Leyla Yunus: Ölsəm, bu hakimiyyət neyləyəcək?

“Oktyabrın 7-dən telefon danışıqlarına, qohumları ilə görüşə qoyulan qadağalar da davam edir”

Source:


“Oktyabrın 7-dən telefon danışıqlarına, qohumları ilə görüşə qoyulan qadağalar da davam edir”

“Leyla Yunusun səhhəti ilə bağlı problemlər aradan qaldırılmayıb. Buna görə də çox ağır nəticələr verir. Hazırda onun səhhəti çox ağırdır. Bütün müraciətlərimiz nəticəsiz qalıb”.

Bunu hüquq müdafiəçisi ilə oktyabrın 28-də təcridxanada görüşmüş vəkili Elçin Qəmbərov Azadlıq Radiosuna deyib.

Vəkil deyir ki, Leyla Yunusa müalicəsini davam etdirməyə imkan verilmir. Çəkisi də xeyli azalıb: “Sağlamlıq məsələsini müzakirə edəndə Leyla xanım dedi ki, “yaxşı, mən ölsəm, bu hakimiyyət neyləyəcək?”.

Vəkilin sözlərinə görə, oktyabrın 15-də Apellyasiya Məhkəməsindən qayıdandan sonra təcridxanada Leyla Yunusun əl ağacı da əlindən alınıb. Buna məhkəmə zalından çıxarkən əl ağacı ilə mühafizəçini vurmasının səbəb olduğunu deyiblər. Hüquq müdafiəçisi isə heç kimi vurmadığını bildirib.

Vəkilin dediyinə görə, oktyabrın 7-dən telefon danışıqlarına, qohumları ilə görüşə qoyulan qadağalar da davam edir.

Bir neçə gün əvvəl Ədliyyə Nazirliyinin şöbə müdiri Faiq Qurbanov Azadlıq Radiosuna demişdi ki, müdafiə tərəfinin dedikləri doğru deyil. Şöbə müdiri cəzaçəkmə yerində heç kimə ayrı-seçkilik qoyulmadığını bildirmişdi: “Hər bir məhkum və təqsirləndirilən şəxs qanunla ona verilmiş hüquqlardan istifadə edir. Heç kimə ayrı-seçkilik qoyulmur”.

Leyla və Arif Yunuslar 2015-i il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il yarım və 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hər ikisi 2014-cü ildə həbs ediliblər və fırıldaqçılıq, qanunsuz sahibkarlıq, vergilərdən yayınmada ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı ayrıca icraata götürülüb.

Leyla və Arif Yunusları beynəlxalq “Amnesty International” təşkilatı vicdan məhbusu kimi tanıyıb. Hazırda Bakı Apellyasiya Məhkəməsi onların şikayətinə baxılmasını qeyri-müəyyən müddətə təxirə salıb.

Ana səhifəXəbərlərLeyla Yunus: Ölsəm, bu hakimiyyət neyləyəcək?