30 iyulda hüquq müdafiəçisi Leyla Yunus evinin qraşısından iki mülki geyimli şəxslərin təzyiqi ilə Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə gətirilib. Səhər saatlarından başlayıb, iş günü bitənə qədər davam edən dindirmədən sonra o, Nəsimi rayon Məhkəməsinə gətirilib. Məhkəmənin qərarı ilə L.Yunusa qarşı 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Leyla Yunusa qarşı dövlətə xəyanət (274-cü maddə), vergi ödənişindən yayınma (213-cü maddə), qanunsuz sahibkarlıq (192-ci maddə), sənədlərin saxtalaşdırılması (320-ci maddə), böyük ölçüdə fırıldaqçılıq (178.3.2) ittihamlar irəli sürülüb. Leyla Yunus həbs qətimkan tədbirinin seçilməsi üçün Nəsimi rayon məhkəməsinə aparılıb. Arif Yunus barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Ona qarşı 274 və 178.3.2-ci maddələrlə ittiham irəli sürülüb. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib. Onun sözlərinə görə, Yunuslar onlara qarşı irəli sürülmüş ittihamları rədd ediblər.