Cinayət işindən “dövlətə xəyanət” maddəsi çıxarılıb
“Leyla və Arif Yunusların istintaq işi yekunlaşdığından bu gündən etibarən hər iki şəxs cinayət işinin materialları ilə tanış olurlar”.
Bu barədə vəkil Elçin Qəmbərov Meydan TV-yə məlumat verib.
Vəkil deyib ki, hələlik “dövlətə xəyanət” maddəsi çıxarıldığından keçiriləcək məhkəmədə iqtisadi ittihamlar üzərində işləyəcək. O, “dövlətə xəyanət” maddəsinin götürülməsinin səbəblərini izah edə bilməyəcəyini deyib: “İstintaq orqanlarının gəldiyi nəticə olduğundan şərh edə bilməyəcəm”.
Hüquq müdafiəçisi Leyla Yunus ötən ilin iyulun 30-da 3 aylıq həbs edilib. O, məcburi şəkildə baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb.
Bir müddət sonra ona qarşı Cinayət Məcəlləsininin “dövlətə xəyanət”, “vergidən yayınma” daxil olmaqla 6 (274, 178.3.2, 192.2.2, 213.2.2, 320.1 və 320.2,), həyat yoldaşına qarşı isə iki maddə (274 və 178.3.2-ci maddələrində) ilə ittiham irəli sürülüb.
Avqustun əvvəli isə onun həyat yoldaşı Arif Yunus həbs olunub.