”Ləğv olunan banklarn kreditorlarına rüblük məlumat verilməlidir”

Əkrəm Həsənov: ”Məhkəmə qərar verdi”

Foto: Əkrəm Həsənovun şəxsi arxivindən
Əkrəm Həsənov
Əkrəm Həsənov


Əkrəm Həsənov: ”Məhkəmə qərar verdi”

“Məhkəmə Əmanətlərin Sığortalanması Fondunun özbaşınalığına son qoydu. Ləğv prosesində olan bankların kreditorlarına rüblük məlumat təqdim olunmalıdır”.

Bunu bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib.

O, bildirib ki, bu barədə qərarı Nəsimi Rayon Məhkəməsinin hakimi Natavan Tağıyeva qəbul edib.

Qərara görə, ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin indiyədək hər rüb üçün tərtib edilmiş əmlak vəziyyətinə dair hesabatlar üzrə ümumi xarakter daşıyan məlumatlar və hər rüb təzələnən ləğv planının indiyədək mövcud olmuş və olan bütün versiyaları Əmanətlərin Sığortalanması Fondu tərəfindən kreditora (əmanətçiyə) təqdim edilməlidir:

“Qərar “Banklar haqqında” Qanuna əsasən qəbul edilib. Belə ki, həmin Qanunun 75.2-ci maddəsinə əsasən müflis elan edilmiş bankın əmlak vəziyyətinə dair hesabat hər rüb tərtib edilməli, onun ümumi xarakter daşıyan məlumatları bankın kreditorlarına tanışlıq üçün təqdim olunmalıdır. Qanunun 83.2-ci maddəsinə görə isə müflis bankın hər rüb təzələnən ləğv planı bankın kreditorlarlna təqdim edilməlidir”.

Ə.Həsənov deyib ki, buna baxmayaraq Fond ləğvini həyata keçirdiyi heç bir bank üzrə bu vəzifələrini icra etməyib. Kreditorlara, o cümlədən əmanətçilərə müvafiq məlumatları və sənədləri verməyib:

“Kreditorlar bununla bağlı Fonda dəfələrlə müraciət edib. Fond buna əhəmiyyət verməyib. Bu məsələ üzrə verilən ilk şikayət məhkəmə tərəfindən təmin olundu: Fond kreditorları məlumatlandırmağa məcbur edildi! Bu, olduqca vacib qərardır! Çünki Əmanətlərin Sığortalanması Fondu bankların ləğvini çox qeyri-şəffaf həyata keçirir. Halbuki, bu proses ilk növbədə məhz kreditorların (müflis banklarda vəsaiti qalmış şəxslərin) maraqlarına uyğun aparılmalıdır”.

O, izah edib ki, Fond müflis bankın əmlakını satmalı, verdiyi kreditləri qaytarmalı və nəticədə əldə olunan vəsaiti kreditorlar arasında bölüşdürməlidir.

“Söhbət yüz milyonlarla ölçülən vəsaitlərdən gedir. Təbii, qeyri-şəffaf şəraitdə və ictimai nəzarət (əsasən kreditorlar tərəfindən) olmadan Fond bu vəsaitləri istədiyi kimi idarə edə bilər (əmlakları istədiyi qiymətə sata, kreditlərin qaytarılmasında əsassız güzəştlər edə, şişirdilmiş xərclərə yol verə və s. bilər). Məhz buna görə Fond kreditorları vaxtaşırı məlumatlandırmalıdır ki, sonuncular ona nəzarət etsin”.

Hüquqşünas bildirir ki, Fond indiyədək bu vəzifələrinin icrasından yayınırdı. Hətta kreditorlar komitəsi yaradılmış banklarda belə:

“Düz işləyirsə, niyə yayınır? Kreditorlardan nəyi gizlədir? Hətta müflis bankların verdiyi kreditlərin qaytarılması üzrə apardığı məhkəmə işlərinin siyahısını belə gizlədir. Həmin kreditləri səmərəli şəkildə qaytarırsa, niyə gizlədir? Ancaq bundan sonra gizlədə bilməyəcək! Məhkəmə qərarını icra etməlidir. Lakin kreditorlar da fəal olmalı, bu presedenti istifadə edərək Fonddan vaxtaşırı hesabat tələb etməlidirlər”.

Əkrəm Həsənov deyir ki, əslində, Fondun rəhbərliyinin niyyəti saf, əməli düzdürsə, sözügedən məlumatları vaxtaşırı saytında dərc etməlidir. Əks halda hər kreditora yazılı məlumat verməsi artıq xərc, israfçılıq olacaq:

“Bunu dəfələrlə təklif etmişəm: Fondun əvvəlki rəhbərliyinə də, indikinə də. Görək, bəlkə bu məhkəmə qərarından sonra Fond nəhayət şəffaf oldu”.

2015-ci ildə iki devalvasiyadan sonra bankların vəziyyətinin ağırlaşması nəticəsində 11 bank bağlandı. Bağlanan bankların əksəriyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur.

Ana səhifəXəbərlər”Ləğv olunan banklarn kreditorlarına rüblük məlumat verilməlidir”