Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus
2015-ci ildə Azərbaycanda keçiriləcək Avropa Oyunlarını boykota çağırır. Hüquq müdafiəçisi deyir ki, bu yarışın ölkədə keçirilməsi Avropa ideyalarına və prinsiplərinə ziddir. O, Azərbaycanda mülkiyyət hüququnun pozulduğunu, ədalətli məhkəmənin olmadığını, siyasi azadlıqların təmin edilmədiyini bildirir.
Leyla Yunus Avropa oyunlarının Bakıda baş tutmaması üçün bir il ərzində icra olunacaq fəaliyyət planı hazırlayıb. Həmin plana əsasən Azərbaycanda insan hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı sənəd Avropa ölkələrinin Olimpiya Komitələrinə, yarışda iştirak edəcək idmançılara, xarici mətbuat orqanlarına, QHT-lərə göndəriləcək. Avropada yaşayan azərbaycanlı mühacirlər də bu kampaniyaya qoşulacaqlar.
Hüquq müdafiəçisi boykot təşəbbüsünü sonacan davam etdirəcəyini və buna qarşı çıxan hakimiyyət nümayəndələri ilə polemikaya girməyəcəyini bildirir.
Avropa Oyunları 4 ildən bir keçirilir. Oyunları Avropa Olimpiya Komitəsi aparır və təşkil edir. 2012-ci ildə Romada keçirilən səsvermədə Bakı şəhəri 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarını qəbul edən şəhər kimi seçilib. Ölkə başçısı İlham Əliyev Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsinin yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən Komitə Avropa Oyunlarının təşkilini həyata keçirəcək.