Ləğv edilən MTN-nin şöbə rəisinin apelyasiya məhkəməsi başlayır

Keçmiş polkovnik bəraət istəyir

Source:


Keçmiş polkovnik bəraət istəyir

Bakı Apellyasiya Məhkəməsində noyabrın 3-də ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin istintaq idarəsinin həbsdə olan şöbə rəisi Vüsal Ələkbərov barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı noyabrın 16-a təyin edilib.

V.Ələkbərov Cinayət Məcəlləsinin rüşvət alma və digər maddələri ilə ittiham olunur.

V.Ələkbərov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun polkovnik rütbəsinin əlindən alınması barədə qərardad  çıxarıb. Hökmdən V.Ələkbərov apelyasiya şikayəti verərək bəraət hökmünün çıxarılmasını istəyib.

MTN ətrafında hadisələr 2015-ci il oktyabrın 17-də prezidentin sərəncamı ilə nazir Eldar Mahmudovun vəzifədən kənarlaşdırılmasından sonra başlayıb. Yoxlamalar nəticəsində çoxaylı qanun pozuntusu, iş adamlarına qarşı reket və digər cinayətlərdə təqsirli bilinən nazirliyin onlarla yüksək vəzifəli şəxsi vəzifədən çıxarılaraq, həbs ediliblər.

Eldar Mahmudovun işdən kənarlaşdırılmasından iki ay sonra prezidentin sərəncamı ilə MTN ləğv edilərək, onun bazasında iki qurum –  Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Ana səhifəXəbərlərLəğv edilən MTN-nin şöbə rəisinin apelyasiya məhkəməsi başlayır