Leyla Yunus İlham Əliyevə “Seçim Sizindi…” deyə müraciət etdi

Bəsdir vahimələndiniz, cənab prezident!

Source:


Bəsdir vahimələndiniz, cənab prezident!

Cənab prezident,

Bəsdir vahimələndiniz. Sizi gerçək olaraq izahedilməz qorxu və həyacan basıb. Nədən belə qorxursunuz? Doğrudanmı, bu gənclər – bloggerlər, NİDA fəalları hakimiyyətinizə belə təhlükə yaradır ki, hər gün yeni gənclər həbs olunur?!

Siz bilirsiniz, onların valideynləri hər saat yaxınlarınıza nələr arzu edir?

Parlaq ziyalılar olan Yadigar Sadıqlı və Həsən Hüseynli “xuliqan” oldu!

Müxtəlif ölkələrin və xalqların tarixində analoji yaxud daha sərt repressiyalar təkrarlanıb. Nəticə birdir.

Gözəl anlayıram – arxalanacağınız, güvənəcəyiniz heç kim yoxdur. Bəli, nəhəng inzibati resurs, HEÇ BİR məhdudiyyəti olmayan hakimiyyət, böyük pullar var. Lakin bununla yanaşı ətrafınızda intellektdən məhrum, yalnız maddi rifahlarının qayğısına qalan yaltaq oğrulardır. Belə adamlar sadiq dost ola bilməz. Onlar ilk təhlükədə nəinki sizi satacaq, eyni zamanda prezident kreslosu uğrunda mübarizədə qarşıdurmada olan qruplaşmaların hansını dəstəkləməli olduğunu götür-qoy edəcəklər. Bunu mənim kimi siz də yaxşı bilirsiniz.

Bu sadəcə söz deyil: “Yüz manatın olmaqdansa, yüz dostun olsun”. Dost sənin bayramlarında rəqs edən adam deyil. Dost – rejimin zəncirli itləri üstünə cumanda yanında olan, çiyin-çiyinə dayanan, səninlə birgə parçalanmaqdan qorxmayandır. Sizə yazığım gəlir. Siz heç vaxt əsl dostluğun nə olduğunu bilməmisiniz.

Özünüzü ələ alın. Dayanmaq heç vaxt gec deyil. Yalnız o dünyadan dönüş yoxdur.

Emosiyalara qapılıb Sizi qıcıqlandıranlara, öz əllərinizlə boğmaq istədiklərinizə divan tutmağı tələb etmək lazım deyil.

Düşünün, axı tarixdə ölkəsini qana bulayan diktator və tiran kimi deyil, tolerant və praqmatik siyasətçi kimi qalmaq olar.

İndi, bu gün göstərişinizlə həbs edilən BÜTÜN günahsızları həbsdən azad edin.

Seçim Sizindi…

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus

Ana səhifəXəbərlərLeyla Yunus İlham Əliyevə “Seçim Sizindi…” deyə müraciət etdi