“Leyla xanım çox demokratik adam idi”

Yunusların məhkəməsi şahid ifadələri ilə davam etdirilib

Source:


Yunusların məhkəməsi şahid ifadələri ilə davam etdirilib

Məhkəmə zalında prosesi izləmək üçün 22 nəfər və hakimiyyətyönümlü medianın nümayəndələri əyləşib. Onların hansı qapıdan içəri keçdiyi bəlli deyil. Bu barədə Meydan TV-nin əməkdaşı məlumat verib. Əsas qapıdan yalnız iki jurnalisti – “Azadlıq” qəzetinin və “Amerikanın səsi” radiosunun əməkdaşları işəri buraxılıb.

Proses şahid ifadələri ilə davam etdirilib. İlk olaraq Yunusların sürücüsü İlqar Ağayev ifadə verib. O bildirib ki, fərdi qaydada xidmət göstərib: “Lazım olanda çağırırdılar, aparıb-gətirirdim. Elə  olurdu ki, heç çağırmırdılar, məsələn, yayda. Bir aya bəzən 300-350 manat alırdım…”

Vəkil Əfqan Məmmədov şahid qismində dindirilən Adilə Manafovaya suallar ünvanlayıb. Onun “Rəna Səfərəliyevaya vəkil tutmaq səlahiyyəti vermisinizmi” sualına şahid “yox” cavabı verib. Vəkil Elçin Qəmbərovun şahiddən soruşub:

– “Azərbaycan Qadınları ön Qafqazda Sülh və Demokratiya Uğrunda Təşkilatı”nın ilkin fəaliyyətində Leyla xanımın iştirakı olub?

Adilə Manafova:

– Bİzim təşkilatda o zamanlar dəqiq vəzifə bölgüsü var idi. Mən ekologiya məsələlərinə baxırdım. Rəna Səfərəliyeva təhsil məsələlərinə cabahdeh idi. Leyla xanım Dağlıq Qarabağ məsələləri ilə məşğul olurdu. Bu problemin həlli istiqamətində böyük işlər görmüşdü. O, arqumentləşdirilmiş tarixi faktları təhlil edirdi. Dağlıq Qarabağ, oradan didərgin düşən məcburi köçkünlər barədə dəqiq arqumentlər gətirirdi. Erməni nümayəndə heyəti həmişə onun fəaliyyətindən çəkinirdi, göstərdiyi faktlar qarşısında heç bir arqument gətirə bilmirdilər. O zamanlar Ermənistan nümayəndələri ilə bizim əlaqələrimiz var idi. Həmin vaxtlar Leyla xanım Dağlıq Qarabağ probleminin həllində böyük işlər görmüşdü.

Prokuror Fərid Nağıyev sorğuya mane olub. O, vəkillərin suallarının və verilən cavabların ittihamın mahiyyətinə aidiyyəti olmadını bildirərək, etiraz edib. Leyla Yunusun vəkili Elçin Qəmbərov prokurorun iradına belə cavab verib: “Necə olur, siz Təhmasib Novruzov kimi şahidi gətirib danışdırırsız… Dövlətə xəyanət ittihamının şahidlərini də bu işə daxil etmisiz. Mahiyyəti üzrə deyil, bəs niyə eləmisiz?”

Bundan sonra sual-cavab davam edib:

Elçin Qəmbərov:

– Təşkilatın bu fəaliyyətinə xarici təşkilatlar dəstək verirdimi?

Adilə Manafova:

– Bəli

– Rəna Səfərəliyevanın rəhbər kimi fəaliyyəti nədən ibarət idi?

– Rəna kargüzarlığa baxırdı. Leyla həmin təşkilatın rəhbəri deyildi, Rəna idi. Ancaq Leyla xanım çox demokratik adam idi.

Dindirmənin davamında prokuror Adilə Manafovadan Leyla Yunusun “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və demokratiya Uğrunda” təşkilatı vasitəsilə 2006-cı ildən sonra 23 qrant müqaviləsi qeydiyyatdan keçirdiyi, təşkilatın hesabına təxminən 800 min dollar vəsait daxil olması haqda məlumatı olub-olmadığını soruşub. Adilə Manafova “xəbərim yoxdur” cavabını verib.

– Leyla Yunus 2014-cü ildə təşkilatın təsisçilərinin buraxılması ilə bağlı qərar qəbul edib. Ona görə də Rəna sədr, siz isə təsisçi deyilsiz. Buraxılma ilə bağlı iclasda təsisçilərdən kimsə deyibmi ki, Leyla xanım təşkilata zərər vurub?

–  Yox

Leyla Yunus Şöhrət Allahmanovu göstərib soruşub:

– Bu adam zərərçəkmiş təşkilatın nümayəndəsidir?

Adilə Manafova:

– Yox, biz ona elə bir səlahiyyət verməmişik.

Leyla Yunus hakimə müraciət edib: “Heç olmasa az da olsa qanunda danışaq”. Sonra üzünü Ş.Allahmanova tutub: “Bu kloun olmayan cəmiyyəti müdafiə edir”. Ş.Allahmanov onun fikirlərinə mane olmaq istədikdə “Allahmanov kloundan da aşağı adamdır” – deyə Leyla Yunus təkrar fikrini bildirib.

Bundan sonra şahid hakimin suallarını cavablandırıb:

– Təşkilatın buraxılması ilə bağlı protokol olub?

– Bəli. Protokolu Ədliyyə Nazirliyinə verdik. Ləğvetmə Rəna xanıma həvalə edilmişdi.

Elçin Qəmbərov təkrar dəqiqləşdirmək üçün protokolun kimə həvalə edildiyini soruşub və şahid təkrar “Rəna xanıma” cavabını verib.

Növbəti şahid Zemfira İsmayılova da adıçəkilən təşkilatın təsisçiləri sırasındadır. Lakin o, bu təşkilatın yaranması, fəaliyyəti haqda xəbərsiz olduğunu bildirib. Şahidin sözlərinə görə, yalnız keçən il Rəna Səfərəliyeva ona zəng edərək, cəmiyyətin buraxılması barədə sənədə imza atılmasını istəyib. O da həmin sənədi imzalayıb: “Biz Leyla xanımla Xalq Cəbhəsi hərəkatı dövründə görüşürdük. Leyla xanımın təşkilatına çoxlu ziyalı qadınlar, kişilər gəlirdi. Bizə o vaxt mənəvi kömək lazım idi. Leyla xanım da görüşlər təşkil edirdi, gedirdik ki, özümüzü tək hiss eləməyək. Sonra Leyla xanımın təşkilatının sıraları daha da sızlaşdı. Biz özümüzü lazımsız hiss eləməyə başladıq. Ona görə daha gedib-gəlmədik. 20 il olar ki, leyla xanımla görüşməmişik”.

Elə Leyla Yunus da Zemfira İsmayılovanı xatırlamadığını deyib.

İsmayılova prokurorun suallarını cavablandırarkən bildirib ki, adı cəmiyyətin təsisçiləri sırasına daxil edilsə də, özü bundan xəbərsiz olub. Zemfira İsmayılova 1994-cü ilə aid təsis sənədindəki imzaya baxaraq, ona məxsus olmadığını deyib.

“Rəna Səfərəliyevanı tanıyıram. Keçən il məni çağırdı, dedi ki, “belə bir cəmiyyət var, onu bağlayırıq, təsisçilər arasında sən də varsan”. Dedim ki, sizə lazımdırsa, kömək üçün qol çəkərəm.  Cəkdim də…”, – deyə İsmayılova bildirib.

Leyla Yunus əvvəlki şahidə verdiyi sualı Zemfira İsmayılovaya da ünvanlayıb. O da cavabında bildirib ki, ötənilki toplantıda Leyla Yunusun təşkilata və ya təsisçilərdən hər hansı birinə ziyan vurması haqda heç bir söhbət olmayıb.

Bugünkü məhkəmə iclasında dindirilən sonuncu şahid hazırda həbsdə olan jurnalist Rauf Mirqədirovun keçmiş həyat yoldaşı Zərifə Hacıyeva olub. O heç ifadə verməyə başlamamış Leyla və Arif Yunuslara qarşı aqressiv münasibətini nümayiş etdirib. Hakimin “Leyla və Arif Yunusovları tanıyırsınızmı? Onlarla hər hansı qohumluq münasibətiniz və ya ədavətiniz, düşmənçiliyiniz varmı?” sualına Hacıyeva belə cavab verib: “Onlar bütün Azərbaycanın düşmənidir”.

Zərifə Hacıyeva ifadəsində göstərib ki, Rauf Mirqədirovla 2011-ci ildə boşanıblar: “Rauf onlarla görüşürdü, Yerevana gedirdilər. Narazılıq edirdim, deyirdi ki, sülhməramlı səfərlərdi. Buna görə o qədər spz-söhbətimiz olub ki… Həyat yoldaşım idi də, qorxurdum ki, ölər-eləyər. Raufa zəng eləyirdilər, necə, hara gedəcəklərini müzakirə eləyirdilər”.

Hakim Leyla və Arif Yunuslardan şahidə sualları olub-olmadığını soruşub.

“Mənim sualım vardı, amma vermirəm. Başa düşürəm, ailə boşanıb, bunun problemləri var…”, – deyə Arif Yunus bildirib.

Bu iş üzrə məhkəmə prosesi avqustun 3-də, saat 10:00-da davam edəcək.

Ana səhifəXəbərlər“Leyla xanım çox demokratik adam idi”