Leyla Yunusu apardılar (YENİLƏNİR)

Arif Yunus ANS-in sualına, “mən dəliyə oxşayıram?” cavabını verdi

Source:

Leyla Yunusun hüquqi nümayəndəsi Yusif Ağayev dindirilməyə buraxılmayıb. Bu barədə məlumat verən Ağayev bildirib ki, İbrahim Ləmbaranski onu nəinki ifadə verilən otağa, hətta prokurorluğun binasına belə buraxmayıb. Hazırda vəkil Xalid Bağırov Leyla Yunusun yanındadır.

***

Arif Yunus istintaqa getməzdən əvvəl jurnalistlərə açıqlama verib:


“Mən bilirəm ki, məni həbs edəcəklər, ermənilərlə cəsusluqda ittiham edəcəklər. Çünki bura Azərbaycandır, əgər düşündüyüm kimi olmasaydı, indi mən heç burda olmazdım”. ANS-in əməkdaşının “siz bu ittihamla razılaşacaqsınız” sualına Arif Yunus “mən dəliyə oxşayıram?” cavabını verib.

***

Meydan TV əməkdaşının verdiyi məlumata görə, hazırda Arif Yunus vəkili Xalid Bağırovla birgə prokurorluğa ifadə verməyə gedir.

***


Arif Yunus Meydan TV-yə bildirib ki, Leyla Yunus bu gün həbs olunacaq: “Leyla Yunusun İlham Əliyevə müraciətindən sonra ölkə prezidenti Əli Həsənova və Fuad Ələsgərova onun həbsi ilə bağlı göstəriş verib. Hazırda məni də hədələyirlər, deyirlər ki, əgər özün prokurorluğa gəlməsən, qapı-pəncərəni sındırıb səni evdən zorla çıxaracağıq”.


Leyla Yunusun yaşadığı binanın qarşısında olan Meydan TV əməkdaşının sözlərinə görə, ərazidə jurnaistlər, ictimaiyyət nümayəndələri var.


***


Mirvari Qəhrəmanlı 12.43-də öz Facebook səhifəsində yazıb ki, hazırda hüquq müdafiəçisi Respublika Prokurorluğundadır, onu müstəntiq İbrahim Ləmbəranski Rauf Mirqədirovun işi ilə bağlı dindirir. Amma vəkili dindirilməyə buraxılmır.


Bu barədə məlumatı Qəhrəmanlıya Arif Yunus verib. Lakin Arif Yunusun telefonu bağlıdır.


***


Hazırda Arif Yunusun da həbs edilmə ehtimalı olduğu deyilir

İyulun 30-da saat 11.45-də Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus yaşadığı binanın blokundan çıxıb avtomobilə oturarkən 2 nəfərin hücumuna məruz qalıb.

Meydan TV-yə olayla bağlı məlumat verən SDİ direktorunun həyat yoldaşı Arif Yunus bildirib ki, Leyla Yunus RATİ-yə Milli Şuranın tədbirinə gedirmiş: “Onun nə özünün, nə də sürücünün telefonu cavab vermir”.

Arif Yunus güman edir ki, Leyla Yunusu aparanlar Respublika Prokurorluğunun əməkdaşlarıdır.

Onun həmkarı Mirvari Qəhramanlı  isə Facebook-da yazıb ki, mənzilin qapısını sındıraraq Arif Yunusu da həbs etmək istəyirlər.

Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Meydan TV-yə bildirdi ki, məsələni araşdırıb bir qədər sonra məlumat yayacaqlar.

Hüquq müdafiəçisi iyulun 29-da prezident İlham Əliyevə müraciət etmişdi.

Ana səhifəXəbərlərLeyla Yunusu apardılar (YENİLƏNİR)