”Leyla və Arzu Əliyevalar üçün ofşor şirkət yaradan firma intizam tribunalına verilib”

Hüquq firması çirkli pulların yuyulmasında riskləri araşdırmamaqda ittiham olunur

Source:


Hüquq firması çirkli pulların yuyulmasında riskləri araşdırmamaqda ittiham olunur

Azərbaycan Prezidentinin qızları Leyla və Arzu Əliyevalar üçün vergi cənnəti sayılan Britaniyanın Vircin adalarında “Exaltation Limited” şirkətini yaratmaqda yardımçı olan “Child & Child” hüquq firması intizam tribunalına verilib. Şirkət Londonda yerləşir.

Bu barədə

məlumat

ı “The Guardian” qəzeti yayıb.

Firmaya qarşı ittihamlardan biri də “çirkli pulların yuyulmasında əhəmiyyətli riskin araşdırılmamasıdır”.

“Exaltation Limited” ofşor şirkəti ilə bağlı detallar 2016-cı ilin aprel ayında “Panama sənədləri” kimi də tanınan Panamanın hüquq firması “Mossack Fonseca”dan sızdırılan məlumatlar kimi ortaya çıxıb.

“Child & Child” hüquq firması ofşor şirkətini yaradarkən Leyla və Arzu Əliyevaların siyasətə bağlı olmadıqlarını bildirib.

Vəkillərin fəaliyyətini tənzimləyən orqan (Solicitors Regulation Authority -SRA) “Child & Child” şirkətinin böyük ortağı olan Xalid Şərifi hüquqşünasların intizam tribunalına verdiyini bildirib.

İlin sonuna qədər keçiriləcək məhkəmə dinləmələrində Şərif öz dəlillərini təqdim etməlidir. Təqsirli bilindiyi halda, o, vəkillikdən uzaqlaşdırıla bilər.

SRA bildidib ki, Şərif Leyla və Arzu Əliyevaların “sərvətlərini qanunsuz toplamaları” və ya “siyasətlə əlaqəli” olub –olmadıqları barədə araşdırma aparmaması ilə bağlı iddialara cavab verməlidir.

SRA hazırda “Child & Child” şirkətinin istintaqının getdiyini və digər təşkilatlarla da sıx əməkdaşlıq etdiyini söylədi.

Bu barədə təşkilat belə deyib: “Bir çox halda adıçəkilən hüquq firmalarının və hüquqşünasların bu ölkədə fəaliyyət göstərmədiyini və ya bizim tərəfimizdən təmin olunmadığını müəyyən etdik. Ancaq bu barədə bir neçə tədqiqatımız hələ də davam edir”.

Qəzetin yazısında bildirilir ki, nə Şərif, nə də Azərbaycan prezidentinin qızları sorğulara cavab verməyiblər.

“The Guardian” yazıb ki, Prezident İlham Əliyev Azərbaycanı 2003-cü ildən idarə etməyə başladıqdan sonra onun qızlarının əlində nəhəng şəxsi biznes imperiyasının cəmləşdiyi bildirilir. Bura BƏƏ-də dəbdəbəli mənzillər, telekommunikasiya və qızıl sektorunda səhmlər daxildir.

Bildirlir ki, Leyla Əliyevanın Londonun şimalında 17 milyon funt-sterlinqlik malikanəsi də var. Qəzet onun Şahzadə Endryu, Lord Mandelson və Elizabet Mardok ilə dostluq etdiyini də yazıb.

“Panama Sənədləri” Leyla Əliyevanın 2015-ci ildə biznesmen və pop ulduz Emin Ağalarovdan boşandığı zaman yeni ofşor firması yaratdığını üzə çıxarmışdı.

Cütlük Moskvada yaşayıb. Hayd Parka baxan dəbdəbəli penthauz sahibi olduqları da bildirilir.

Ana səhifəAraşdırma”Leyla və Arzu Əliyevalar üçün ofşor şirkət yaradan firma intizam tribunalına verilib”