Leyla Yunusdan kitab yazan vəkil vəzifəsindən uzaqlaşdırılıb

Elçin Qəmbərov, Trend.az

Elçin Qəmbərovun vəkil bürosunun rəhbərliyindən də çıxıb

Zaman-zaman adı müxtəlif qalmaqallarda hallanan vəkil Elçin Qəmbərov Vəkillər Kollegiyasında ona verilən vəzifələrin hamısından azad edilib. Bu barədə Meydan TV-yə Vəkillər Kollegiyasındakı mənbə məlumat verərək bildirib ki, hətta oğlu da tutduğu vəzifədən çıxarılıb. Hazırda hər ikisi sıravi vəkil kimi fəaliyyət göstərir.

Elçin Qəmbərov 2018-ci ildən Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, 2019-cu ildən isə “Mərkəz” vəkil bürosunun rəhbəri idi. Oğlu da Vəkillər Kollegiyası Aparatında çalışırdı.

“Elçin Qəmbərovun vəzifələri əlindən alınandan sonra o, 15 saylı vəkil bürosuna göndərilib. Oğlu da Aparatdakı işindən çıxarılıb, vəkil bürolarından birinə göndərilib”, – mənbə bildirib.

Paytaxtın mərkəzində fəaliyyət göstərən “Mərkəz” vəkil bürosundan da məlumatı Meydan TV-yə təsdiqləyiblər. Oradan bildirilib ki, artıq Elçin Qəmbərovun yerinə büroya yeni müdir də təyin edilib. Bu büroya vəkil Gülşən Salmanova rəhbərlik edir.

Elçin Qəmbərov Meydan TV-yə deyib ki, səhhətində yaranmış problemlərlə əlaqədar ərizə ilə Rəyasət Heyətindən uzaqlaşıb, müstəqil vəkil kimi fəaliyyət göstərmək istəyib:

“Oğlum da sırf vəkilliklə məşğul olmağa başlayıb. Aparatda çalışanda vəkil kimi işləməyə vaxt qalmır, çatdırmaq olmur. Ona görə də öz istəyi ilə getdi”.

Elçin Qəmbərov Vəkillər Kollegiyasının rəhbərliyi ilə hər hansı problem yaşamadığını, münasibətlərinin normal olduğunu vurğulayıb.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus 2014-cü ildə həbs ediləndə təxminən ilyarım onun vəkili olmuş Elçin Qəmbərov hüquq müdafiəçisinin təcridxanadan qızına göndərdiyi şəxsi məktubları yayması, “Leyla Yunusun parlaqlığı və səfaləti” adlı kitab nəşr etdirməsilə gündəmə gəlmişdi. Azərbaycan, rus və ingilis dillərində bu kitabı nəşr etdirən Elçin Qəmbərov 2017-ci ilin dekabrında onun təqdimatını keçirmişdi. Təqdimat mərasimində isə Vəkillər Kollegiyasının sədri Anar Bağırovdan tutmuş, deputatlara qədər müxtəlif vəzifəli şəxslər iştirak edirdi. O zaman vəkilin öz müvəkkilinin şəxsi yazışmalarını yayması, bundan kitab hazırlaması cəmiyyətdə birmənalı qarşılanmamışdı. Hətta bir çox peşəkar bunu “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun tələblərinin kobul şəkildə pozuntusu olduğunu vurğulayaraq, belə bir vəkilin Kollegiyada saxlanmasının yolverilməz olduğunu bildirirdi. Lakin gözlənilənlərin əksi baş verdi – təqdimatdan az sonra Elçin Qəmbərov Rəyasət Heyətinin üzvü oldu. Ardınca da “Mərkəz” vəkil bürosuna rəhbər gətirildi.

Elçin Qəmbərovun adı şərti olaraq, “Səid Dadaşbəylinin dəstəsi” adlandırılan işlə əlaqədar qalmaqalda da hallanırdı. Vaxtilə MTN tərəfindən dövlət çevrilişinə cəhd ittihamıyla həbs olunan Səid Dadaşbəylinin xanımı həyat yoldaşının vəkili olmuş Elçin Qəmbərovun onları aldadıb, başqasına çatdırmaq adıyla pullarını aldığını iddia edirdi. O zaman Elçin Qəmbərov bunu təkzib edərək bildirmişdi ki, sadəcə, vəkil kimi göstərdiyi xidmətin müqabilində pul alıb, heç bir dələduzluqdan söhbət gedə bilməz.

Ana səhifəSiyasətLeyla Yunusdan kitab yazan vəkil vəzifəsindən uzaqlaşdırılıb