzakirə deməkdir”

Source:


“Dialoq predmetli və nəticəli, həm də tərəflərin üzərlərinə götürdüyü müzakirə deməkdir”

Artıq iki dəfə baş tutan iqtidar-müxalifət görüşünə Müsavat və AXCP-dən başqa Liberallar da qatılmır. Səbəb isə Liberal Partiyasının məlum görüşə dəvət almamasıdır.

Bu barədə Meydan TV-yə danışan partiyanın sədri Əvəz Temirxan bildirdi ki, bu görüşlər üçün hər bir partiyaya dəvət göndəməzdən əvvəl iqtidaryönlü media vasitəsilə partiyaların “ağzını aramışdılar”: “Mənə də dəvət olunduğumuz təqdirdə iştirak edib-etməyəcəyimiz haqda sual verilmişdi. Ancaq partiyamızın belə bir görüşdə iştirakda maraqlı olmadığını söylədim. Ona görə iqtidar-müxalifət görüşünə dəvət olunmadıq”.

Əvəz Temirxan iqtidar-müxalifət görüşünü dialoq hesab etmir. Onun sözlərinə görə, dialoq predmetli və nəticəli, həm də tərəflərin üzərlərinə götürdüyü müzakirə deməkdir. Son təmaslar isə dialoq yox, görüşdür.

“Ötən 21 ildə iqtidar-müxalifət münasibətləri daha da pisləşib. Bu baxımdan son iki görüş yerində sayılmış atılan ilkin addımlardır. İrəli getmiriksə, yerində saymaq daha yaxşı hesab olunur. Əgər nəticə olacaqsa, iştirakçılar divident qazanacaq və dialoq sözü də hörmətə minəcək. Əks təqdirdə, iqtidardan əvvəl görüşə qatılan müxalifətçilər peşman olacaq. Amma mən nəticənin olacağına nikbin deyiləm. Necə nəticə ola bilər ki, iqtidar-müxalifət partiyaları görüşür və hörmətli hüquqşünas İntiqam Əliyevə məhkəmə qurulur, yaxud Leyla Yunusun həbs müddəti 5 ay uzadılır”,- deyə Əvəz Temirxan bildirib.

Ana səhifəXəbərlərLiberal Partiyası iqtidar-müxalifət görüşünə dəvət olunmur