Leyla Yunus Baş Prokurorluğa aparıldı


Hüquq müdafiəçisi Leyla Yunus rəsmi çağırış olmadan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb. Onun həyat yoldaşı Arif Yunusun isə gecə səhhəti pisləşdiyindən təcili tibbi yardımla xəstəxanaya çatdırılıb.

Aprelin 28-də saat 23 radələrində Bakı Beynəlxalq Hava Limanında saxlanılan hüquq müdafiəçisi Leyla Yunus həyat yoldaşı Arif Yunusla birgə Qətərin Doha şəhərinə uçmaq istəyərkən saxlanılıblar. Onları hava limanında Fransa səfiri və Amerika səfirinin müavini müşayət edirmiş. Hüquq-mühafizə orqanlarının əməkdaşları Leyla və Arif Yunusa saxlandıqlarını bildirib və oradaca onların əşyalarına bir neçə saat baxış keçirilib. Onların bəzi sənədləri və pasportları əllərindən alınıb. Lelya Yunusun sözlərinə görə, onların hansı səbəbdən saxlanmaları haqda heç açıqlama verilməyib.

Artıq aprelin 29-na keçən gecə saat 2 radələrində Leyla Yunusun yaşadığı evin və rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun Bakıdakı ofisinin qarşısına bir neçə nəfər polis əməkdaşları və mülkigeyimlilər gəlib. Təşkilatın əməkdaşına və Leyla Yunusun vəkili Xalid Bağırova ofisə daxil olmağa imkan verilməyib. Təxminən saat 3 radələrində Leyla və Arif Yunus hava limanından yaşadığı mənzilə gətirilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi İbrahim Ləmbəranski mənzildə axtarış aparılacağını bildirib. Lakin İdarə rəisi mənzil sahiblərinə axtarış haqda rəsmi sənəd göstərməkdən imtina etdi. Leyla Yunus mənzilin qapısı önündə toplanan 10-a yaxın polisin çıxmasını və axtarışın bir neçə nəfərin iştirakı ilə birgə aparılmasını tələb edib. Yaranan mübahisə zamanı Arif Yunusun səhhəti pisləşib. O təcili yardım vasitəsi ilə xəstəxanaya aparılıb.

Leyla Yunus bildirib ki, həyat yoldaşı bir neçə gün öncə də ürəyində yaranan narahatlıq səbəbindən üç gün idi ki, xəstəxanada müalicə olunurdu. Hüquq müdafiəçisi deyir ki, Arif Yunusu səhhəti tam yaxşılaşmamış hüquq-mühafizə orqanarının göstərişi ilə xəstəxanadan çıxarıblar.

Prokurorluq əməkdaşları Leyla Yunusa bildiriblər ki, mənzilin qapısını açıb axtarışa icazə verməzsə, kilidi sındırıb içəri daxil olacaqlar.

Səhər saat 7 radələrində Yasamal rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov da hadisə yerinə gəlmişdir. O Leyla Yunusa Baş Prokurorluğa getməli olduğunu, əks halda güclə aparılacağını bildirib. Lakin nə polis rəisi, nə də İbrahim Ləmbəranski Leyla Yunusun Prokurorluğa çağırılması ilə bağlı rəsmi sənəd təqdim etməyib.

Saat 8 radələrində Leyla Yunus vəkili Xalid Bağırovun müşayəti ilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə gedib.

Ana səhifəVideoLeyla Yunus Baş Prokurorluğa aparıldı