Lənkəranın polis şöbəsində ölüm hadisəsi olub

Saxlanılan şəxsin intihar etdiyi deyilir

Source:
Lənkəran Polis Şöbəsi
Lənkəran Polis Şöbəsi


Saxlanılan şəxsin intihar etdiyi deyilir

Aprelin 10-da Lənkəran rayonundakı Polis Şöbəsinin müvəqqəti saxlama kamerasında intihar hadisəsinin baş verdiyi deyilir.

“Report” yazır ki, soyğunçuluq məqsədilə evə basqın edərək ev sahibinə ölümlə nəticələnən xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılan Xolmili kənd sakini, 40 yaşlı Fail Hüseynov polis kapitanı Fuad Nurullayevə məxsus xidməti tapançadan açılan atəşdən ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a hadisənin gecə saat 03 radələrində baş verdiyi deyilib:

“Fail Hüseynov polis əməkdaşından su istəyib. Şübhəli şəxsə su verərkən F.Hüseynov qəfil hücum edərək polisin silahını götürüb və özünə atəş açaraq intihar edib”.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Evə basqın hadisəsi martın 18-də, Xolmili kəndində baş verib. 67 yaşlı kənd sakini Səfərov Vahab Xalıq oğlu baş nahiyəsindən ağır xəsarət alaraq dünyasını dəyişib. O, uzun illər kənd ambulatoriyasının müdiri vəzifəsində işləyib.

Daha öncə də Azərbaycanın müxtəlif bölgələrindəki polis bölmələrində ölüm hadisələri olub.

Martın 27-si Goranboy şəhər sakini Rəşad Qarayev polis şöbəsində ifadə verərkən səhhəti qəfil pisləşib və göstərilən tibbi yardıma baxmayaraq vəfat etmişdi.

2 il öncə Mingəçevir şəhərində 27 yaşlı Bəhruz Hacıyevin polis bölməsində döyülərək qətlə yetirildiyini iddia edilirdi. Polis isə onun ifadə prosesində özünü pəncərədən atdığını söyləyirdi.

Elə prokurorluqdakı araşdırmanın sonunda da gəncin qohumlarının iddialarının təsdiqlənmədiyi açıqlandı. Bəhruz Hacıyevin atası oğlunun ölümünün gerçək səbəblərinin ört-basdır edildiyini deyirdi.

Bir müddət öncə isə Lənkəran rayonunun Şürük kənd sakini, əslən Füzuli rayonundan məcburi köçkün, 46 yaşlı Yaqut Əliyeva Rayon Polis İdarəsində dəhşətli işgəncələrə məruz qaldığını söyləmişdi. O, bölmədə etmədiyi cinayəti boynuna qoymaq üçün döyüldüyünü deyirdi. Yaqut Əliyeva daha sonra polis idarəsində namusuna toxunacaqlarından ehtiyat edərək, özünü 3 mərtəbədən atmışdı.

Ana səhifəXəbərlərLənkəranın polis şöbəsində ölüm hadisəsi olub