Vəkil: “Onun səmərəli və uzunmüddətli müalicəyə ehtiyacı var”
Hüquq müdafiəçisi Leyla Yunus 6 gün Bakı İstintaq Təcridxanasının sanitariya hissəsində qaldıqdan sonra dünən yenidən adi kameraya köçürülüb. Bu barədə Turan-a vəkil Elçin Qəmbərov məlumat verib.
Onun sözlərinə görə, Leyla Yunusa bildiriblər ki, o, artıq sağlamdır: “Amma Leyla Yunus sanitariya hissəsində olduğu müddət ərzində səhhətində heç bir irəliləyiş olmayıb. Onun səmərəli və uzunmüddətli müalicəyə ehtiyacı var”, deyə vəkil bildirib.
Leyla Yunus alman həkim, professor Kristian Vittin müayinəsindən sonra sanitar hissəyə keçirilib.
O, hepatit C, şəkərli diabet və digər xəstəliklərdən əziyyət çəkir.
Onun həyat yoldaşı Arif Yunus hipertoniyadan əziyyət çəkir və həbs və məhkəmə ərzində dəfələrcə hipertoniya böhranı keçirib. Hökm çıxarıldıqdan sonra onun səhhəti haqqında məlumat almaq mümkün olmayıb.
Leyla və Arif Yunus bir il əvvəl həbs edilib. Avqustun 13-də məhkəmə onları iqtisadi cinayətlərdə ittiham edərək, 8,5 və 7 il müddətinə azadlıqdan məhrum edib. Onlar ittihamları təkzib ediblər və cinayət işinin siyasi motivli olduğunu bildiriblər. ABŞ, Böyük Britaniya, Avropa Şurası, Aİ, Avropa Parlamenti və bir çox beynəlxalq hökumət təşkilatları Yunuslar barəsində hökmü pisləyib