Rəşid Hacılı: ”Bu qanun cəzadan azadetmə hallarının dairəsini xeyli genişləndirər”
Gündəmin əsas məsələləri sırasında “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamıdır.
Artıq bununla bağlı layihə Milli Məclisə təqdim olunub.
Layihədə diqqətçəkən maddələr sırasında azadlığın məhdudlaşdırılması ilə bağlı maddə də var.
Bildirilir ki, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla azadlıq hüququ məhdudlaşdırılacaq.
Məsələn, şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməyəcək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməmək, habelə həmin orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. O cümlədən, kütləvi və digər tədbirlər təşkil etməyəcək.
Azadlığın məhdudlaşdırılması 6 aydan 5 ilədək hesablanacaq.
Ancaq 2011-ci ilin aprelində Milli Məclisdə azadlığın məhdudlaşdırılması cəzasının ləğv edilməsi müzakirəyə çıxarılanda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu addımı gərəkli hesab etmişdi.
Əli Hüseynli bildirmişdi ki, azadlığın məhdudlaşdırılması cəzası formal cəza növüdür:
“Azadlığın məhdudlaşdırılması cəza növü olaraq bu gün özünü doğrultmur. Bu cəza növü ilə məhkum olunan insanlar üzərində nəzarəti təmin etmək mümkün deyil. Onun icrası bəzi hallarda məhkumla cəzanı icra edən müəssisə rəhbərliyi arasında qeyri-sağlam münasibətin yaranmasına səbəb olur. Ona görə məhkumun islah olunmasında effekt verməyən cəzadan imtina edilməlidir. Qanun qəbul olunduqdan sonra azadlığın məhdudlaşdırılması cəzası islah işləri və cərimə cəzaları ilə əvəz ediləcək. Eyni zamanda, məhkəmələr hazırda azadlıqları məhdudlaşdırılmış məhkumların işinə məhkumun müraciəti və ya cəzanı icra edən müəssisənin təqdimatı əsasında yenidən baxacaqlar”.
Bugün həmin maddənin yenidən bərpası suallar doğurur.
Mühacirətdə olan hüquqşünas Rəşid Hacılı Meydan TV-nin bu barədə suallarını cavablandırarkən bildirib ki, dəyişikliklər bir çox məqamda cəza siyasətini yüngülləşdirir:
“Xüsusilə, az ağır və daha yüngül cinayətlərə görə azadlıqdan məhrumetmə cəzalarının verilməsinə xeyli alternativlər müəyyən edir. Cəzadan azadetmə hallarının dairəsini xeyli genişləndirir. Məsələn, zərərçəkənlə barışma halları və ya zərərin əvəzinin ödənildiyi hallarda cəza çəkməkdən azad etmə və ya daha yüngül cəzalarla əvəzetmə siyasətində də xeyli yüngülləşdirmə nəzərdə tutur”.
Onun sözlərinə görə, azadlıqdan məhrumetməni əvəzləməni təmin edə biləcək alternativ vasitələrin, xüsusilə texniki elektron vasitələrin tətbiqinin nəzərdə tutulması da önəmlidir:
“Azadlığın məhdudlaşdırılması cəza növünə gəlincə, bu cəza növü əvvəl də var idi, sadəcə, tətbiq olunmurdu. Hesab edirdilər ki, icranı təmin etmək olmur. Ləğv etdilər. İndi elektron nəzarət vasitələrilə təmin etmək istəyirlər, tətbiq etsələr, normaldır. Ümumiyyətlə, bu nəzarət sistemini və elektron vasitələri qura bilsələr, onda həbs-qətimkan tədbiri kimi həbslər də azala bilər”.