Leyla Yunusun Müdafiə Komitəsi yaradıldı (VİDEO)

Milli Şuranın təşkilatçılığı ilə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun müdafiəsi ilə bağlı konfrans keçirilib. Milli Şuranın sədri Cəmil Həsənli Leyla Yunusun  25 ildən artıqdır insanların hüquqların qoruduğunu bildirib. O, əlavə edib ki, MTN və Prokurorluğun Yunusovlarla bağlı məlumatı təqsirsizlik prezumpsiyasının pozulmasıdır.

AXCP sədri Əli Kərimli təklif edib ki, hüquq müdafiəçiləri birləşib vahid siyasi məhbus siyahısı təqdim etsinlər. O, son dövrlər siyasi həbslərin artmasına etiraz olaraq mitinq hazırlıqlarına başlamağı tövsiyə edib.

Araşdırmaçı jurnalist Xədicə İsmayıl bildirib ki, o, siyasi məhbusların vahid siyahısının hazırlanması ilə bağlı gedən müzakirələrə müşahidəçi kimi cəlb edilib. Hazırda 12 təşkilat siyasi məhbusların vahid siyahısını hazırlayır. Xədicə İsmayıl bu siyahıya Leyla Yunusun da adının salınacağını deyib. O, əlavə edib ki, həbsdə olan vicdan məhbusları 3 qadın hüquq müdafiəçisinin onların adı ilə hökumətlə danışıqlara getməsinə etiraz edirlər.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn  bildirib ki, Leyla Yunusun həbsinin məsuliyyətini ölkə başçısı İlham Əliyev daşıyır.

Leyla Yunusun vəkili Xalid Bağırov müdafiə etdiyi şəxsin siyasi sifarişlə həbs edildiyini bildirib. Vəkil, xanım Yunusun artıq 1 saylı Bakı İstintaq Təcridxanasına köçürüldüyünü xəbər verib. Vəkil, onun səhhəti haqqında məlumatsız olduğunu çatdırıb.

Konfransın yekununda Leyla Yunusun Müdafiə Komitəsi yaradıldı.

Ana səhifəVideoLeyla Yunusun Müdafiə Komitəsi yaradıldı (VİDEO)