“Leviafan” siyahıdan çıxarıldı

“Park Cinema”: filmi repertuarda yoxdur və yaxın günlərdə onun nümayişi planlaşdırılmır

Source:


“Park Cinema”: filmi repertuarda yoxdur və yaxın günlərdə onun nümayişi planlaşdırılmır

Azərbaycan kinoteatrlarına Rusiyada həyat tərzi barədəki mübahisəli “Leviafan” filmini gətirən paylayıcı şirkət əvvəlcə onu siyahısına daxil etsə də, sonradan çıxarıb.

“Park Cinema” kinoteatrlar şəbəkəsinin marketinq müdiri Musa Axundov BBC-yə bildirib ki, “Leviafan” filmi repertuarda yoxdur və yaxın günlərdə onun nümayişi planlaşdırılmır. “Filmləri bizə gətirən paylayıcı şirkətin siyahısında “Leviafan” filmi yoxdur” – deyə M.Axundov qeyd edib.

Onun sözlərinə görə, film bundan əvvəl paylayıcı şirkətin siyahısında olsa da, sonradan çıxarılıb. “28 Cinema” kinoteatrından bildirilib ki, film yaxın vaxtlarda göstərilə bilər.

“Oskar” mükafatına Rusiyadan namizəd göstərilən “Leviafan” filmi fevralın 5-dən Rusiya kinoteatrlarında göstəriləcək.

Rejissor Andrey Zvyagintsevin Kann və “Qızıl qlobus” festivallarının mükafatına layiq görülmüş bu filmi Rusiyada birmənalı qarşılanmayıb. Bir çox dindar fəallar filmin Rusiya ortodoks kilsəsi və bütün ölkə barədə mənfi obraz yaratdığını iddia edərək filmin nümayişinin məhdudlaşdırılmasına çağırıblar.

Rusiya ilə münaqişədə olan Ukraynada da tamaşaçıların filmi görüb-görməyəcəyi hələlik məlum deyil. Filmin prodüserlərindən biri olan Aleksandr Rodnyanski filmin bir müddət əvvəl Ukraynada nümayişinə skeptik yanaşdığını deyib. O bildirib ki, mövcud şəraitdə filmin Ukrayna tamaşaçısı tərəfindən yalnız publisistik bəyanat, Rusiyada həyatın nə dərəcədə pis olması barədə daha bir sübut kimi qiymətləndirilə biləcəyindən qorxur. Yanvarda pirat versiyası internetə sızmış filmə müxtəlif hesablamalara görə, artıq 4 milyon adamın baxdığı deyilir.

İMDB film portalının verdiyi məlumata görə, bu vaxta qədər film 50 ölkədə nümayiş olunub və 30-dan çox festivalda təmsil olunub.

Film fevral ayında Yunanıstanda, martda isə Almaniya və İsveçdə nümayiş olunacaq.

Ana səhifəXəbərlər“Leviafan” siyahıdan çıxarıldı