Torpaq sürüşməsi nəticəsində evi yaşamaq üçün yararsız vəziyyətə düşən Əvəz Vəliyev çətin durumundan danışır
“10 uşağımız vardı, ikisi öldü. Biri 3, biri 5 yaşında – hərəsi bir xəstəlikdən… İmkansızlıqdan dərmanlarını ala bilmədik, müalicə etdirə bilmədik. 8 uşağımız qalıb, hamısı azyaşlıdır, 3-ü epilepsiyadan (epilepsiya tutmaları (ET) olan, müəyyən sindromlar zamanı şəxsiyyətin dəyişilməsinin xüsusi tipi və psixi pozuntularla müşayiət edilən müxtəlif etiologiyalı heterogen xəstəliklər qrupudur), o biriləri ruhi xəstəlikdən əziyyət çəkir. Uşaqlardan biri əlildir. Yoldaşım zəhərli zobdan, xroniki astma-bronxitdən əziyyət çəkir. Özüm də düyünlü zobdan əziyyət çəkirəm. İkimizin də əməliyyata ehtiyacımız var. Bu xəstəliklərimizlə kirayələrdə qalırıq”.
Gah zirzəmilərdə, gah küçələrdə qalırlar…
Meydan TV-yə ailəsindəki acınacaqlı durumdan söz açan Lerikin Darvadibi kənd sakini Əvəz Vəliyevdir. O, iki ilə yaxındır ki, ailəsini də yığıb, kənddəki evdən Bakıya
köç edib. 8 uşaqdan və valideynlərdən ibarət olan ailə Bakıda gah zirzəmilərə sığınıb, gah küçədə gecələyib. Bu yaxınlardasa, nəhayət, kirayə evə köçüblər. Kirayəhaqqını da özü demişkən, o-bu ödəyir. Səhhəti əmək fəaliyyəti ilə məşğul olmağa imkan vermir:
“Nə ünvanlı sosial yardım alırıq, nə iş var… Uşağın əlillik pensiyasını çörəyə veririk, uşaqların dərmanlarını o, bu alıb verir. Özümüz isə müalicə oluna bilmirik, əlimizi müalicədən, dərmandan üzmüşük, çünki öz dərmanlarımızı imkansızlıqdan almırıq. Elə əsas uşaqların dərmanları alınsın, biz birtəhər dözərik”.
Düşündüm Bakıdır da, burda iş olar
İki il əvvəl güclü yağıntılar nəticəsində Lerikin bəzi kəndləri kimi, Darvadibidə də torpaq sürüşməsi baş verib. Onsuz da köhnə ev tamamilə qəzalı vəziyyətə düşüb.
Evin ətrafında dərin yarğanlar əmələ gələndə yerli icra hakimiyyəti və rayonun Fövqəladə Hallar Komissiyasının üzvləri ondan azyaşlıları da götürüb evi tərk etmələrini məsləhət görüblər:
“Evin divarları da aralanırdı. Dedilər, uşaqlar yazıqdı, dağılacaq, qalacaqlar daşların altında… Gördüm, daha orda yaşamaq mümkün deyil, torpaq sürüşməsi gəlib evə çatırdı, uşaqları götürüb çıxdım. Bir müddət elə rayondakı qohumların evində qaldıq, ancaq gördüm, belə də mümkün deyil, yığışıb gəldik Bakıya…
Düşündüm, necə də olsa, Bakıdır da, burda iş tapmaq asan olar. Ancaq heç burda da iş tapmaq, dolanmaq olmur. Kistam, zobum var, tez-tez halım pisləşir. Bu qədər xəstəliklərlə küçədə, zirzəmilərdə yaşamışıq. İndi də qaldığımız evin kirayəhaqqını verə bilmirəm, uşaqlar ac qalır. Hökumətdən dəstək yoxdur. Ünvanlı sosial yardım vermir, iş vermir, evim o vəziyyətdədir, düzəltmir, 8 azyaşlı uşağa görə pul vermir. Heç bir təminatımız yoxdur”.
Əvəz Vəliyevi əsasən azyaşlı övladlarının taleyi narahat edir. Ancaq bu soyuq fəsildə onları isti, şəraiti olan mənzilə yığmağa imkanı çatmır.
Dövlət uşaqlara sahib çıxsın
“Mən bu uşaqları necə böyüdüm? İmkansızlıq üzündən müalicə etdirə bilmədiyim üçün ikisini torpağa vermişəm, heç olmasa, bu 8 uşağa dövlət sahib çıxsın. Özüm vaxtilə hərbi xidmətdən qayıdandan sonra könüllü Qarabağda döyüşmüşəm. Dövlət bu uşaqlara sahib çıxsın, sağlamlıqlarına diqqət yetirsin ki, sabah vaxtı çatanda onlar da gedib döyüşsünlər”, – ata deyir.
Düz 2 il əvvəl – 22 noyabr 2016-cı ildə Əvəz Vəliyev Lerikin icra hakimiyyətinin başçısı Rövşən Bağırovun qəbulunda olub. O, başçıdan torpaq sürüşməsinə məruz qalmış evinin əvəzinə yenisinin tikilməsini, xəstə övladlarının müalicəsinə yardım göstərilməsini istəyib. Başçı da həmin vaxt qəbulda iştirak edən məmurlara vətəndaşın problemlərinin həllində kömək etmələrini tapşırıb. Əvəz Vəliyev deyir ki, söhbət elə başçının otağında qalıb. İki il ötməsinə baxmayaraq, nə ev tikilib, nə də digər yardımlar olub.
Lerik Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, təbii fəlakətdən zərər çəkmiş evlərin siyahıya alınması və müvafiq tədbirlərin görülməsi ilə Fövqəladə Hallar Nazirliyi məşğul olur:
“İcra hakimiyyətinin bu məsələlərə aidiyyəti yoxdur. Xəstə övladlarına yardıma gəlincə, bununla da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğul olur. İşsizliyə görə isə Məşğulluq Mərkəzində qeydiyyata düşməlidir ki, uyğun işlə təmin olunsun. Əvəz Vəliyevə dəfələrlə tövsiyə olunub ki, problemləri ilə bağlı həmin qurumlara müraciət etsin”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, şikayətçi onlara müraciət edərsə, məsələ araşdırılar. Əvəz Vəliyev həmin qurumlara məktubla müraciət edəcək.