Hüquq müdafiəçisi Leyla Yunus hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilir. Jurnalistlər, hüquq müdafiəçiləri idarənin qarşısına toplaşıblar.
Aprelin 28-də, saat 23 radələrində Bakı Beynəlxalq Hava Limanında hüquq müdafiəçisi Leyla Yunus həyat yoldaşı Arif Yunusla birgə Qətərin Doha şəhərinə uçmaq istəyərkən saxlanılıb. Hər iki şəxsi hava limanında Fransa səfiri və Amerika səfirinin müavini müşayət etsələr də, hüquq-mühafizə orqanlarının əməkdaşları onları saxlayıblar.
Aprelin 29-na keçən gecə, saat 2 radələrində Yunusları mənzillərinə gətiriblər, evdə axtarış aparmaq istəsələr də, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi İbrahim Ləmbəranski axtarış haqda rəsmi sənəd göstərməkdən imtina edib. Bundan sonra Leyla Yunusu Respublika Prokurorluğuna aparıblar. Arif Yunusun isə səhhəti pisləşib və o, xəstəxanaya aparılıb.
Hazırda Arif Yunus 1 saylı Mərkəzi Klinik Xəstəxananın (keçmiş Semaşko) reanimasiya şöbəsindədir. Bu barədə Meydan TV-yə açıqlama verən ailənin yaxını Azad İsazadə bildirdi ki, Arif Yunusun təzyiqi normallaşıb: “Bir neçə saat əvvəl görmüşəm. Təzyiqi bir az enmişdi, amma tam normallaşmayıb. Əgər təzyiq qalxsa, insult təhlükəsi reallaşa bilər”.
Leyla Yunus Fransanın “Şərəf Legionu Kavaleri” ilə təltif olunduğundan, mayın 17-də Bakıya gələcək Fransa prezidenti Fransua Ollandın səfər protokoluna hüquq müdafiəçisi ilə də görüş daxil edilib. Hüquq müdafiəçisi həmin görüşdə siyasi məhbuslar haqqında məlumat verəcəyini, məhz bu səbəbdən də ona təzyiqlər edildiyini bildirir.
Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Leyla və Arif Yunusların hava limanında saxlanmasında adının hallanmasına aydınlıq gətirib. O, bu hadisə ilə bağlı heç kimə zəng etmədiyini və tapşırıq vermədiyini bildirib: “Hansısa sayt yazıb ki, guya Leyla Yunus ilə onun həyat yoldaşı xaricə getdikləri zaman mən demişəm, onları təyyarəyə buraxıblar, sonra onları təyyarədə saxlayıblar. Tamamilə yanlış məlumatdır. Bunu yayan sayt təxribatla məşğul olur”.
“Turan” İA-nin dünən yaydığı məlumatda bildirilirdi ki, Qərb diplomatları – Fransa səfirinin və ABŞ səfirinin müavinləri PA rəsmisi Novruz Məmmədovla danışdıqdan sonra onları sərhəddən buraxıblar, amma sonra təyyarəyə minərkən saxlayıblar.